EN

“İmişli” klubu Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə ev oyunlarını keçirmək üçün Şamaxı və ya Quba stadionunu sifariş etməyib

ain.az, Bizimyol saytına istinadən bildirir.

Qurbanov Quba Olimpiya İdman Kompleksinin şəraitsiz stadionu haqqında danışaraq bildirib ki, bu cür ot örtüyündə oynamağa icazə verilməməlidir: "Meydança yox kimi idi. Sanki xokkey meydançasıdır. Futbolçular ötürmə verə bilmir, sürüşürlər. Bu oyunla "Nyukasl" la matça necə hazırlaşım? Gəl, indi 3-4 gün futbolçulara bərpa məşqi ver. İkiqat yükləndilər. Bütün komandalar şikayət edir".

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında PFL prezidenti Elxan Səmədov bildirib ki, stadionda olan çatışmazlıqlar ətraflı şəkildə müvafiq instansiyalara biz tərəfdən bildirilib: “Peşəkar Futbol Liqasının qəbul etdiyi hər bir qərarın əsasları vardır. Ümumiyyətlə, “İmişli” niyə Quba OİK stadionunda oynayır” sualına cavab tapmaq üçün bir az əvvələ qayıtmaq və qlobal məqamlara toxunmaq lazımdır.

Bildirmək istərdik ki, “İmişli” klubu Premyer Liqaya vəsiqə qazanacağı təqdirdə ev oyunlarını keçirmək üçün mətbuatda yazıldığı kimi Şamaxı və ya Quba stadionunu sifariş etməyib. Onlar Premyer Liqaya vəsiqə qazanacaqları təqdirdə İmişli şəhər stadionunda oynayacaqlarını bildiriblər və bu stadionda olan çatışmazlıqlar ətraflı şəkildə müvafiq instansiyalara biz tərəfdən bildirilib. Nəinki “İmişli”, hətta Premyer Liqaya vəsiqə qazanan komandaların sayında dəyişiklik edildikdən sonra potensial Premyer Liqa komandalarının stadionlarına ətraflı şəkildə baxış keçirilib və bütün çatışmazlıqlar tam şəkildə göstərilib. “İmişli” klubunun rəhbərliyi tərəfindən İmişli stadionunun Premyer Liqa oyunları üçün hazır vəziyyətə gətirilə bilməməsi səbəbi artıq ictimaiyyətə açıqlanıb. Prosesə yanaşma baxımından PFL eyni addımları “Karvan” klubundan da tələb edib. Yevlax təmsilçisi imkanları çərçivəsində öz arenasını oynanılacaq duruma gətirib. Bura qədər isə stadionda Premyer Liqa standartlarına uyğunluq baxımından xeyli problemlər yaranmışdı. Peşəkar Futbol Liqası olaraq, ən adi elementlərə qədər – isti su, avtodayanacaq, çəkiliş meydançaları, media sektor, miks zona, mətbuat konfransı otağı, paltardəyişmə otağı, eləcə də xüsusi önəmli məqamlardan biri kimi qazonla bağlı tələb-məsləhətlərimizi verdik və klub əməl etdi. “Karvan” stadionunun qazonunun FİFA sertifikatı alması yönündə tələblərimizdən çəkilmədik və bütün addımlardan sonra məkanı yoxlama oyunu ilə sınaqdan keçirib razılıq verdik. Bu gün isə Yevlax təmsilçisi hətta “Kəpəz” klubunun da istifadəsinə imkan yaradıb dəstək olacaq bir məkana sahibdir”.

Elxan Səmədov

Elxan Səmədov vurğulayıb ki, hal-hazırda qış ayları olduğu üçün Quba OİK stadionunun qazonunun yaxşı vəziyyətdə olmadığını qəbul edirik: “Ümumilikdə isə Premyer Liqanın startı ərəfəsində stadionlar ilə bağlı durum fərqli idi. Belə ki, Qəbələ şəhər stadionundan yerli komanda ilə yanaşı “Kəpəz”, Şamaxı şəhər stadionundan yerli komanda ilə yanaşı “Karvan” klubu istifadə edirdi. “Bayıl Arena” Premyer Liqa üçün qəbul olunmadığına, “Kapital Bank Arena”nın qazonu isə hazır olmadığına görə “İmişli” klubu Quba OİK stadionuna üz tutdu. Amma burada ilkin təftiş zamanı xeyli problemlər aşkarlandı. Bura çəkiliş platformaları, media sektor, miks zona, qazon, soyunub-geyinmə otaqlarında olan problemlər daxil idi. Həmin problemlərin aradan qaldırılması üçün tələb olunan vaxtda AFFA və PFL-in təşəbbüsü ilə “İmişli” 2 oyunluq ev görüşlərini AFFA-dan icarəyə götürdüyü Şamaxı şəhər stadionunda keçirdi və yekun təftişdən sonra ümumi infrastruktur imkanları nəzərə alınaraq “İmişli”yə Quba OİK-də oynamaq icazəsi verildi.

Bəli, biz də qəbul edirik ki, hal-hazırda qış ayları olduğu üçün Quba OİK stadionunun qazonu yaxşı vəziyyətdə deyil, amma biz klubla birlikdə demək olar ki, hər oyundan öncə və hər oyundan sonra qazonun oyunlara nisbətən hazır olması üçün çalışırıq. Quba OİK stadionunda Premyer Liqa oyunlarının keçirilməsi yönündə işlər görüldükdən sonra Peşəkar Futbol Liqası qərar verib, amma qərarın özəyində qeyd etdiyimiz məqamlar və ümumi infrastruktur vəziyyətindən yaranmış ümumi mənzərə dayanıb. “Hazırda klubun başqa stadionda oynamaq şansları necədir” sualı isə təhlil olunmalıdır. Peşəkar Futbol Liqası öz növbəsində “İmişli”nin bu rəqibinə bu, digər rəqibinə başqa imkanların yaradılmasının tərəfdarı deyil. Biz PFL olaraq, idman prinsiplərinin qorunması və hər bir komandaya ortaq şəraitin yaradılmasına çalışırıq”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
83
9
bizimyol.info

10Sources