EN

Azərbaycanda turizm xərclərinin strukturu dəyişib - ARAŞDIRMA

Ötən il turizm məqsədilə Azərbaycana səfər etmiş 1 milyon 804,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 3 milyard 258 milyon 77 min manat xərcləyib.

"Report"un əldə etdiyi məlumata görə, turistlərin xərcləri 2024-cü illə müqayisədə 4,2 % azalıb.

Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malikdir. Belə ki, turistlər ötən il nəqliyyat xidmətlərinə 1 milyard 496 milyon 433 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 2,8 % azalma deməkdir.

Yerləşmə xidmətlərinə çəkilən xərclər 8,1 % azalaraq 646 milyon 745 min manat təşkil edib.

Turistlər qidalanmaya 611 milyon 64 min manat xərcləyiblər ki, bu da bir il əvvələ nisbətən 3,7 % azdır.

Bununla yanaşı, mədəniyyət sahəsində çəkilən xərclər 35,2 % artaraq 20 milyon 679 min manat təşkil edib.

Turizm zərfinin alınmasına isə 1 milyon 498 min manat xərclənib. İl ərzində bu göstərici 2,3 % artıb.

O cümlədən, nəqliyyat vasitələrinin icarəsinə 4 milyon 37 min manat (−9,4 %), idman və əyləncə xidmətlərinə 25 milyon 715 min manat (+53,3 %), malların və hədiyyələrin alınmasına 336,06 milyon manat (−7 %), digər istiqamətlərə isə 115 milyon 843 min manat (−7 %) xərclənib.

Ölkələr üzrə bölgüyə gəlincə, ən çox xərci Rusiyadan gələn turistlər edib. Onların xərcləri il ərzində 17,5 % azalaraq 860 milyon 669 min manat təşkil edib.

Türkiyədən gələn turistlərin xərcləri 351 milyon 701 min manat olub ki, bu da illik müqayisədə 33 % artım deməkdir. Hindistandan səfər edənlərin xərcləri isə 36,2 % azalaraq 331 milyon 738 min manata enib.

2025-ci ildə Azərbaycana ümumilikdə 189 ölkədən 2 milyon 570,2 min və yaxud 2024-cü illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 23,9 %-i Rusiya, 17,7 %-i Türkiyə, 8,1 %-i İran, 6,5 %-i Hindistan, 4,3 %-i Gürcüstan, 4,1 %-i Səudiyyə Ərəbistanı, 4 %-i Qazaxıstan, 3,5 %-i Pakistan, 2,7 %-i İsrail, 2,5 %-i Çin, 2,4 %-i Özbəkistan, 1,7 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər biri 1 % olmaqla Belarus, Böyük Britaniya və Küveyt, 12,9 %-i digər ölkələrin vətəndaşları olub, 67 %-ini kişilər, 33 %-ini qadınlar təşkil edib.

Chosen
28
24
far.az

10Sources