ABŞ Prezidenti Donald Tramp İran, İngiltərə və Kuba ilə bağlı sərt açıqlamalar verib.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu fikirləri həyat yoldaşı Melania Trampın adını daşıyan “Melania” filminin Kennedi Mərkəzində keçirilən qala gecəsi zamanı jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
İranla bağlı danışan Tramp bildirib ki, ABŞ-yə məxsus güclü hərbi gəmilər bölgədədir və onların istifadəsinə ehtiyac qalmasını istəmir. O, Tehranın nüvə silahı proqramından imtina etməli və etirazçılara qarşı zorakılığı dayandırmalı olduğunu vurğulayıb.
ABŞ Prezidenti İngiltərənin Çinlə yeni əməkdaşlıq planlarını da təhlükəli adlandıraraq Londona açıq xəbərdarlıq edib.
Kuba ilə bağlı isə Tramp bu ölkəni “uğursuz dövlət” kimi xarakterizə edərək, “Kuba çox güman ki, mövcudluğunu davam etdirə bilməyəcək” ifadəsini işlədib. O, həmçinin Kubaya neft satan ölkələrdən idxal olunan mallara gömrük rüsumu tətbiq edilməsini nəzərdə tutan fərman imzalayıb.