EN

Dava zamanı tanışının barmağını sındıran şəxs amnistiyaya düşdü

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən İlqar Rəhimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Tovuz Rayon Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1 və 5.3-cü maddələri tətbiq edilməklə ona təyin edilib və 1 il 3 ay azadlığın məhdudlaşdırılması cəzasından azad olunub. İlqar Rəhimovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.


İttihama görə, İlqar Rəhimov 29 mart 2025-ci il tarixdə, saat 17 radələrində Tovuz rayonunun Aşağı Öysüzlü kəndində tanışı olan zərərçəkmiş İslam Nəbiyevə (adı, soyadı şərtidir) məxsus fərdi yaşayış evində sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı cinayət əməli törədib.


Belə ki, təqsirləndirilən şəxs mübahisə zamanı zərərçəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmaq qərarına gələrək, bu niyyətini həyata keçirmək məqsədilə ona yumruq və təpik zərbələri endirib. Daha sonra İslamın əlində olan mobil telefonu almaq üçün onun sağ əlinin V barmağını təbii bükülmə istiqamətinin əksinə qatlayıb. Hadisə nəticəsində zərərçəkmiş şəxsə sağ bazu nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər, eləcə də sağ əlin V barmağının distal falanqasının qəlpəli sınığı yetirilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, barmaq sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər kimi qiymətləndirilib.


Tovuz Rayon Məhkəməsinin hökmü ilə İlqar Rəhimova 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Birinci instansiya məhkəməsinin hökmündən zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək hökmün və hazırlıq iclasında qəbul edilmiş qərarın ləğv olunmasını, işin yenidən baxılması üçün təkrar hazırlıq mərhələsinə qaytarılmasını xahiş edib. Bu mümkün olmadığı təqdirdə isə hökmün dəyişdirilərək İlqar Rəhimov barəsində azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin olunmasını tələb edib.


Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, hadisə nəticəsində zərərçəkmiş şəxsin bədənində ağır xəsarətlər yaranmasına baxmayaraq, istintaq orqanı xəsarətlərin dərəcəsini əsassız olaraq yüngülləşdirib, həmçinin təqsirləndirilən şəxsin onu öldürmək niyyəti ilə hərəkət etməsi hallarına hüquqi qiymət verilməyib. Zərərçəkmiş şəxs bildirib ki, məhkəmə tərəfindən cinayətin sağlamlıq əleyhinə törədilməsi, əmək qabiliyyətinin itirilməsi, qırılmış barmaqlarda deformasiyanın qalması kimi hallar nəzərə alınmadan təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin edilib.


Apellyasiya məhkəməsinin iclasında iştirak edən İslam Nəbiyev şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını və təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini xahiş edib.


Təqsirləndirilən şəxs və onun müdafiəçisi isə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, eyni zamanda təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq olunmaqla cəzadan azad edilməsini xahiş ediblər.


Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı da apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini bildirib.


Kamal Məmmədov 

Tarix: 30 Yanvar 2026, 09:19   
Chosen
14
34
pravda.az

10Sources