Ukraynanın "Veres" klubu "Zirə" ilə müqavilə bağlayan türkiyəli futbolçu Eren Aydınla bağlı ciddi problemlərlə üzləşib.
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə jurnalist İqor Burbas "BurBuzz" "YouTube" kanalında məlumat yayıb.
22 yaşlı hücumçunun klubdan ayrılmaq istəyi tərəflər arasında münaqişəyə səbəb olub.
Jurnalistin bildirdiyinə görə, "Veres" futbolçu üçün Portuqaliya və Türkiyədən gələn təklifləri az olduğu üçün rədd edib. Bu vəziyyət isə oyunçunun satışından pay almalı olan "Qalatasaray" rəhbərliyini qəzəbləndirib.
"Qalatasaray", hətta məhkəməyə müraciət edib "Veres"dən təzminat ala bilər. Onlar 10 milyon avrodan danışırlar - mən belə rəqəmləri də eşitmişəm. Aydının artıq "Zirə"yə keçdiyi barədə rəsmi məlumat var. Necə olduğu bəlli deyil. Guya icarəyə verilib, baxmayaraq ki, ona sənədlərini verməyiblər", - deyə Burbas özünün "BurBuzz" "YouTube" kanalında deyib.
Ukrayna mətbuatında bir müddət öncə Aydının "Veres"in Türkiyədə keçirilən təlim-məşq toplanışı zamanı düşərgəni icazəsiz tərk etdiyi və klub rəhbərliyinin zənglərinə cavab vermədiyi bildirilib.
Xatırladaq ki, Eren Aydın 2025-ci ilin payızında "Qalatasaray"dan "Veres"ə transfer olunub. Türkiyəli oyunçu bir neçə gün öncə "Zirə" ilə müqavilə bağlayıb.