EN

Ramiz Mehdiyev vətənə xəyanətin ən rəzil nümunəsini yaradan bir adamdır Deputat

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən xarici xüsusi xidmət orqanlarının Azərbaycandakı siyasi proseslərə müdaxiləsi və dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə yönələn fəaliyyətlərlə bağlı cinayət işi başlanıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, DTX-nin ictimailəşdirdiyi son məlumatlardan sonra bir daha aydın oldu ki, Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və bunların ətrafında olan komandanın fəaliyyətinin vaxtında ifşa edilməsi Azərbaycanın, əslində, müstəqil dövlətinin xilas edilməsi hadisəsi olub:

"Əgər bu cinayətkar qrupun fəaliyyəti vaxtında ifşa edilməsəydi, çox güman ki, biz bu gün sabit bir ölkədə, qalib bir ölkədə yaşaya bilməzdik. Ona görə də mənə elə gəlir ki, Azərbaycanın dövlət strukturlarının peşəkarlığı, Azərbaycanda dərin intellektual zəkaya sahib olan siyasi liderlik institutu Azərbaycan dövlətini xilas edib. Hər şeydən öncə, mənə elə gəlir ki, bu, bir ibrət dərsidir.

Dünənə qədər özlərini demokrat kimi təqdim edən radikal müxalifət qruplaşmaları əslində nə imiş, bu prosesdə bəlli oldu. Sən demə, Azərbaycan dövlətçiliyinin süqutu üçün əllərindən gələni edən, dövlətçiliyimizə qarşı təşkilatlanmış bir cinayətkar qrup imiş. Mənəviyyat baxımından bu qrup ən xırda maliyyə qarşılığında belə öz vətənini satmağa hazır olan vətən möhtəkirləri imiş. Ramiz Mehdiyev isə vətənə xidmətin, vətənə xəyanətin ən rəzil nümunəsini yaradan bir adam. Özünü uzun illər Azərbaycan ictimaiyyətinə dövləti qoruyan, dövləti xilas edən, “dərin dövlət” funksiyasını yerinə yetirən bir adam kimi təqdim edib, bu cür təbliğat aparan, öz əlaltılarından bir insanın nə qədər xəyanətkar, nə qədər Azərbaycan dövlətçiliyinə düşmən olması ortaya çıxdı. Bütün bunlar, mənə elə gəlir ki, milli yaddaşımızın süzgəcindən keçirilərək analiz edilməlidir. Bu ibrət dərsini biz yaddaşımızda yaxşı saxlamalıyıq. Bu kontekstdə biz yenidən əldə etdiyimiz tarixi zəfəri qiymətləndirməliyik. Necə oldu ki, vətənimizin taleyinin, dövlətimizin qədərinin həll olunduğu belə bir məqamda, içərimizdə bu qədər xain, bu qədər düşmən ola-ola biz qalib gəldik? Bax onda, mənə elə gəlir ki, biz qələbəmizi daha obyektiv qiymətləndirə bilərik və bu qələbəni bizə bəxş edən Müzəffər Ali Baş Komandanımızı və onun ordusunu daha doğru qiymətləndirə bilərik. Ona görə də, mənə elə gəlir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ifşa etdiyi bu cinayətkarların əməllərini bir də bu kontekstdən qiymətləndirsək, daha yaxşı olar".

Millət vəkilinin sözlərinə görə, detallara gəldikdə isə bəlli oldu ki, dövlət içində gizlənib, özünü dövlət elan etmiş, vətənə xəyanət edən Ramiz Mehdiyev dövləti dağıtmaq üçün ən müxtəlif vasitələrdən istifadə edib.

"Radikal müxalifət vasitələrindən, ermənilərlə əməkdaşlıq edənlərlə əməkdaşlıq edib. Bəzən bu əməkdaşlığı, çox hallarda, təşviq edib, onları maliyyələşdirib. Azərbaycan dövlətçiliyi qədər əhəmiyyətli olan mənəvi, əxlaqi dəyərlərimizi deqradasiyaya uğratmaq üçün xüsusi bir söyüş müxalifəti yaradıb, onları xaricdə maliyyələşdirib və onların vasitəsilə Azərbaycanın bütün dəyərlərini dəyərsizləşdirməyə cəhd edib. Burada da iştirak edib, əlbəttə ki, özünü müxalifət kimi təqdim etməyə çalışan cəmiyyət, Əli Kərimli, Azərbaycanın vaxtilə dövlət strukturlarında fəaliyyət göstərmiş və Azərbaycanın var-dövlətini talamış Abbas Abbasov, Ramiz Mehdiyev və bunların ətrafında olan, bunların ideoloji ruporları — hansı ki, artıq Azərbaycan qanunları tərəfindən cəzalandırılıblar, onlar haqqında həbs qətimkan tədbiri seçilibdir — bax, bütün bunların hamısı bir daha ifşa olunmuş oldu.

Əlbəttə ki, hər bir azərbaycanlı bu gün fəxr edir ki, onun güclü dövləti var, onun qalib ölkəsi var və hər bir azərbaycanlı inanır ki, Azərbaycan Prezidentinin rəhbərlik etdiyi dövlətin müvafiq strukturları, Dövlət Təhlükəsizliyi Xidməti bu cinayətkarların Azərbaycana gətirilib cəzalandırılmasını da təmin edəcək. Çünki əgər biz Qarabağ separatçılarını, Qarabağ terrorçularını, hərbi cinayətkarları Azərbaycana gətirib mühakimə etdiksə, etməyi bacardıqsa, Azərbaycana xəyanət edən, Azərbaycanda söyüşü adiləşdirib Azərbaycan xalqının dəyərlərini dəyərsizləşdirən o informasiya terrorçuları da mütləq Azərbaycana gətiriləcək, onlar hamısı öz layiqli cəzalarına çatacaqlar", - deyə Hikmət Babaoğlu vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
50
redaktor.az

10Sources