ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Əbülfəz SüleymanlıProfessor [email protected]
Həyatımıza sürətlə daxil olan və qısa zaman kəsiyində sözün həqiqi mənasında inqilabi dəyişikliklərə səbəb olan süni intellektlə bağlı müzakirələr bu gün həm elmi-texnoloji sahədə, həm də ictimai debatlarda getdikcə daha kəskin və dərin xarakter alır. Bu müzakirələrə Davosda çıxışı ilə məşhur tarixçi Yuval Noah Harari də qoşuldu və xüsusilə bir cümləsi böyük rezonansa səbəb oldu: o, süni intellektin bəzi hallarda nüvə silahından belə təhlükəli ola biləcəyini qeyd etdi.
Hararinin bu fikri yalnız Davos tribunası ilə məhdudlaşmır. O, “The Economist” jurnalında dərc olunan məqaləsində də ChatGPT kimi süni intellekt modellərini kütləvi qırğın silahları ilə müqayisə edərək əsas fərqi belə izah etmişdi: nüvə bombası öz-özünü təkmilləşdirə bilmir, lakin süni intellekt potensial olaraq daha güclü süni intellekti yarada bilər. Yəni burada söhbət eksponensial inkişaf riskindən gedir. Əgər insan bu sistemləri nəzarətdə saxlaya bilməzsə, gələcəkdə daha ağıllı sistemlərin müəllifi yenə süni intellektin özü ola bilər.
Harari eyni zamanda vurğulayır ki, süni intellekt xərçəngin müalicəsi, ekoloji problemlərin həlli kimi xeyirli məqsədlər üçün istifadə oluna bilər və olunmalıdır. Lakin əsas məsələ onun istiqaməti deyil, nəzarət mexanizmidir. O, xüsusilə informasiya təhlükəsizliyi sahəsində risklərə diqqət çəkir: gələcəkdə neyron şəbəkələr siyasi məzmun, saxta xəbərlər və manipulyativ informasiya istehsalında istifadə oluna bilər ki, bu da cəmiyyətlərin sabitliyi üçün əlavə təhlükə yaradır.
Hararinin arqumenti texniki deyil, daha çox insanlığın gələcəyi ilə bağlıdır. Nüvə silahı dağıdıcıdır, lakin insanı təqlid etmir. Süni intellekt isə insanın əsas xüsusiyyətinə – dilə və informasiya istehsalına – müdaxilə edir. İnsan tarix boyu gücünü fiziki üstünlükdən çox, dil vasitəsilə qurulan əməkdaşlıqdan alıb. Əgər bir sistem dili anlayır, emal edir və istehsal edirsə, deməli, artıq o, sadə alət deyil, sosial proseslərə təsir edən aktordur.
Harari Davos çıxışında hüquqi status məsələsinə də toxundu və süni intellektə hüquqi şəxs statusu verilməsinin ciddi risklər yarada biləcəyini bildirdi. Bank hesabı açan, müqavilə bağlayan, məhkəmədə tərəf kimi çıxış edən süni sistemlər artıq klassik texnologiya deyil, sosial struktura daxil olan aktorlardır. Bu isə daha mürəkkəb və həssas mərhələyə keçid deməkdir.
Türkiyənin məşhur psixoloqlarından professor Nevzat Tarhan bu mövzuda daha praktik yanaşma təklif edir. Onun fikrincə, süni intellekt insanın köməkçisi olmalıdır, rəhbəri yox. O, məqsədə çatmağı asanlaşdıran dəstək mexanizmi kimi faydalıdır, lakin sükan hər zaman insanda qalmalıdır.
Türk süni intellekt mütəxəssisi Serdar Kuzuloğlu isə məsələni daha sərt metafora ilə ifadə edir: “Süni intellektin yüksəldiyi dövrdə insan at olacaq, yoxsa araba?” Yəni texnologiya bizi əvəz olunan obyektəmi çevirəcək, yoxsa biz onu idarə edən tərəf olaraq qalacağıq? O, həm də xəbərdarlıq edir ki, hər şeyi texnologiya ilə həll edə biləcəyimizi düşünmək sadəlövhlükdür; bəzən eyni lövhədə dama daşları ilə şahmat oynamağa çalışırıq – oyun dəyişib, amma biz köhnə qaydalarla düşünürük.
Bu məqamda Nyu-York Universitetinin türk əsilli professoru Selçuk Şirinin vurğuladığı mühüm məqam diqqət çəkir. Şirin bildirir ki, süni intellekt böyük fürsət yaradır, lakin ondan effektiv istifadə etmək üçün insanın oxuduğunu anlama və fikrini düzgün ifadə etmə bacarığı əsas şərtdir. Əks halda, texnologiya imkan yaratsa da, ondan istifadə edə bilməyən cəmiyyətlər geri qalacaq. Süni intellekt sürət qazandırır, lakin bu sürəti idarə edəcək düşüncə və dil bacarığı yoxdursa, üstünlük əldən gedir.
Neyrobiologiya və insan beyni sahəsi üzrə tədqiqatçı alim Sinan Canan isə məsələyə daha balanslı yanaşaraq fikrini belə ifadə edir: “İnsan ağlı istiqamət verir, süni intellekt sürət verir.
İnsan məna yaradır, süni intellekt alternativ yaradır. Düzgün qurulduqda bu birlik məhsuldar əməkdaşlığa çevrilir”.
Bütün bu baxışların ortaq nöqtəsi aydındır: süni intellekt inqilabi mərhələdir, lakin o, insanı əvəz edən deyil, insanı gücləndirən vasitə olmalıdır.
Ən böyük risk texnologiyanın özü deyil; əsas təhlükə insanların, xüsusilə də yeni yetişən nəslin bu alətlərin yaratdığı rahatlığa aludə olaraq düşünmə və yaradıcılıq bacarıqlarının zəifləməsidir. Əgər qərarvermə və analiz prosesləri tədricən süni intellektə əsaslanan sistemlərə ötürülərsə, insan axtaran və yaradan tərəf olmaqdan uzaqlaşıb yalnız hazır nəticəni qəbul edən passiv istifadəçiyə çevrilə bilər.
Bu isə uzunmüddətli perspektivdə təkcə intellektual passivləşmə riskini artırmır, həm də insanlığın indiyə qədər kumulativ şəkildə formalaşdırdığı bilik və sivilizasiya irsinin tədricən zəifləməsi, hətta məhv olması təhlükəsini doğura bilər.
Bütün bu görüşləri nəzərə aldıqda, insanlıq tarixində həqiqətən də yeni və inqilabi bir mərhələdə olduğumuz inkaredilməzdir. Bu mərhələdə məsələ süni intellekti dayandırmaq deyil; onun yerini düzgün müəyyən etmək, gənc nəsildə düşünmə və yaradıcılıq vərdişlərini qorumaq, hüquqi və etik sərhədləri vaxtında müəyyənləşdirməkdir. Əgər bu sərhədlər indi müəyyən edilməzsə, sabah qərar verən tərəf olmaq imkanımız zəifləyə bilər. Lakin “insan ağlı istiqamət verir, süni intellekt sürət verir” prinsipini qoruyaraq hərəkət etsək, bu yeni çağ insanı zəiflədən deyil, insanı daha məqsədli və daha məsuliyyətli edən inkişaf mərhələsinə çevrilə bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.