
Çinin "Unitree Robotics" şirkəti 2026-cı ildə bazara 10-20 min ədəd antropomorf (insanabənzər) robot çıxarmağı hədəfləyir.
AFN.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Van Sinsin "Tsailyan" agentliyinə verdiyi müsahibədə bildirib. O qeyd edib ki, bu il dünyada humanoid robotların ümumi satışı ən azı bir neçə on min vahidə çatacaq, lakin texnoloji məhdudiyyətlər hələ də geniş tətbiq sahələrini məhdudlaşdırır.
Şirkətin robotları bu yaxınlarda Ay təqvimi ilə qeyd olunan Yeni il qala-konsertində nümayiş etdirdikləri uşu bacarıqları ilə izləyiciləri heyran qoyublar. Səhnədə 10-dan çox robot "sürü idarəetməsi" texnologiyası sayəsində saniyədə 4 metr sürətlə hərəkət edərək sinxron akrobatik hərəkətlər yerinə yetiriblər.
Robotlar döyüş sənəti elementləri ilə yanaşı, parkur bacarıqlarını, qılınc və nunçaku ilə manevrlərini də nümayiş etdiriblər. Xüsusilə "sərxoş yumruq" üslubunda ifa olunan hərəkətlər zamanı robotlardan birinin qəsdən yerə yıxılıb sonra cəld ayağa qalxması onların mükəmməl balans saxlama qabiliyyətini sübut edib.
2016-cı ildə əsası qoyulan və mənzil-qərargahı Xançjouda yerləşən "Unitree Robotics", həm humanoid robotları, həm də robot-itləri ilə qlobal bazarda ən tanınmış istehsalçılardan birinə çevrilib.