EN

Macarıstan Rusiyalı idman funksionerlərinin Aİ sanksiya siyahısından çıxarılmasına çalışır

Budapeştin tələbi 20-ci sanksiya paketinin qəbulunu ləngidə bilər...

Poliqon xəbər verir ki, Macarıstan Rusiyaya qarşı tətbiq olunan Avropa İttifaqı sanksiyaları çərçivəsində rusiyalı idman funksionerlərinin siyahıdan çıxarılması üçün fəal diplomatik səylər göstərir. Bu barədə Politico nəşri məlumat yayıb. Bildirilir ki, Budapeştin təşəbbüsü Aİ-nin Rusiyaya qarşı hazırladığı 20-ci sanksiya paketinin qəbul prosesini gecikdirə bilər.

Məlumata görə, rusiyalı funksionerlərin sanksiya siyahısından çıxarılması məsələsi üzv ölkələr arasında razılaşdırma mərhələsində əlavə müzakirələrə səbəb olub. Ehtimal edilir ki, Aİ ölkələrinin səfirləri fevralın 18-i və 20-də bir araya gələrək sanksiya siyahısını və paket üzrə son detalları müzakirə edəcəklər. Avropa Komissiyası daha əvvəl bəyan edib ki, 20-ci sanksiya paketinin fevralın 24-dək qəbul edilməsi planlaşdırılır.

Eyni zamanda, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Böyük Britaniya ilə koordinasiyanı gücləndirməyə çalışır. Məqsəd sanksiyaların effektivliyini artırmaq və London ilə Brüssel arasında vahid mövqenin təmin olunmasıdır.

Digər tərəfdən, fevralın 16-da Ukrayna Prezidenti Volodimir Zelenski on rusiyalı idmançıya qarşı sanksiya tətbiq edib. Bu barədə “Politika Stranı” nəşri məlumat yayıb. Qərara əsasən, siyahıya güləşçilər Yevgeni Baydusov və İmam Qanişov, oxatma üzrə Rusiyanı təmsil edən Svetlana Daşanımayeva, Beynəlxalq Şahmat Federasiyasının rəhbəri Arkadi Dvorkoviç, qılıncoynadan Yana Eqoryan, taekvondoçular Vladislav Larin və Maksim Xramtsov, gimnast Angelina Melnikova, cüdoçu Madina Taymazova və boksçu Fyodor Çudinov daxil edilib.

Müşahidəçilər hesab edirlər ki, idman sahəsində tanınmış şəxslərin sanksiya siyahısına salınması Moskva üçün həm simvolik, həm də siyasi baxımdan həssas addımdır. Macarıstanın isə bu məsələdə fərqli mövqe sərgiləməsi Aİ daxilində Rusiya siyasəti ilə bağlı fikir ayrılıqlarının davam etdiyini göstərir.

Poliqon.info

Chosen
98
poliqon.info

1Sources