Bildiyiniz kimi, şagirdlər 27 yanvar tarixindən etibarən qış tətilinə buraxılıblar. Havanın soyuq keçməsini nəzərə alsaq, uşaqlar vaxtlarının böyük hissəsini evdə keçirirlər. Bu müddətdə telefon və kompüter onların diqqətini daha çox cəlb edir ki, bu da valideynlərin narahatlığına səbəb olur.
Bəs şagirdlər tətil günlərini necə daha səmərəli keçirə bilərlər? Hansı cizgi filmlərinə baxmaları və hansı fəaliyyətlərlə məşğul olmaları daha məqsədəuyğundur?
AzEdu.az-a mövzu ilə bağlı pedaqoq Aysel Rəsulzadə danışıb.
O bildirib ki, bu günlərdə uşaqların dərs rejimindən çıxaraq istirahət rejiminə keçməsi daha məqsədəuyğundur:
“Hazırda uşaqların qış tətili dövrüdür və bu müddətdə onların evdə valideynləri ilə vaxt keçirməsi tətilin səmərəli təşkili baxımından olduqca önəmlidir. Qış tətili uşaqlar üçün təkcə istirahət deyil, eyni zamanda tədris ili boyunca sərf etdikləri enerjinin bərpası dövrü hesab olunur. Bu baxımdan valideynlərin tətil günlərini dərs rejiminə çevirməməsi vacibdir. Təcrübə göstərir ki, bəzən valideynlər tədris ilinin yükünü tətil dövrünə də daşıyırlar ki, bu da uşaqların real istirahətinin qarşısını alır. Halbuki bu günlərdə uşaqların dərs rejimindən çıxaraq istirahət rejiminə keçməsi daha məqsədəuyğundur. Çünki davamlı dərs tələbi yalnız uşağı deyil, valideynləri də yorur”.
Telefon və kompüterdən istifadəyə gəldikdə isə pedaqoq qeyd edib ki, əsas məsələ bu vasitələrin tam qadağan olunması deyil, düzgün balansın qurulmasıdır:
“Əgər valideyn özü daim telefondan istifadə edirsə, uşaqdan fərqli davranış gözləmək real deyil. Buna görə də valideynlər öz davranışları ilə nümunə olmalı, telefon və kompüterdən istifadəyə nəzarət etməli, müəyyən vaxt limiti qoymalıdırlar. Limitsiz və nəzarətsiz istifadə uşaqlarda diqqət dağınıqlığı, asılılıq və digər psixoloji narahatlıqlara səbəb ola bilər. Bu hallar isə tədris ili ərzində həm məktəbdə, həm də ailədaxili münasibətlərdə problemlər yaradır. Tövsiyə olunur ki, uşaqlar gün ərzində 1-3 saatdan artıq olmayacaq şəkildə, məhdud və nəzarətli formada telefon və kompüterdən istifadə etsinlər”.
Cizgi filmləri uşaqların maarifləndirilməsinə xidmət etməli, dostluq, əməkdaşlıq və empatiya kimi dəyərləri təşviq etməlidir:
“Kiçik yaşlı uşaqlar üçün qış tətilində əsas məşğuliyyətlərdən biri cizgi filmlərinə baxmaqdır. Bu zaman valideynlərin seçimdə diqqətli olması vacibdir. Cizgi filmləri uşaqların maarifləndirilməsinə xidmət etməli, dostluq, əməkdaşlıq, empatiya kimi dəyərləri təşviq etməlidir. Zorakılıq səhnələri olan, aqressiv məzmunlu cizgi filmlərindən uzaq durulmalıdır. Problemin səbəbindən daha çox həllinə yönələn, dialoq üzərində qurulan cizgi filmləri uşaqlara sağlam ünsiyyət bacarıqları qazandırmaq baxımından daha faydalıdır. Eyni zamanda cizgi filmlərinin musiqisi də mühüm rol oynayır. Həddindən artıq səsli və aqressiv musiqili cizgi filmləri uşağın sinir sistemini yorur və sonradan müxtəlif problemlərə səbəb ola bilər.
Evdə müxtəlif oyunların oynanılması, uşağın yaradıcılıq fəaliyyəti ilə məşğul olması, plastilinlə əl işləri görməsi, rəsm çəkməsi, musiqi ilə rəqs etməsi, sadə gimnastika hərəkətləri etməsi həm fiziki aktivliyi artırır, həm də uşağın psixoloji gərginliyini azaldır. Stolüstü oyunlar, birlikdə film izləyib müzakirə etmək, kitab oxumaq və oxunanlarla bağlı uşağa suallar vermək onun daxili dünyasını daha yaxından tanımağa imkan yaradır”.
Valideynlərlə birlikdə mətbəxdə vaxt keçirmək və sadə yeməklərin hazırlanmasında uşağın iştirak etməsi də faydalıdır:
“Bu, uşağın müstəqillik bacarıqlarının inkişafına, gələcəkdə öz işlərini görə bilməsinə kömək edir və burada cins fərqi yoxdur. Soyuq hava ilə bağlı narahatlıqlara baxmayaraq, açıq havada vaxt keçirmək uşaqların immun sisteminin möhkəmlənməsi üçün faydalıdır. Açıq hava həm fiziki, həm də psixoloji gərginliyi azaldır, əsəbilik hallarını minimuma endirir. Burada əsas diqqət ediləcək məqam uşağın hava şəraitinə uyğun geyindirilməsi, çöldən qayıdarkən isti içki verilməsi və soyuq havada qalma müddətinin bir saatı keçməməsidir.
Vacib olan uşağın tətili hansı vasitə ilə keçirməsi deyil, ailəsi ilə birlikdə, hərəkətli, ünsiyyətli və sağlam şəkildə vaxt keçirməsidir. Bu yanaşma ailə münasibətlərinin möhkəmlənməsinə, eyni zamanda uşağın tədris ilində daha uğurlu olmasına mühüm töhfə verir”.