EN

Həcc kvotası niyə dolmadı? - İlahiyyatçı səbəbləri AÇIQLADI

Həcc ziyarəti ilə bağlı bu il üçün ayrılmış kvotanın 75 faizi artıq dolub, 25 faizi isə hələ boş qalıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib. 

Bildirilib ki, Həccə niyyətli olan vətəndaşlarımızdan yubanmadan gəlib qeydiyyata alınmaqları xahiş edilir.

Əlavə olaraq qeyd edilib ki, kvotanın dolub-dolmamasından asılı olmayaraq sənədlərin qəbulu 7 mart 2026-cı il tarixində başa çatacaq. 

Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları (10 370 manat) müəyyən edib.

Maraqlıdır ki, bəzi ölkələrdə xüsusilə Türkiyə və İranda  Həcc üçün yerlər daha əvvəlcədən dolur və uzun növbələr yaranır. Azərbaycanda isə kvotanın hələ tam başa çatmaması suallar doğurur: Bu vəziyyət qiymət amili ilə bağlıdır, yoxsa vətəndaşların dini yanaşması və maraq səviyyəsi ilə əlaqədardır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, kvotanın dolmaması imanla bağlı deyil, bu yalnız ağır sosial durum və qiymətlərin həddən artıq baha olması ilə əlaqədardır:

“Həcc səfərinin qiyməti həddindən artıq bahadır. Hətta bu, getmək istəyənlər üçün israf sayılacaq səviyyədə böyük məbləğdir. Mahiyyət etibarilə demək olar ki, bu artıq ibadətdən çox alveri, ticarəti xatırladır.

Əhalinin sosial vəziyyətinin getdikcə ağırlaşması, inanclı insanların böyük hissəsinin məhz kasıb təbəqəyə aid olması ildən-ilə Həccə gedənlərin sayını azaldır. Gələcəkdə bu sayın daha da azalacağı istisna deyil.

İmanlı adamların pulu yoxdur, pullu adamların isə çoxunun imanı yoxdur. Belə olan halda Həccə kim getsin? Kvotanın dolmaması imanla bağlı deyil, bu yalnız ağır sosial durum və qiymətlərin həddən artıq baha olması ilə əlaqədardır.

İbadət israfsız olmalıdır. Hamıya məlumdur ki, bu səfərin real xərci göstərilən məbləğdən qat-qat aşağıdır. Yəni insanlardan faktiki olaraq artıq pul tələb olunur”.

Onun sözlərinə görə, bu isə Səudiyyə Ərəbistanının müvafiq qurumlarının tələbləri və qaydaları ilə izah edilir:

“Ola bilsin ki, ölkə həddən artıq yükləndiyi və əlavə gəlirə ehtiyacı olmadığı üçün qiymətləri bilərəkdən artırır ki, ziyarətçilərin sayı azalsın. Onlar üçün daha varlı, kübar zümrədən olan insanların gəlməsi kifayət edir. 

Çünki yüz kasıbın getməsindənsə, beş varlının getməsi daha sərfəlidir. Varlı insanlar orada daha çox pul xərcləyir, alış-veriş edir, bahalı hotellərdə qalır və ölkəyə iqtisadi fayda verirlər.

Ölkəmizdə isə bu məsələ hələ də normal şəkildə tənzimlənmədiyindən narazılıqlar davam edir. Səudiyyə Ərəbistanı tərəfindən ayrılan yerlərlə bircə ilahiyyatçı və ya kasıb insan göndərilmir.

Əksinə, əsasən məmurlar və onların yaxınları, qohumları göndərilir. Bu kimi yanlış ənənələr hələ də qalmaqdadır. Məhz buna görə də insanlar bu yolla getmək istəmir”.

İlahiyyatçı qeyd edib ki, Həccə gedənlərin bir çoxu kəlmeyi-şəhadəti belə düzgün ifadə edə bilmir:

“İmanı olan yox, pulu olan gedir. Belə Həcc, belə ibadət olarmı? Allahı nə hesab edirlər? Məgər pulla cənnət almaq mümkündür? Bu villa və ya son model avtomobil almaq deyil. Əslində bu formada Həccə getməyin ibadət sayılıb-sayılmaması ciddi sual doğurur.

Çünki prosesin özündə şəffaf olmayan çoxlu məqamlar mövcuddur. Məhz bu şübhələr də bir tərəfdən Həccə getmək istəyən insanları tərəddüdə salır və həvəsdən salır”.

Chosen
29
1
cebheinfo.az

2Sources