EN

Regionda sülhə və təhlükəsizliyə xidmət edən əməkdaşlıq - DEPUTAT



2020-ci ilin sonlarından etibarən Cənubi Qafqaz regionu yeni bir dövrə qədəm qoyub. 30 ilə yaxın davam edən müharibənin sonlanması ilə yaranmış yeni geosiyasi reallıq regionda təkcə sabitliyin bərqərar olunmasına yol açmayıb, paralel olaraq Cənubi Qafqazda iqtisadi, ticari, nəqliyyat və logistika sahəsində yeni əməkdaşlıq imkanlarını da meydana çıxarıb. Bu da öz-özlüyündə Cənubi Qafqaza marağı kifayət qədər artırıb.

Bütün bu reallıqların yaranmasında müstəsna rol oynayan Azərbaycana maraq isə, təbii ki, ən üst səviyyədədir. İndi enerji təhlükəsizliyinin əsas ünvanlarından biri olan Azərbaycana təkcə Avropada deyil, eləcə də okeanın o tayında böyük maraq var. Bu günlərdə Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin regiona, o cümlədən Azərbaycana səfəri də bunu təsdiqləyir.

Bu danılmaz faktdır ki, əvvəlki hakimiyyətlər dövründə Vaşinqton Cənubi Qafqaza sıradan bir region kimi baxır, bölgə ölkələrinə ikinci dərəcəli dövlət kimi yanaşırdı. Lakin Tramp administrasiyasının dövründə yanaşma tamamilə dəyişib. Artıq ABŞ Cənubi Qafqaz ölkələrinə yaxın tərəfdaş, hətta strateji müttəfiq kimi baxır. Hər halda, Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri zamanı imzalanan “Strateji Tərəfdaşlıq Xartiyası” bunun təzahürüdür. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev də ABŞ vitse-prezidenti ilə görüşdə bu məqama diqqət çəkərək Azərbaycana çox müsbət münasibətə görə Tramp–Vens administrasiyasına minnətdarlığını ifadə etdi.

ABŞ-ın vitse-prezidentinin ölkəmizə səfəri zamanı Azərbaycanla Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması təkcə ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə regional güc balansı kontekstində mühüm hadisədir. Bu sənəd Vaşinqtonun Cənubi Qafqaza, xüsusən də Bakıya artan diqqətinin göstəricisidir və rəsmi Bakı da bunu ən yüksək səviyyədə qiymətləndirir. ABŞ-ın vitse-prezidenti ilə görüşdə cənab Prezident İlham Əliyev bildirdi ki, bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir.

Qeyd etmək lazımdır ki, ABŞ–Azərbaycan münasibətləri indiyədək enerji, təhlükəsizlik və regional sabitlik istiqamətlərində qurulub. Lakin Bakıda imzalanmış Xartiya Vaşinqton–Bakı münasibətlərinin daha geniş spektrini əhatə edəcək.

“Strateji Tərəfdaşlıq Xartiyası” Azərbaycanla ABŞ arasında enerji təhlükəsizliyi, alternativ və bərpaolunan enerji sahəsində əməkdaşlığı da yeni bir mərhələyə çatdıracaq, eyni zamanda investisiya mühitinin genişləndirilməsinə yol açacaq. ABŞ şirkətlərinin Azərbaycanın enerji sektorundakı fəaliyyəti uzun illərdir davam edir. Yeni mərhələdə isə rəqəmsal iqtisadiyyat, süni intellekt, yüksək texnologiyalar və nəqliyyat-logistika sahələri də əməkdaşlığın əsas istiqamətlərinə çevrilə bilər.

Xüsusilə Orta Dəhliz layihəsinin inkişafı Azərbaycanın qlobal ticarət marşrutlarında rolunu artırır və bu, ABŞ üçün də iqtisadi-strateji maraq doğurur.

Ən əsası, bu əməkdaşlıq, ümumən ABŞ-ın Cənubi Qafqazda fəallaşması regionda qalıcı sülhə və yeni əməkdaşlıq imkanlarına yol açacaq. Birləşmiş Ştatlar keçən ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasını təmin etməklə Cənubi Qafqazda sülhə maraqlı olduğunu, buna ciddi cəhdlə çalışdığını ortaya qoydu. Vaşinqtonun bu addımı, sülhə verdiyi dəstək Bakı tərəfindən yüksək qiymətləndirilir. Bunu Cey Di Venslə görüşdə Azərbaycan Prezidenti aydın şəkildə ifadə etdi:

“Biz, həmçinin Prezident Trampa, vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik”.

Göründüyü kimi, Vaşinqton görüşü ilə dərinləşən, Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə strateji xarakter alan ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ başlayır. Bu mərhələ siyasi dialoqun dərinləşməsi, iqtisadi və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı




Chosen
6
2
aia.az

3Sources