ABŞ administrasiyası İranda davam edən hökumət əleyhinə etirazlara münasibət bildirərək nümayişçilərə dəstəyini ifadə edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.
“Prezidentimiz İrandakı dinc etirazçıların yanında olduğumuzu və onları dəstəklədiyimizi açıq şəkildə bəyan edib”, – deyə o bildirib.
ABŞ-İran münasibətlərinin gələcəyinə toxunan vitse-prezident qeyd edib ki, bu istiqamətdə növbəti addımlar şəxsən Prezident Donald Tramp tərəfindən müəyyən ediləcək.
Xatırladaq ki, İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın (rial) kəskin dəyər itirməsi və hiperinflyasiya fonunda başlamışdı.
"Cebheinfo.az"