EN

Türk xalqlarının XX əsr elmi-mədəni manifesti

Müsahibimiz görkəmli ədib və ictimai-siyasi xadim Hidayət Orucovdur

(əvvəli qəzetimizin ötən sayında)

Osmanlı dövlətinin Cümhuriyyət dövründə Türkiyə, onun xalqının isə türk adı alması dilin bütün kateqoriyalarında fərqli duruma gəlmiş iki xalqın eyni ad daşımasını qeyri-mümkün etmişdi. Buna görə də müstəqillik illərində Azərbaycan dilinin yenidən türk dili adlandırılması cəhdi ağlabatan olmadı və cəmiyyətdə dəstəklənmədi. Bir də ki Azərbaycan coğrafiyasında Azərbaycan dili adı almaq bu dilin türk dilləri ailəsində olduğunu inkar etmir.

– Bu məsələlərdə sovet diktatoru İosif Stalinin xalqımıza və türklüyə düşmən münasibəti barədə hələ də çox deyilir, yazılır...

– Stalin kimi böyük tarixi şəxsiyyətlərin səhvi də böyük olub. Bəli, bu insan dünyanın gələcəyini kommunistləşmədə görürdü və bunun uğrunda hər şeydən keçirdi. Amma o, bəşəri tərəqqini də qəbul edirdi. Heç kəs repressiya damğasını Stalinin alnından silə bilməz. Lakin biz onun kommunist libası geymiş erməni daşnaklarına düşmən olduğunu, xalqımızı onların müəyyən hiylə və xəyanətlərindən xilas etdiyini də dana bilmərik.

Söhbət Qarabağın dağlıq hissəsinin Azərbaycanda saxlanmasından, sonrakı dövrdə də ermənilərin bu barədə qaldırdıqları məsələlərə qol qoymamasından və müharibə zamanı xalqımızın Krım türkləri və çeçenlər kimi sürgün edilməməsindən gedir. Lakin sovet diktatoru 1948–1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan zorakılıqla köçürülməsinə razı olmaqla xalqımıza qarşı bağışlanılmaz cinayət etmişdi.

Stalin Bakıda inqilabi fəaliyyət göstərmişdi, xalqımızı yaxşı tanıyırdı. O, soydaşlarımızın gizli “Koba” adı daşıdığı vaxtda onun həyatını xilas etməsini heç vaxt unutmamışdı. Stalin Moskvada Azərbaycan mədəniyyəti günlərində ziyalılarımızın ana dilimizi təmiz bilməsinin zəruriliyini xüsusi qeyd etmişdi. Bu barədə tarixi şahidlik də var. Mən Stalini ideallaşdırmağın deyil, tarixi gerçəyin tərəfdarıyam.

– Türkoloji Qurultayın ideyaları ötən bir əsrdə necə yaşadılıb, nə səviyyədə gerçəkləşdirilib?

– Bu, ayrıca və geniş söhbətin mövzusudur. Bir həqiqət var: ox yaydan çıxdısa, hədəfə dəyməsə də, geri də qayıtmaz. Türkoloji Qurultayda türk xalqlarının tarixi kimliyi meydana gətirildi, ortaq hədəflər elan edildi. Nə repressiya, nə ideoloji yasaqlar bu oyanışın qarşısını ala bilmədi. Türk xalqlarının mədəni intibahı müxtəlif yollarla davam etdi. Azərbaycan xalqı da ötən bir əsrdə tarixini araşdırıb, ana dilini qoruyub zənginləşdirib, mədəni yüksəliş yolu keçib.

Bütün bunların nəticəsidir ki, “sovet xalqı” adlı hibrid rusdilli toplum yaratmaq siyasəti baş tutmadı. Keçmiş SSRİ süqut edəndən sonra bu ittifaqın türk xalqları müstəqil dövlətlər kimi ayağa qalxa bildilər. Rusiya Federasiyasındakı xalqlar da geniş muxtariyyət qazandılar. Türkiyə və Azərbaycan mərkəzdə olmaqla türk dövlətlərinin hərtərəfli birliyi sürətlə gerçəkləşir. Şübhəsiz, bütün bunlar Bakı Türkoloji Qurultayının ideyalarının yaşadılması, zamanı gələndə dirçəldilməsi, dostluq və qardaşlıq təntənəsinə çevrilməsi oldu.

– Hidayət müəllim, siz stalinizmin aradan qaldırılması, tarixdə deyildiyi kimi, “yumşaldılma” dövrünün şahidisiniz. O dövrdə ölkəmizdə, açıq şəkildə olmasa da, Türkoloji Qurultayın qərar və ideyaları dil məsələlərinin öyrənilməsi və sovet türkologiyası çərçivəsində dirçəldilmişdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi isə yenidən Bakını SSRİ daxilində türkoloji mərkəzə çevirirdi.

– Haqlısınız. Mən ötən əsrin 60-cı illərində BDU-nun filologiya fakültəsində oxuyanda artıq bu ali məktəbdə türkologiya kafedrası yaradılmışdı, bu fənn tədris edilirdi. Ulu öndərin himayədarlığı ilə “Sovet türkologiyası” jurnalının redaksiyası Bakıda təşkil edildi. Azərbaycan rəhbəri Heydər Əliyevin 4 cildlik “Müasir Azərbaycan dili” dərsliyini respublika dövlət mükafatına layiq görməsi dilçilik və türkologiya sahəsində araşdırmalara geniş meydan açdı.

1978-ci ildə Azərbaycan SSR-in yeni konstitusiyasında Azərbaycan dilinin dövlət dili elan edilməsi isə keçmiş İttifaqda milli təəssübkeşliyin ən ciddi faktı kimi tarixə yazıldı. Bütün bunlar Türkoloji Qurultayın ruhunun dirçəldilməsi ideyalarına meydan açılması idi. Lakin dünyanın yeganə türk dövləti olan Türkiyə düşmən cəbhə sayılır, mədəni əlaqələr qısqanclıqla məhdudlaşdırılırdı.

– Bəs necə olmuşdu ki, siz belə bir şəraitdə Türkiyədə keçirilən irimiqyaslı Uşaq Ədəbiyyatı bayramında və sərgisində iştirak etmişdiniz?

– Bunun qəribə və maraqlı bir tarixçəsi var. Bu barədə mən tarixi önəmi olduğuna görə ötən illərdə mətbuatda da yazmışam. 1986-cı ilin mart ayı idi. Ümummilli lider Heydər Əliyev hələ Kreml rəhbərliyində idi. Mixail Qorbaçov isə yenidənqurma – yəni sovet dövlətinin siyasətinin yenidən yumşaldılması prosesinə yenicə start vermişdi. Mən 2 il idi ki, İrəvandan Bakıya köçüb Azərbaycanda uşaq və gənclər üçün ədəbiyyat buraxan “Gənclik” nəşriyyatının baş redaktoru işləyirdim.

Bir gün Azərbaycan SSR Dövlət Mətbuat Komitəsinin sədri Nazim İbrahimov mənə bildirdi ki, Ankaraya getməyə hazırlaşın. Türkiyədə böyük təntənə ilə qeyd edilən, xaricdən də çoxlu qonağın iştirak etdiyi 24 Aprel – Uşaq Ədəbiyyatı bayramında tərkibində olduğumuz Sovet İttifaqını təmsil edəcəksiniz.

Tamamilə gözlənilməz, həm də çox şad xəbər idi. O vaxtlar mövcud keçmiş SSRİ-nin “qadağalar rejimi”nin iki qardaş millətə çox “həssas münasibəti sayəsində” Azərbaycan ziyalıları Türkiyəyə rəsmi tədbirlərə, demək olar, ya dəvət almırdılar, ya da göndərilən dəvətlər Moskvada gizlədilirdi. Qardaş Türkiyə, demək olar ki, kütləvi surətdə azərbaycanlıların üzünə bağlı idi. Səfər üçün lazım olan sənədləri (anket, iş yerindən xasiyyətnamə, tərcümeyi-hal və s.) hazırlayıb təqdim etdim və bundan heyrətləndirici bir məlumat məni çox düşündürdü: daha dərindən “rentgendən” (o vaxtlar KQB yoxlamalarını el içində belə adlandırırdılar) keçirilmək, daha dəqiq rəy almaq üçün sənədlərimi uzun illər çalışdığım və 2 il əvvəl köçüb Bakıya gəldiyim İrəvana göndərdilər.

Məni anadan olduğum gündən başlamış 38 il İrəvanda o ki var yoxlamışdılar. SSRİ-nin, Azərbaycanın, Ermənistanın yüksək mükafatlarını almışdım. Neçə dəfə xaricdə olmuşdum, hər dəfə də təkrar-təkrar yoxlanmışdım. Soruşdum ki, bəs indi nəyimi və nə üçün İrəvanda yoxlayırdılar? Dedilər ki, qayda belədir. Dedim ki, artıq 2 ildir mən Bakıda yaşayıram, məsul vəzifədə işləyirəm. Bu müddət bəs etmirmi ki, sadə tərcümeyi-halı olan yaradıcı bir insanı elə Bakıda, öz respublikasında “rentgendən” keçirsinlər?”.

Cavab yenə qısa və kəskin oldu: “Yox, kifayət deyil, qayda belədir”. Bu dəfə bildirdim ki, “İrəvandan neçə dəfə xarici ölkəyə getmişəm. Bakıya köçəndən 2 ay öncə isə Ermənistan Mədəniyyət Nazirliyinin xüsusi turist qrupunun rəhbəri kimi Çexoslovakiyada olmuşam. Belə qrup rəhbərini Mərkəzi Komitənin katibliyi təsdiq edir. Axı məni İrəvanda nə qədər lazımdır, yoxlayıblar. Son cavab belə oldu ki, yenidən yoxlanılmalısınız, İrəvandan 1 aya gələsi rəsmi cavabı gözləməlisiniz.

Bu mənasız və bezdirici yoxlama məsələsi səfərə həvəsimi tamam soyutdu. Kim bilir, İrəvanın cavabı nə olacaqdı? 2-3 həftə sonra isə bu səfəri tamam unutdum. Amma görünür, məsələ çox ciddi imiş. Türkiyədə bayrama 3-4 gün qalmış Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi xarici əlaqələr şöbəsinin məsul işçisi Surxay Həsənov mənə zəng edərək bildirdi: – Büro (Mərkəzi Komitənin Bürosunu nəzərdə tuturdu – H.) bu gün Sizin Ankaraya getməyinizə razılıq verdi. Sabah Moskvaya uçmalısınız. Bilet alın, əgər çətindirsə, Mərkəzi Komitənin bronundan ayıra bilərik.

Məlum oldu ki, 3 gündən sonra Moskvadan Ankaraya uçmalıyam. Sonra SSRİ Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti Komitəsindən Tatyana adlı qadın zəng çalıb dedi ki, “Zvyozdnaya” mehmanxanasında qalacaqsınız. Zarafatla bildirdi ki, bu yeri elə-belə seçməmişik, yazıçı gərək ulduzlara yaxın olsun. Əmin olmaq üçün Tatyanadan da soruşdum ki, bəs Ankaraya uçuş nə vaxtdır? O da təsdiqlədi ki, 3 gün sonra. Səfərin baş tutacağına inanmadığım üçün hazırlıq görməmişdim. Yaxşı oldu ki, Moskvada buna vaxt olacaqdı.

Ertəsi gün “Zvyozdnaya”ya çatan kimi birinci mərtəbədə, qeydiyyat bölməsində mənə dedilər: “Dövlətnəşrkomdan zəng çalmışdılar, xahiş etdilər ki, gələn kimi onlara telefon edəsiniz”. Nömrəyə qalxıb həmin Tatyanaya zəng çalanda o dedi ki, tez komitəyə gəlin, Ankaraya uçuş sabahdır. Tez taksi çağırıb Dövlətnəşrkoma getdim.

Dövlət Komitəsindəki söhbətlər, sorğular xeyli vaxt apardı. Bütün kabinetlərdən keçəndən sonra günün axırında məni komitə sədri Boris Nikolayeviç Pastuxovun yanına apardılar. O, ixtisasca mühəndis-texnik olsa da, müxtəlif siyasi-ideoloji sahələrdə məsul vəzifələrdə “bişmiş” partiya-hökumət funksioneri idi. Sədr təyin edilənədək SSRİ-nin gənclər təşkilatına rəhbərlik etmişdi. Belə yüksək postlar tutduğu üçün SSRİ Ali Sovetinin deputatı, Sov.İKP Mərkəzi Komitənin üzvü idi. 6 il idi bizim Komitənin sədri təyin edilmişdi və bu özünəməxsus sahənin problemləri ilə az-çox tanış ola bilmişdi.

Söhbətimiz gözlədiyimdən xeyli çox – 35 dəqiqə çəkdi. Əvvəlcə Bakı haqqında, kitab mədəniyyətimiz barədə maraqlandı, “Gənclik” nəşriyyatının fəaliyyəti ilə bağlı suallar verdi. Son vaxtlarda Azərbaycanda kitab işindən razı olduğunu dedi və uşaqlar, yeniyetmələr üçün ədəbiyyat çapında müsbət dəyişiklikləri də unutmadı, hətta məni bir az təriflədi də.

Hərdən stolun üstündəki kağıza baxırdı. Görünür, barəmdə ona arayış təqdim etmişdilər. Sonra gəldi mətləb üstə: amiranə, eyni zamanda, çox ehtiyatla danışırdı. Sözünün canı bu idi: səfər boyunca diqqətli olum, oradakı ab-havanı, bizə münasibəti dərindən öyrənim. Guya, elə-belə, təbəssümlə, sözgəlişi dedi ki, əgər arzu etsəniz, səfərdən qayıdanda da görüşə bilərik.

SSRİ boyda imperiyanın naziri ilə görüşməyi kim arzulamazdı ki?! Amma nə üçün özü dəvət edir? İlk dəfə idi ki, SSRİ nazirinin qəbulunda olurdum. Kabinetə daxil olanacan həyəcanlı idim. Suallar çox oldu, çalışdım ki, özümü soyuqqanlı aparım və səmimi cavab verim. Komitə sədrinin çöhrəsində narazılıq əlaməti yox idi. Böyük kabinetinin qapısınacan gəlib (qarşılayanda isə otağının yarısınacan gəlmişdi) məni yola saldı. Sonra məni xüsusi şöbəyə aparıb xüsusi də inzibatçılıqla 2 səhifəlik xəbərdarlıq və xaricdə davranış mətni ilə tanış etdilər. Verilən xarici pasportu isə qayıdan kimi təhvil verməli idim. Sovet rejimi vətəndaşının xarici pasportunu, xüsusən də xidməti pasportunu qoymurdu ki, özündə qalsın.

Hazırlıq işlərini başa çatdırıb “Zvyozdnaya”ya qayıtdım. Uçuş sübh tezdən idi. “Şeremetyovo” hava limanında nəhəng SSRİ uçağına (“TU-154”) əyləşəndə heyrət məni götürdü: o boyda salonda cəmi 4-5 nəfər sərnişin var idi. Marşrut isə “Moskva–Ankara–İstanbul” idi. O nəhəng hava gəmisi Ankarada yerə enəndə təyyarədən yalnız mən düşdüm, yerdə qalan 3-4 sərnişin İstanbula uçurdu. Və trapın pillələriylə enə-enə qəribə bir fikir keçdi başımdan: “Allah, sənə min şükür, bir dəfə də məndən ötrü bu boyda uçaq yerə endi”. Sonralar xidməti işlərlə bağlı xüsusi reyslərlə çox uçmuşam müxtəlif ölkələrə, şəhərlərə, bəlkə elələri var – unutmuşam, ancaq 40 il bundan öncə baş tutan o qəribə, maraqlı uçuş, bütövlüklə, yaddaşıma həkk olunub və ömrüm boyu unudulan deyil.

– Bu düz 60 il əvvəl Türk dünyasına “atalıq qayğısı” göstərmiş sovet dövlətinin türk dövlətçiliyini yaşadan yeganə ölkəyə münasibətinin, onunla əlaqələrinin rəmzi göstəricisi deyildimi? Nəhəng bir dövlətdən digər bir böyük ölkəyə 3-4 gündə bir dəfə uçan təyyarədə 4-5 xüsusi məqsədli sərnişinin getməsi nə demək idi?

– Elə mən də bu səfərdən belə geniş söhbət açıram ki, I Türkoloji Qurultaydan keçən 60 il müddətində SSRİ-də türklüyə, Türkiyəyə olan münasibət aydın görünsün. O dövrdə sovet imperiyasında yaşayan xalqları Türkiyədən pambığı oddan qoruyan kimi aralıda saxlayırdılar.

– Bəs necə olmuşdu ki, Türkiyəni dünyada təbliğ edən bir bayrama SSRİ-dən dəvət edilən yeganə şəxsi Azərbaycandan seçmişdilər?

– Az sonra mənə məlum oldu ki, o zaman Moskvada sovet dövlətinin ali rəhbərlərindən biri sayılan ümummilli lider Heydər Əliyevin tabeliyində çalışan Pastuxov onun xatirinə, həm də onun rəğbətini qazanmaq üçün həmin 1 nəfəri Azərbaycandan çeçib. Onun gedəndə də, geri qayıdanda da məni xüsusi hörmətlə qəbul etməyi türk ədəbiyyatı nəşri ilə xüsusi maraqlanması da, sən demə, Heydər Əliyevin türk olması, sovet dövlətinin baş naşirinin Ulu öndərə xüsusi münasibətindən qaynaqlanırmış.

Həm də 1 il idi ki, Mixail Qorbaçov yenidənqurması başlamışdı, müəyyən yumşalmalar hiss olunurdu. Pastuxov da yeni atmosferdə bir azərbaycanlı naşirin qohum xalq olan Türkiyəyə getməsini o qədər də təhlükəli hesab etməmişdi. O, məsuliyyəti öz üzərinə götürərək məni şəxsən qəbul etmişdi və geri qayıdanda da səfərin nəticəsini öyrənməyi nəzərdə tutmuşdu. O ki qaldı mənə, Türkiyədəki Uşaq bayramında iştirak etməyə mənim tutduğum vəzifə və fəaliyyətim imkan verirdi. Mən ölkəmizdə uşaq ədəbiyyatı buraxan nəşriyyatın baş redaktoru idim, şair-dramaturq, yaradıcı ziyalı olaraq da mənim seçilməyim təəccüblü deyildi. O zaman mən Dövlətnəşrkomda təşəbbüskar baş redaktor kimi də tanınırdım.

– Türkiyəyə səfər, Uşaq bayramı və kitab sərgisi təntənəsi necə keçdi?

– Ankara hava limanında məni SSRİ-nin Türkiyə Respublikasındakı səfirliyinin müşavir-elçisi Vladimir Solouxin qarşıladı. Diplomatiya protokolunda müşavir – Elçinin nəşriyyatın baş redaktorunu qarşılaması çox yüksək şərəf idi. Onun idarə etdiyi “Fort” avtomobilinə əyləşib şəhərə tərəf gəldikcə ətrafda nə varsa – heyranlıqla baxmaqdan doymurdum. Hər şey mənə cazibədar, yeni və əziz idi.

Mənim üçün sərgiyə yaxın və rahat “Evquran” adlı mehmanxana seçilmişdi. Beynəlxalq Uşaq Ədəbiyyatı sərgisi 1924-cü ildən böyük Mustafa Kamal Atatürkün təşəbbüsü ilə əsası qoyulan, ölkədə geniş miqyasda dövlət səviyyəsində hər ilin 24 aprelində qeyd edilən Cocuq bayramının tərkib hissəsi idi. SSRİ ilk dəfə idi bu tədbirə dəvət almışdı.

Yeniyetməlik çağlarımdan arzuladığım səfər ilk dəfə yüksək səviyyədə baş tutmuşdu. Bu o dövr üçün yuxuya bənzər bir möcüzə idi. Birdən-birə illər boyu dəmir hasarlar arxasında qalan, düşmən sayılan bir ölkəyə düşərək doğmalıq, sevgi görmək, türklüyün nə olduğuna bütün genişliyi ilə, öz gözlərinlə şahid olmaq dünyaya yenidən gəlmək kimi qeyri-adi bir hal idi.

Atatürk meydanında keçirilən genişmiqyaslı beynəlxalq sərgi yüksək səviyyədə təşkil edilmişdi. Sərgidə dünyanın əksər inkişaf etmiş ölkələrinin nümayəndələri iştirak edirdilər. Mən Türkiyə, ABŞ, İngiltərə, Fransa, Almaniya Federativ Respublikası və digər güclü kapitalist ölkələrinin sərgi guşələrini diqqətlə izləyir, onların ədəbiyyatına, kitab nəşri mədəniyyətinə hədsiz maraq göstərirdim.

Türk qardaşlarımızın və qonaqların marağı isə daha çox sərginin SSRİ bölməsinə yönəlmişdi. Bölmənin önü həmişə dolu olurdu, Ankara universitetlərində rus dilini öyrənən tələbələrin əlindən tərpənmək olmurdu. Onlar məndən kitab istəyirdilər, mən isə deyirdim ki, sərgi bağlananda verəcəyəm. Onlar da bunu səbirsizliklə gözləyirdilər.

SSRİ-nin Türkiyədəki səfiri Vladimir Lavrov sərginin açılışına gələndə uşaqlar səfiri rus dilində incikliklə suala tutdular ki, niyə onlarla görüşüb söhbət etmir? Səfir isə dedi ki, indi onun buna ixtiyarı yoxdur, gərək iki ölkə arasında müvafiq razılaşma ola. Tələbələr Yevgeni Yevtuşenkonun onlarla 2 saatlıq görüş keçirdiyini deyəndə səfir bildirdi ki, o, şairdir, müstəqil insandır, səfir isə dövləti təmsil edir və xaricdə onun qayda-qanunlarına əməl etməlidir.

– Bu fakt o zaman SSRİ – Türkiyə münasibətlərinin hələ də sərt olduğunu göstərmirdimi?

– Əlbəttə, Türkiyənin kapitalist ölkəsi, NATO-ya üzv olması, SSRİ-nin təsirini qəbul etməməsi onu arzuedilməz dövlət etmişdi. Mədəni təmaslar isə tamamilə zərərli sayılırdı. Sərgidən gedəndə də səfir özümü yaxşı aparmağım üçün bildirdi ki, biz görüşəcəyik – yəni ehtiyatlı ol. SSRİ-nin bölməsi Moskvada hazırlanaraq Ankaraya göndərilmiş və mən gələnədək qurulmuşdu.

İlk baxışdan sərgidə o vaxtlar “sovet xalqları ədəbiyyatı”ndan, SSRİ-nin türk xanədanlıqlarından və eləcə də Azərbaycandan bəhs edən bircə nüsxə də olsun kitab olmadığını yəqin etdim. Mən “Gənclik” və digər nəşriyyatlarımızın bəzi suvenir, nəfis nəşrlərini özümlə götürmüşdüm, onları razılaşdırıb sərgiyə əlavə etdim. Bu kitabları türk qardaş-bacılarımız böyük maraqla qarşıladılar.

İradlar, gözlənilməz ittihamlar da oldu və təbii ki, nəzarət altında olduğumdan bunlar məni narahat edirdi. Ucaboylu, ziyalı görkəmli, orta yaşlarında bir kişi Azərbaycan dilində olan kitabları nəzərdən keçirəndən sonra çox əsəbiliklə soruşdu:

– Əlifbanı niyə dəyişdilər?

Cavabında aramızda belə bir dialoq yarandı:

– Birinci dəfə deyildi ki, dəyişirdik. Öz əlifbamızı itirəndə belə olur.

– Dəyişdilər ki, bizi birdəfəlik ayırsınlar?

– Xeyr, yalnız bizim əlifbamız dəyişmədi, Sovetlər Birliyindəki bütün xalqlar... ikicə xalqdan başqa.

Kişi sərt sualını yenə təkrarlayanda sakitcə dedim:

– Bizi əlifbalarla ayırmaq olmaz. Ortaq dilimiz, mədəniyyətimiz, tariximiz, mənəviyyatımız, psixologiyamız var...

Mənim hissə qapılıb həmin kişiyə doğmalıq göstərməyim türkcə başa düşən səfirlik əməkdaşlarının nəzərindən qaçmadı. Kişinin isə narazılığı tam keçmədi və küskün halda, xudahafizləşmədən uzaqlaşdı. Daxilimdə isə düşündüm ki, tarixi ədalətsizliyə –əlifba ayrılığına son qoymağın zamana ehtiyacı var.

Səfər çox maraqlı keçsə də, mən bayramın çevrəsindən kənara çıxa bilmədim. Türkiyəni görmək, gəzmək arzum sonrakı dövrə qaldı. Həsrət və nisgilimi isə “Türkiyə, mən sənin nəyini gördüm” adlı təsirli bir şeirlə söndürməyə çalışdım.

İllər keçdi. Türkiyənin Prezidenti Süleyman Dəmirəl Çankayada müstəqil Azərbaycanın Prezidenti Heydər Əliyevin şərəfinə verdiyi ziyafətdə Kamran bəy adlı həmin türk ziyalısı ilə bir təsadüf nəticəsində görüşdük, tarixin üzümüzə açdığı böyük qapını şükranlıqa yad etdik. O ki qaldı mənim Türkiyəyə ilk səfərimə, Moskvaya qayıdandan sonra Pastuxov məni yenidən qəbul etdi, hesabatvari məlumatını diqqətlə dinlədi. Gətirdiyim kitabları maraqla qarşıladı. Az sonra məni Moskvaya komitənin kollegiya iclasına çağırdılar. Məsələlərdən biri də SSRİ-də türk ədəbiyyatının nəşri oldu. Bu barədə mənim təkliflərim də dinlənildi.

Bakıya qayıdandan sonra türk ədəbi örnəklərindən ibarət “Gözəllik suyu” adlı ilk türk antologiyası” buraxdıq. Türk qardaşlar sonralar mənə dedilər ki, bu onlara məlum olan ilk belə nəşr olub. Türkiyədə də antologiyalar nəşr etməyə başlayıblar. Moskvada ittifaq komitəsinin qərarından sonra SSRİ-də və xüsusən Azərbaycanda türk ədəbiyyatı barədə kitab nəşrinə meydan açıldı.

– Sovet rejiminin süqutundan sonra Türkiyəyə geniş qapılar açılanda siz müstəqil Azərbaycanın milli məsələlər üzrə dövlət müşaviri kimi qardaş ölkədə çox səfərlərdə oldunuz, həsrətinizə son qoydunuz və bu dəfə yazdınız: “Türkiyə, mən sənin nəyini sevdim?”.

– Ulu öndər Heydər Əliyevin özü ilə və xüsusi tapşırıqları ilə Türkiyədə çox səfərlərdə oldum, qardaş ölkəni və onun xalqını ürəkdən sevdim, dostluğumuzun möhkəmlənməsinə mən də öz töhfələrimi verdim. 1994-cü ildən başlayaraq Türkiyədə keçirilən “Türk dövlət və topluluqlarının dostluq, qardaşlıq və işbirliyi qurultayları”nda 5 dəfə ölkəmiz adından çıxış etmək şərəfi mənə nəsib olub.

Zaman xalqlarımızı Türkoloji Qurultayın ideyalarının təntənəsi yolu ilə böyük gələcəyə aparır. Azərbaycan Prezidenti İlham Əliyev bir çox təşəbbüsləri ilə Türk Dövlətləri Təşkilatının səmərəli fəaliyyətinə önəmli dəstək verir. Azərbaycan formalaşmaqda olan ümumtürk birliyinin mərkəzi ölkəsi rolunu uğurla gerçəkləşdirir. Prezident İlham Əliyevin I Türkoloji Qurultayının 100 illik yubileyi barədə sərəncamı isə

1 əsrlik ümumtürk elmi-mədəni manifestinin çağdaş ruhunu təcəssüm etdirir.

– Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Müsahibəni hazırladı:
Tahir AYDINOĞLU
XQ

Chosen
35
4
xalqqazeti.az

10Sources