EN

Avropa Şurası keçmiş baş katibin toxunulmazlığını ləğv rdib » AzadMedia.az

Avropa


Avropa Şurası keçmiş baş katibi, norveçli siyasətçi Torbyorn Yaqlandın diplomatik toxunulmazlığının ləğv edilməsinə razılıq verib. Bu qərar Norveç polisinin onun amerikalı maliyyəçi və məhkum edilmiş cinsi cinayətkar Ceffri Epşteynlə əlaqələrinə dair başlatdığı araşdırma çərçivəsində qəbul olunub. Bu barədə Reuters məlumat yayıb.

Norveçin iqtisadi cinayətlər üzrə polisi Yaqland barəsində ağır korrupsiya şübhəsi ilə istintaq başladığını açıqlayıb. Qeyd edək ki, Yaqland 2009–2019-cu illərdə Avropa Şurasının Baş katibi vəzifəsini icra edib. O, həmçinin Norveçin sabiq baş naziri, xarici işlər naziri və Nobel Sülh Mükafatı Komitəsinin keçmiş sədri olub.

İstintaq qərarı ABŞ-da Epşteynlə bağlı yeni açıqlanan sənədlərdə yer alan məlumatlara əsaslanır. 2019-cu ildə həbsxanada vəfat edən Epşteynlə bağlı yayımlanan sənədlər Avropa və ABŞ-da siyasətçilər, kral ailəsi üzvləri və varlı şəxslərlə əlaqələrə dair yeni faktları üzə çıxarıb.

Yaqlandın vəkili Anders Brosveet bildirib ki, toxunulmazlığın ləğvi gözlənilən qərar idi və onun müdafiə etdiyi şəxs istintaqla əməkdaşlıq edəcək. “O, bu məsələyə çox ciddi yanaşır, lakin hesab edir ki, cinayət məsuliyyəti yaradan heç bir hal yoxdur”, – deyə vəkilin bəyanatında qeyd olunub.

Norveç Xarici İşlər Nazirliyi polis araşdırmasının aparılması üçün Yaqlandın toxunulmazlığının ləğv edilməsinin zəruri olduğunu bildirərək, Avropa Şurasının Nazirlər Komitəsinə müraciət edib. Qurumun 46 üzv ölkəsi bu qərarı dəstəkləyib.
Yaqland hələlik heç bir cinayətdə ittiham olunmayıb. Polis onun vəzifəsi ilə əlaqədar hədiyyə, səfər və ya kredit qəbul edib-etmədiyini araşdıracaq.

Açıqlanan sənədlərdə 2014-cü ildə Yaqland və ailəsinin Epşteynin Palm-Biçdəki iqamətgahına və Karib dənizindəki adasına səfəri ilə bağlı planların müzakirə edildiyi göstərilir. Yaqland isə Epşteynin şəxsi adasına getdiyini təkzib edib.
Sənədlərdə həmçinin 2014-cü ildə Yaqlandın Osloda mənzil alınması üçün Epşteyndən maliyyə dəstəyi istədiyi, 2018-ci ilə aid yazışmalarda isə Epşteynin onun vasitəsilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüş təşkil etməyə çalışdığı qeyd olunur.

Norveç polisi bildirib ki, Epşteynlə əlaqəli başqa bir korrupsiya işi çərçivəsində iki yüksək vəzifəli diplomat da araşdırılır. Eyni zamanda, Norveç vəliəhd şahzadəsi Epşteynlə dostluğuna görə dəfələrlə üzr istəyib.

Norveç parlamentinin nəzarət komitəsi isə Xarici İşlər Nazirliyinin Epşteynlə əlaqələrinə dair ayrıca və nadir xarici araşdırmanın başlanmasına yekdilliklə qərar verib.

Chosen
35
1
azadmedia.az

2Sources