EN

Tramp FED-in yeni sədrini cümə günü açıqlayacağını bildirib

Qərar ABŞ-nin ən vacib iqtisadi siyasət seçimlərindən biri hesab olunur...

Poliqon Politico nəşrinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminə (FED) yeni sədr seçimi ilə bağlı qərarını cümə günü səhər elan edəcəyini bildirib. Bu açıqlama son aylarda ölkənin pul-kredit siyasətində əsas istiqamətlərdən birini müəyyən edəcək qərarla bağlı davam edən spekulyasiyalara son qoya bilər.

Tramp bu fikirləri həyat yoldaşı Melaniya Tramp haqqında çəkilən sənədli filmin premyerasında səsləndirib. Prezidentin çıxışı FED-in faiz dərəcələrini dəyişməmək qərarı verdiyi iclasdan bir gün sonraya təsadüf edib. Mərkəzi Bank bu qərarı üç ardıcıl faiz endirimindən sonra qəbul edib.

Məlumata görə, Trampın “qısa siyahısı”nda yer alan FED İdarə Heyətinin üzvü Kristofer Uoller faizlərin sabit saxlanılmasına qarşı çıxan iki səs sahibindən biri olub. Digər müxalif səs verən şəxs barədə məlumat paylaşılmayıb.

Trampın FED-in yeni sədri postu üçün müsahibə apardığı digər namizədlər arasında keçmiş FED idarə heyəti üzvü Kevin Uorş, “BlackRock” şirkətinin rəhbər heyətində çalışan Rik Rider və Ağ Evin iqtisadi müşaviri Kevin Hassetin adı çəkilir. Bununla yanaşı, Trampın Hassetin hazırkı vəzifəsində qalmasını daha məqsədəuyğun hesab etdiyi də bildirilir.

Qeyd olunur ki, jurnalist Reyçel Beydin hazırladığı “The Inner Circle” adlı bülletenində Kevin Uorşun bu posta ən real namizəd olduğu vurğulanıb.

Eyni zamanda Tramp cümə axşamı “Truth Social” sosial şəbəkəsində paylaşım edərək, hazırkı FED sədri Cerom Pauelli yenidən sərt tənqid edib. Pauellin səlahiyyət müddəti may ayında başa çatır.

“Cerom ‘Həmişə gecikən’ Pauell yenə də faiz dərəcələrini azaltmaqdan imtina etdi, halbuki onları bu qədər yüksək saxlamaq üçün heç bir əsas yoxdur. O, ölkəmizə və onun milli təhlükəsizliyinə zərər vurur”, — Tramp paylaşımında qeyd edib.

ABŞ Prezidenti həmçinin bildirib ki, ABŞ iqtisadiyyatının gücünü nəzərə alaraq ölkə “dünyadakı istənilən ölkədən ən aşağı faiz dərəcəsi” ilə borclanmalıdır. Bununla belə, iqtisadçılar vurğulayırlar ki, digər ölkələrlə müqayisədə daha yüksək faiz dərəcələri bəzən iqtisadiyyatın daha sağlam və dayanıqlı olmasının göstəricisi kimi də qiymətləndirilə bilər.

Poliqon.info

Chosen
84
23
poliqon.info

10Sources