Müqəddəs Valentin Günü ərəfəsində getdikcə daha çox insan romantik mesaj, təbrik və ya sevgi etirafı yazmaq üçün neyron şəbəkələrdən istifadə edir. Lakin generativ süni intellektdən şəxsi yazışmalarda istifadə gözlənilməz psixoloji nəticələrə səbəb ola bilər. Bu qənaətə rəqəmsal texnologiyaların insan davranışına və emosiyalarına təsirini öyrənən tədqiqatçılar gəlib.
HİT.az xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat verib.
Alimlər yüzlərlə könüllü ilə beş təcrübə aparıblar. İştirakçılardan təsəvvür etmələri xahiş olunub ki, onlar generativ süni intellektdən emosional baxımdan əhəmiyyətli mesajlar – sevgi məktubları, doğum günü təbrikləri və ya yaxınlara təşəkkür məktubları – yazmaq üçün istifadə edirlər. Bütün senarilərdə iştirakçılar oxşar nəticə barədə məlumat veriblər: süni intellektdən istifadə özləri mətn yazdıqdan daha tez-tez günahkarlıq hissi yaradır.
Tədqiqatın müəllifləri izah edir ki, insan algoritm tərəfindən yaradılmış mətni öz adı ilə imzalayanda faktiki olaraq başqasının sözlərini öz adına çıxarır. Bu isə "müəlliflik boşluğu" yaradır – yəni mesajı əslində kim yaratdı ilə onu alanın gördüyü müəllif arasında uyğunsuzluq yaranır.
Tədqiqatçılar bildirirlər ki, belə vəziyyətlər başqa sahələrdə artıq yaxşı məlumdur – məsələn, siyasətdə və ya şou-biznesdə, harada ki, ictimai çıxışlar və sosial media postları tez-tez peşəkar spichrayterlər tərəfindən yazılır. Lakin şəxsi münasibətlərdə səmimiyyət və şəxsi töhfə gözləntiləri xeyli yüksək olur.
Maraqlıdır ki, günahkarlıq hissi şəxsi müəlliflik açıq şəkildə görünəndə yaranmır. Məsələn, iştirakçılar hazır mətni olan təbrik kartı alanda narahatlıq yaşamayıblar.
“Bu halda aldadıcı element yoxdur: hər kəs başa düşür ki, insan sadəcə kartı seçib, mesajı özbaşına yazmayıb", deyə alimlər vurğulayıblar.
Başqa bir eksperimentdə isə iştirakçılar dostlarından gizli şəkildə mesaj yazmasını xahiş etdikdə oxşar günahkarlıq hissi yaranıb. Tədqiqatçılara görə, bu, texnologiyanın özündən çox dürüstlüyün əhəmiyyətini göstərir.
Eyni zamanda, effekt zəifləyirdi, əgər mesaj yaxın insana deyil, tanışa göndərilirdisə və ya mesaj ümumiyyətlə göndərilməli deyildisə. Bu da göstərir ki, günahkarlıq hissi əsasən emosional baxımdan əhəmiyyətli münasibətlərdə səmimiyyət gözləntilərinin pozulması ilə bağlıdır.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, generativ süni intellekti şəxsi ünsiyyətdən tamamilə çıxarmaq lazım deyil.
“Süni intellekt ideyalar tapmaq və ya boş vərəq qorxusunu aradan qaldırmaq üçün faydalı alət ola bilər, lakin vacibdir ki, nəticə olaraq mesaj şəxsi iştirakın məhsulu olsun", deyə onlar qeyd ediblər.
Alimlərin fikrincə, bu texnologiyalar yayıldıqca, insanlar rahat kömək ilə şəxsi emosiyaların əvəz olunması arasındakı sərhədi daha tez-tez müəyyən etməli olacaqlar. Romantik mesajlar kontekstində isə bu sərhəd həm etik, həm də psixoloji əhəmiyyət daşıyır.
Samir