EN

Şovinist ədəbiyyat dövrü bitdi: Dünya artıq bunu qəbul etmir

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yazıçı Şərif Ağayar qələm adamının əsas missiyasının həqiqəti yazmaq olduğunu bildirib.

"Report" xəbər verir ki, Report Media Məktəbində keçirilən görüşdə Ş.Ağayar müasir dövrdə bədii ədəbiyyatın rolu, yazıçının məsuliyyəti ilə bağlı fikirlərini bölüşüb:

"Şovinist siyasətin müasir ədəbiyyatda yeri yoxdur. Bu gün dünya belə yaradıcılığı qəbul etmir. Yazıçı gerçəyi yazmaqdan qaça bilməz, amma bəzi situasiyalar real həyatda yaşanmasa belə, əsərdə oxucuya təqdim edilə bilər".

Ş.Ağayarın fikrincə, yazıçının əsas missiyası prosesləri bədii və düşüncə müstəvisində dəyərləndirməkdir: "Milli ədəbiyyata sahib çıxmaq toplumun mənəvi inkişafı baxımından vacibdir. Cəmiyyətdə yerli ədəbiyyata marağın azalması ciddi problemdir".

Yazıçı ədəbiyyatda estetikanın əhəmiyyətindən də danışıb.

"Estetika vacib şərtdir. Sən gözəl yazmalısan. Nə yazırsan yaz, o, gözəl olmalıdır. Bədii ədəbiyyatın xüsusiyyətlərindən biri budur", – Ş.Ağayar deyib.

Şərif Ağayar 1976-cı ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub. 1997-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsini bitirib.

1998-ci ildə "Panorama" qəzetinin mədəniyyət şöbəsində müxbir kimi işə başlayıb. Sonralar fəaliyyətini "Yeni Azərbaycan" qəzetində davam etdirib. Çoxsaylı məqalələri, şeirləri, oçerk və hekayələri çap olunub. 2003-cü ildə "Kino+" qəzetinin baş redaktoru təyin olunub. 2008–2013-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2017–2021-ci illərdə Kulis.az mədəniyyət portalının baş redaktoru olub.

Ədəbiyyat sahəsində bir sıra mükafatlara layiq görülüb. "Səhra məsnəvisi", "Pozuq fotoşəkillər" adlı şeirlər kitablarının, "Arıların səssizliyi" adlı hekayə toplumunun, "Gülüstan", "Arzulardan sonrakı şəhər", "Ağ göl", "Rəng mühəndisliyi" kimi romanların müəllifidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
29
sherg.az

10Sources