EN

“İnsanlar öz dialektlərində, heç bir qayda və qanunlara riayət etmədən ünsiyyət qururlar və bu da loru dili üslubu sayılır”

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

“Loru dil” ifadəsi Azərbaycan dilində geniş yayılıb və gündəlik danışıqda sadə, kobud və bəzəksiz danışığı təsvir etmək üçün istifadə olunur.Loru sözü nə deməkdir?Bunun etimologiyası haqqında nə deyə bilərsiniz?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və Lingvistik Təhlil Şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva bildirib ki, dialektlərimizdəki zəngin lüğət tərkibi ədəbi dilimizə daxil edilir: “Ümumiyyətlə, Azərbaycan dilində “ümumxalq danışıq dili” və “ümumxalq ədəbi dili” ifadələrindən istifadə olunur. Ədəbi dil ümumxalq danışıq dilinə əsaslanır və onun cilalanmış, müəyyən normalara salınmış formasıdır. Ədəbi dilin əsas normaları bunlardır:

• Fonetik norma

• Morfoloji norma

• Sintaktik norma

Bu normalara riayət etməklə, həm yazımızı, həm də danışığımızı düzgün formalaşdırırıq. Əlavə olaraq, danışıq dili də mövcuddur. Azərbaycan dilinin dialektləri çox zəngindir; bizdə 4 əsas dialekt qrupu və onlara aid şivələr var. Daha kiçik dialekt qruplarına isə şivələr deyilir.

Azərbaycan dialektləri intonasiyası və fonetik quruluşu ilə özünəməxsusdur və dialekt daşıyıcılarını dinlədikdə bu bizə həmişə təsir edir. Bizim məqsədimiz kənardan dilimizə lazım olmayan alınma sözləri gətirmək deyil, dialektlərimizdə ümumi işlək olan söz və ifadələrdən istifadə etməkdir. Dialektlərimizdəki zəngin lüğət tərkibi ədəbi dilimizə daxil edilə bilər və bu daha arzuolunandır.

Gündəlik həyatda istifadə etdiyimiz danışıq dilinə bəzən “loru dil” deyirik. Yəni “loru dil” ifadəsi ilə, əslində, hamının başa düşdüyü sadə danışıq formasını nəzərdə tuturuq. Məsələn, elmi üslubda müəyyən qrammatik qaydaları izah edərkən terminologiya və elmi ifadələr anlaşılmazlıq yarada bilər. Lakin loru, yəni danışıq dili isə hamının başa düşəcəyi, sadə və anlaşıqlı dildir. Əslində, loru dil daha sadə danışıq formasıdır. Yəni əgər ədəbi dil və ya elmi üslubda ifadə olunan cümlələr anlaşılmazlıq yaradırsa, onu sadə şəkildə - loru dildə ifadə etmək mümkündür. Bu zaman insanlar öz sözləri ilə, gündəlik danışıq forması ilə fikri çatdırırlar”.

Sevinc Əliyeva

“Ədəbi dil müəyyən qaydalar və normalara uyğun, cilalanmış formadır. Danışıq dili isə daha təbii, bəzən dialektlər əsasında formalaşan üslubdur. Loru dil də məhz buna ümumxalq danışıq dili, məişət dili və canlı danışıq dilinə yaxın bir forma olaraq qəbul edilə bilər. Bu, xalq etimologiyasına əsaslanan ifadələrin sadə şəkildə açıqlanması üçün istifadə olunur.

Məsələn, ədəbi dildə televiziya və radio aparıcılarının nitqi, müəllimlərin kürsüdə izah etdiyi dil müəyyən normalara əsaslansa da, şagirdlər qaydanı anlamadıqda müəllim daha sadə sözlərdən istifadə edərək dərsi başa salmağa çalışır. Belə hallarda loru dilin sadə və anlaşıqlı xüsusiyyəti ortaya çıxır. Öz sözlərindən istifadə edərək, daha sadə sözlərlə yaranan danışıq formasına biz loru dil deyirik.

Daha çox biz “danışıq dili” ifadəsini, hətta “canlı danışıq dili”ni üstün tuturuq. Canlı danışıq dili o deməkdir ki, insanlar öz dialektlərində, heç bir qayda və qanunlara riayət etmədən ünsiyyət qururlar və bu üslub loru dilin mahiyyətini təşkil edir”, – deyə Sevinc Əliyeva vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
44
bizimyol.info

1Sources