EN

Latviyanın Baş naziri Avropanı ABŞ ilə münasibətləri yeni formatda qurmağa çağırıb

Transatlantik münasibətlərin yenidən qurulması fonunda Avropa ABŞ ilə “birbaşa və açıq” dialoq aparmağa qadir olan geosiyasi gücə çevrilməlidir.

Editor.az xəbər verir ki, bunu Latviyanın Baş naziri Evika Silina Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Politico nəşrinə verdiyi müsahibədə bildirib. Silina Avropa ölkələrinin Qrenlandiya və Danimarkaya dəstək məsələsində həmrəylik nümayiş etdirməsinin Avropa İttifaqı ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərə təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, əlaqələr artıq bir qədər dəyişib və bundan sonra proseslər əvvəlki qaydada davam etməyəcək.

“Biz, Avropa ölkələri  vahid bir bütöv kimi qəbul olunmalıyıq”, – deyə Baş nazir qeyd edib.

Silina əlavə edib ki, Avropa ilə ABŞ “daha güclü, daha təhlükəsiz və daha firavan gələcək naminə birgə fəaliyyət göstərməkdə” maraqlıdır. Lakin “dünya artıq dəyişdiyi” üçün tərəflər qarşılıqlı münasibətlərin qaydalarını yenidən nəzərdən keçirməlidirlər.

O, qərarların qəbulunda Aİ-nin 27 üzv dövlətinin hamısının razılığını tələb edən “mürəkkəb” mexanizmi nümunə göstərərək bildirib ki, bu istiqamətdə artıq müəyyən irəliləyiş əldə olunub. “Avropa özü dəyişir və qərarvermə prosesləri də, çox güman ki, dəyişəcək”, – deyə Silina vurğulayıb.

Aİ-nin Müdafiə və Kosmos üzrə komissarı Andrius Kubiliusun sürətli strateji qərarların qəbulu üçün BMT Təhlükəsizlik Şurası modelinə bənzər Avropa Müdafiə İttifaqının yaradılması təşəbbüsünü “məntiqli ideya” adlandıran Silina, həmçinin Avropanın nüvə çəkindirmə potensialının formalaşdırılması ilə bağlı müzakirələrdə iştirak etməyə hazır olduqlarını bildirib.

Kubiliusun açıqladığı kimi, bu təşəbbüs Aİ-nin təhlükəsizliyinin təminində ABŞ mexanizmlərini əvəz edəcək, həqiqətən Avropaya məxsus təhlükəsizlik mexanizmlərinin yaradılmasını hədəfləyir.

//Gülnarə Abasova, Editor.az

Chosen
119
editor.az

1Sources