
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə İran mövzusunu müzakirə etmək üçün ABŞ-a səfər edəcək. Bu barədə məlumat İsrail Baş nazirinin ofisi tərəfindən rəsmən təsdiqlənib.
İsrail Baş nazirinin ofisindən verilən açıqlamada Netanyahunun 11 fevral çərşənbə günü Vaşinqtonda Trampla görüşəcəyi bildirilib. Görüşün əsas gündəliyini regiondakı son təhlükəsizlik vəziyyəti və diplomatik gedişat təşkil edəcək.
Səfər çərçivəsində tərəflərin İran ilə ABŞ arasında aparılan danışıqları müzakirə edəcəyi qeyd olunub. Açıqlamada həmçinin vurğulanıb ki, Netanyahu sözügedən müzakirələrin mütləq "İranın ballistik raketlərinin məhdudlaşdırılmasını və İran oxuna (müttəfiqlərinə) verilən dəstəyin dayandırılmasını" da əhatə etməli olduğuna inanır.
İsrail tərəfi bu şərtlərin daxil edilmədiyi hər hansı bir razılaşmanın regionda uzunmüddətli sabitliyi təmin etməyəcəyi qənaətindədir.