EN

Zelenski Putinlə Moskvada görüşməyəcək: "Cəsarəti çatırsa, Kiyevə gəlsin"

BAKI, 30 yanvar. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya dövlət başçısı Vladimir Putinlə Moskvada görüş keçirilməsi ehtimalını qəti şəkildə rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə "RBC-Ukraine" məlumat yayıb.

Dövlət başçısı Kremldə görüşməkdənsə, həmkarını açıq şəkildə Ukraynaya dəvət edib.

"Moskvada Putinlə görüşməyim, əlbəttə ki, istisna olunur. Bu, elə Putinlə Kiyevdə görüşmək kimi bir şeydir (ehtimal baxımından - red.). Mən də onu eyni qaydada Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Onu açıq şəkildə dəvət edirəm, əgər, əlbəttə, cəsarəti çatarsa", - deyə V.Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Prezident vurğulayıb ki, rəsmi Kiyev müharibənin faktiki sona çatması ilə bağlı konstruktiv razılaşmanın əldə olunmasında maraqlıdır. Zelenski Ukraynanın müharibəni bitirmək məsələsinə ciddi yanaşdığını və bu səbəbdən ölkə liderləri səviyyəsində istənilən real görüş formatının məqbul olduğunu qeyd edib. Lakin o, görüş yeri kimi təcavüzkar ölkələrin ərazilərini istisna edib.

"Lakin istər Moskvada, istərsə də Belarusda görüşmək, sadəcə olaraq, qeyri-mümkündür. Bunun səbəbi tamamilə aydındır: söhbət o dövlətlərdən gedir ki, onlardan biri bizə qarşı müharibəyə başlayan, davam etdirən və bizi qətlə yetirən təcavüzkardır, digəri isə bu əməllərdə onun şəriki və tərəfdaşıdır", - deyə Ukrayna lideri əlavə edib.

Xatırladaq ki, daha əvvəl Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra Birləşmiş Ştatlar yaxın gələcəkdə V.Zelenski ilə V.Putin arasında görüşün keçirilməsi ehtimalını istisna etməmişdi.

Chosen
10
50
teleqraf.com

10Sources