EN

Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir - ÖZƏL

Suraxanı rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının və Yasamal rayon İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. "Olaylar" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında baş tutan tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Akademiyanın rəisi, general-mayor Baba Salayev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar Sevinc Fətəliyeva, Qaya Məmmədov, RİHB-nin müavinləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon gəncləri iştirak ediblər. 
Tədbir öncəsi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb. Sonra nailiyyətli gənclərin müxtəlif sahələr üzrə hazırladıqları sərgiyə baxış keçirilib.
Akademiyanın akt zalında davam edən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək müstəqil Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Gənclərin cəmiyyətin ən fəal və dinamik təbəqəsi olduğunu diqqətə çatdıran RİH başçısı bildirib ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verən dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir. O, bildirib ki, Azərbaycan gəncləri bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, beynəlxalq arenada dövlətimizi layiqincə təmsil edirlər. Adil Əliyev gənclərin təhsil, idman, mədəniyyət və innovasiya sahələrində əldə etdikləri uğurlardan danışaraq, onların potensialına daim dəstək göstərildiyini də qeyd edib. RİH başçısı vurğulayıb ki, hər zaman Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət göstərməsi hər bir gənci ruhlandırır.
Həmçinin, bütün gənclərə möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayev və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxışlarında bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü gənclərin yetişməsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, gənclərin bilikli, vətənpərvər və təşəbbüskar ruhda yetişməsi ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Rayonun fəal gənci Elay Kərimli də çıxış edərək Prezident cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısından bəhs edib, gənclərin ölkə başçımızın ətrafında sıx birləşdiklərini, ölkədə həyata keçirilən daxili və xarici siyasəti birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb.
Tədbirdə bir qrup gənc 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rayonun ictimai həyatında fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə Rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
93
22
olaylar.az

10Sources