Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin İranla bağlı məsələlərin həlli üçün güc tətbiqinə qarşı olduğunu bildirib.
Moderator.az TASS-a istinadən xəbər verir ki, o bunu İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçı ilə birgə keçirilən mətbuat konfransında qeyd edib.
Türkiyəli nazir Vaşinqton və Tehranı danışıqlar masasına oturmağa çağırıb.
"Danışıqlar həmçinin İrana qarşı sanksiyaların ləğvi və onun qlobal iqtisadi sistemə inteqrasiyası üçün yol açacaq. Bu addımlar bütün tərəflər üçün əhəmiyyətli faydalar gətirəcək. Bu mərhələdə münasibətlər yeni bir razılaşma əsasında normallaşmalıdır. Biz bütün həmsöhbətlərimizə dəfələrlə İrana hərbi müdaxilənin əleyhinə olduğumuzu bildirmişik. Problemlərin həlli üçün hərbi variantlardan istifadənin əleyhinə olduğumuzu bir daha təkrarlayırıq və bunun çox fayda verəcəyinə inanmırıq. Biz danışıqları və diplomatiyanı dəstəkləyirik", - deyə H.Fidan bildirib.