AZ

Deputat: Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov dövlətə xəyanətə görə cavab verəcəklər

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov və digərləri dövlətə qarşı xəyanətə görə məhkəmə qarşısında cavab verəcəklər.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputat deyib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin təqdim etdiyi videolarda və məlumatlarda artıq Ramiz Mehdiyev və onun əlaltılarının dövlətə xəyanəti, dövlət quruluşunu dəyişdirmək cəhdləri, Azərbaycan xalqının milli ruhunu sarsıtmaq istiqamətində apardıqları fəaliyyət tam şəkildə ifşa olunur: “Artıq Ramiz Mehdiyev, Əli Kərimli, Abbas Abbasov və bu şəbəkənin digər üzvlərinin dövlətə qarşı xəyanət əməlləri açıq-aşkar ortadadır. Belə şəxslər məhkəmə qarşısında cavab verəcəklər. Ulu öndərin bütün həyatı bahasına qurulan, Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən və bu gün dünyanın aparıcı gücləri sırasında yer alan dövlətimizin dayaqlarını sarsıtmaq cəhdləri qəbuledilməzdir və qarşısı alınmalıdır”.

Vüqar İskəndərov qeyd edib ki, hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam edir, yeni faktlar üzə çıxır: “Görürük ki, Ramiz Mehdiyev radikal müxalifət və xaricdəki havadarlarla birlikdə dövlətin dayaqlarını sarsıtmağa cəhd edib, dövlət quruluşunu dəyişdirmək iddiasına düşüb və bununla bağlı konkret addımlar atıblar. Bunun qarşısı alınıb. Hələ Vətən Müharibəsi dövründə radikal müxalifətin xalqla həmrəylik nümayiş etdirməməsi fonunda bu xəyanətin izləri görünməkdə idi. Hətta sosial şəbəkələrdə ermənilərə Azərbaycanla bağlı koordinatların ötürülməsi cəhdləri, bir çox qrupların bu məqsədlə birləşməsi və dövlətlə xalqı qarşı-qarşıya qoymaq cəhdləri açıq-aydın görünür, bunun hansısa qüvvələr tərəfindən idarə olunduğu hiss edilirdi. Bu faktlar artıq ortadadır. Eyni zamanda vaxtilə Azərbaycan dövlət hakimiyyətində ən yüksək vəzifələrdə çalışmış bir şəxsin – Ramiz Mehdiyevin həyatının bu çağında xəyanət yolunu seçməsi dərin məyusluq yaradır. Artıq aydın olur ki, Prezident İlham Əliyevin uğurlu siyasəti, Azərbaycanın dünyada artan nüfuzu və güclənməsi, Vətən müharibəsindəki qələbəmiz, antiterror tədbirlərində əldə olunan uğurlu nəticələr, suverenliyimizin tam bərpa olunması belə xainləri narahat etməyə başlayıb və onlar xəyanət yolu ilə dövlət quruluşunu dəyişdirmək cəhdlərinə əl atıblar”.

Deputat nəzərə çatdırıb ki, dövlət müstəqilliyinə qarşı yönəlmiş, ölkədə gərginlik yaratmağa, ictimai sabitliyi pozmağa, dövlət maraqlarına qarşı məkrli planlar qurmağa çalışan bu şəbəkənin fəaliyyəti artıq tam şəkildə ifşa olunur: “Bu cinayətlərdə iştirak edən və hazırda xaricdə fəaliyyət göstərən, barələrində qiyabi hökm çıxarılmış şəxslərin də gec-tez Azərbaycan ədaləti qarşısında cavab verməsi zaman məsələsidir. Bütün bunlara Azərbaycan dövləti tərəfindən təbii ki, hüquqi qiymət veriləcək. Bu gün Azərbaycan yeni bir güc mərkəzi kimi təkcə regionda deyil, dünyada qlobal güclərin əməkdaşlıq etmək istədiyi ölkəyə çevrilib. Bu gün Azərbaycan yeni reallıqlar yaradan müstəqil bir dövlətdir və belə qüvvələr, belə şəbəkələr onun dayaqlarını sarsıda bilməz. Xalqın dövlətinə inamını artır və xalq–dövlət–iqtidar birliyi daha da möhkəmlənir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
2
apa.az

3Mənbələr