Bu il Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin artım tempinin əvvəlki illərlə müqayisədə zəifləyəcəyi gözlənilir. “S&P Global Ratings”in açıqlamasına görə, inflyasiyaya uyğunlaşdırılmış mənzil qiymətlərində artımın 2026-cı ildə 5-6 faiz səviyyəsində olacağı proqnozlaşdırılır. Analitiklər artım tempinin azalmasını ölkədə kreditləşmənin yavaşlaması, iqtisadi artımın məhdudlaşması və neft qiymətləri ilə bağlı gözləntilərlə əlaqələndirirlər.
Qeyd edək ki, beynəlxalq reytinq agentliyi bundan əvvəl, 2025-ci ildə Azərbaycanda daşınmaz əmlak qiymətlərinin 10-15 faiz civarında artacağını proqnozlaşdırmışdı. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumatlara əsasən isə 2025-ci il ölkədə mənzil qiymətləri əvvəlki illə müqayisədə 12,2 faiz yüksəlib.
Əhali arasında da tezliklə daşınmaz əmlakın ucuzlaşacağı ilə bağlı şayiələr yayılır. Bəs bu şayiələr nə dərəcədə həqiqətə uyğundur?
“Nə sabitləşmə, nə də ucuzlaşma gözlənilir”
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, iqtisadçı-ekspert Vüqar Orucun sözlərinə görə, qiymət artımı ilə bağlı temp azalsa da, nə sabitləşmə, nə də ucuzlaşma gözlənilir: “Bu il daşınmaz əmlak bazarında qiymət artımının dinamikası əvvəlki illərlə müqayisədə zəif olacaq. Yəni qiymətlər artmaqda davam etsə də, artım tempi azalacaq. Lakin daşınmaz əmlak hələ də investisiya aləti olaraq qalır və bu səbəbdən qiymət artımı dayanmayacaq. Alternativ investisiya istiqamətlərinin məhdud olması əhalinin investisiya məqsədilə əmlaka üstünlük verməsinə səbəb olur. Bununla yanaşı, yeni yaşayış komplekslərinin tikintisi ilə bağlı gözləntilər mövcuddur. Aparılan söküntü işləri nəticəsində köhnə binaların yerində yeni tikililər inşa ediləcək. Bu amillər daşınmaz əmlak bazarında qiymət artımını saxlayan əsas faktorlar sırasındadır. Hazırda bazarda alıcıların sayı az, satıcıların sayı isə çoxdur. Amma bu, qiymətlərin enməsi üçün səbəb demək deyil. Çünki daşınmaz əmlak bazarı klassik tələb və təklif prinsipi ilə tənzimlənmir”.