EN

Qorunan əmanətlər üzrə faiz həddi 12 faiz səviyyəsində saxlanılıb  

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsi ilə nəzərdə tutulan prosesin səmərəliliyinin artırılması məqsədilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinə dair metodologiya təsdiq edilib.

ƏSF-dən AZƏRTAC-a bildirilib ki, metodologiyanın məqsədi qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin bazarda formalaşan depozit faizləri üzrə real dinamika ilə uzlaşdırılmasını, eləcə də bu həddin şəffaf və ölçülə bilən meyarlar əsasında müəyyən olunmasını təmin etməkdən ibarətdir.

Metodologiyaya müvafiq olaraq aparılmış hesablamalara əsasən, 2025-ci ilin son altı ayı ərzində banklar tərəfindən fiziki şəxslərdən milli valyutada cəlb olunmuş uzunmüddətli əmanətlər (müddəti 9 aydan çox olan əmanətlər) üzrə orta bazar faiz dərəcəsi azalma dinamikası nümayiş etdirməklə 10 faiz təşkil edib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 2026-cı il 28 yanvar tarixli iclasında, sözügedən metodologiyadan irəli gələrək üzərinə 2 faiz bəndi əlavə edilməklə, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin dəyişdirilməyərək 12 faiz səviyyəsində saxlanılmasına dair qərar qəbul edilib.

Qeyd edək ki, adı çəkilən metodologiya əsasında qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinə dair növbəti qərarların ildə iki dəfə olmaqla qəbul edilməsi, həmin qərarların fondun rəsmi internet səhifəsində açıqlanması və bank əmanətçilərinin müvafiq qaydada məlumatlandırılması təmin ediləcəkdir. Məsələ ilə bağlı növbəti qərarın 2026-cı ilin iyul ayında qəbul edilməsi nəzərdə tutulub.

Sığortalanmış əmanət, o cümlədən ƏSF-yə üzv olan banklarda milli və xarici valyutada olan qorunan əmanətlər üzrə hazırda qüvvədə olan illik faiz dərəcəsinin yuxarı hədləri barədə məlumat növbəti keçid vasitəsilə əldə oluna bilər: https://adif.gov.az/az/insured-deposit.

Chosen
36
25
azerbaijan-news.az

10Sources