"Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasının 18-ci turunda doğma meydanda "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, bölgə təmsilçisinin çalışdırıcısı 0:2 hesabı ilə uduzduqları matçdan sonra bunları söyləyib:


“Oyuna çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, "Sumqayıt" yaxşı komandadır. Son matçı təhlil edib futbolçulara səhvləri göstərmişdik. Futbolçular məşqlərdə tam gücləri ilə çalışırlar, nəticə qazanmaq üçün hər şey edirlər. Birinci hissədə səhvlər etdik. Evdə oynayırıq deyə hücumda çoxluq yaratmaq istəyirik. Müdafiədə ardıcıl səhvlər buraxanda istər-istəməz oyunumuza təsir edir. "Sumqayıt"ı təbrik edirəm.


Sonuncu oyuna kimi eyni rejimdə hazırlaşacağıq. Məndə hər zaman inam var. Məğlubiyyəti həzm edə bilmirəm. Bu durumdan çıxmaq üçün maksimum çalışacağıq. Tək məndən asılı deyil. İnanın ki, futbolçular da çox çalışır. Rəhbərlik hər zaman yanımdadır.


Təəssüflər olsun ki, biz yalnız 3 transfer edə bildik. Sifariş ərizəsində 27 futbolçu var idi. Ən azı 4-5 transfer etmək istəyirdik. İndiki durumda edə bilmirik.


Rəhbərlik futbolçuların yaxşı yaşaması üçün hər şeyi edir. Oyunçular məşqdə tam fərqlidirlər. Bu gün futbolçularımız fiziki göstəricilərdə rəqibi qabaqladılar. Qol epizodlarımız da var idi. Bazada bütün şəraitimiz var. Ən yaxşı şərait yaradılıb. Bircə qalıb meydana çıxıb oyunlarda qələbə qazanmaq”.