Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə ikisaatlıq proqramla efirə çıxıb. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət ediliblər. Televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış olmayıb. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərib. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alıblar. Seçim isə zəngin olmayıb: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilib, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyub. 1957-ci ildən Azərbaycan Televiziyası efirə həftədə beş dəfə çıxmağa başlayıb və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırılıb. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artıb. 1970-ci illərdən etibarən Azərbaycan televiziyasının gündəlik veriliş və proqramlarının yayım həcmi 10 saata, 80-ci illərdə 18 saata çatdırılıb. 2005-cı ilin yanvarından isə televiziyamız 24 saatlıq fasiləsiz yayıma keçib. 1956-cı ildə Bakı Televiziya Studiyası və Radioinformasiya İdarəsi ayrılıqda fəaliyyət göstərib. 1957-ci ilin oktyabrında Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılan televiziya qurumu Radioinformasiya idarəsi ilə birləşdirilib və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırılıb. 1970-ci ildə isə bu qurum Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. 1991-ci ildə komitə şirkətə çevrilib. 2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda tok-şoular, portret verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, maraqlı sənədli və bədii filmlər nümayiş etdirilir. Ajans.az kollektivi AzTV-də işləyən həmkarlarını təbrik edir, yeni uğurlar arzulayır!