Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.
Nəriman Həsənzadə – 95
Müsahibimiz bu gün 95 yaşı tamam olan Xalq şairi, Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri, Əməkdar incəsənət xadimi Nəriman Həsənzadədir
Duyğulu şeir bir ömür, hər misra bir taledir. Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan xalq şairi Nəriman Həsənzadənin yaradıcılığında keçmişin ağrısı ilə gələcəyin ümidi xatirəyə çevrilir.
O, 34 bədii-poetik toplunun, “Nəriman”, “Zümrüd quşu”, “Kimin sualı var?”, “Atabəylər” poemalarının, “Nabat xalanın çörəyi” povestinin, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. 2004-cü ildə “Seçilmiş əsərləri” dövlət tərəfindən latın qrafikası ilə kütləvi tirajla nəşr edilmiş, 100-dən artıq şeirinə musiqi bəstələnmişdir. Bəstəkar Ramiz Mustafayevlə “Nəriman” və Nazim Əliverdibəyovla “Vətən” kantatalarını işləmişdir.
Nəriman Həsənzadə bir sıra Avropa və Şərq ölkələrində keçirilən elmi-ədəbi konfransların, poeziya simpoziumlarının, rəsmi dövlət səfərlərinin iştirakçısıdır.
Bu gün ömür yolunun 95 illik zirvəsini haqlayan, “Şərəf”, “Şöhrət” və “İstiqlal” ordenli söz sərrafı ilə yarım əsrdən artıq bir dövrü əhatə edən yaradıcılıq yolundan, ədəbiyyatın bugünkü missiyasından danışdıq.
– Nəriman müəllim, şairlik taledir, yoxsa seçim?
– Şairlik bir az yanmaq, bir az susmaq, bir az da hamının duya bilmədiyini duymaqdır. Bu, taleyin yazısıdır, o yazını oxumaq, söz sənətində usta olmaq isə iradə tələb edir. Bəzən düşünürəm ki, əgər şairlik seçim olsaydı, çoxları bu yolu seçməz, bu ağır yükü daşımağa razı olmazdı.
– İllər ötür, nəsillər dəyişir, amma söz yaşayır. Sizcə, söz zamana qalib gəlir, yoxsa zaman şairi ələkdən keçirir?
– Şair yalnız bu günlə yaşamır, keçmişin izlərini, gələcəyin nəfəsini də eyni anda duyur. Adi insan üçün zaman ardıcıllıqdır – dünən, bu gün, sabah. Şair üçün isə uşaqlıq xatirəsi ilə sabahın arzusu eyni misrada görüşə bilir. Mən şeir yazanda bəzən illər aradan çəkilir, dünənlə bu gün arasında sərhəd qalmır. Deməli, zaman mənim içimdə yaşayır. Amma bir həqiqət də var: zaman şairi sınağa çəkir. Hər dövr öz sualını verir. Sən o suallara cavab tapa bilirsənsə, sözün yaşayır. Tapmırsansa, zaman səni unutdurur. Ona görə deyərdim ki, zaman şairin yaddaşında əbədiyyət qazanır.
Bilirsiniz, zamanla yarışa çıxmaq mümkün deyil. O hər kəsdən güclüdür, insanı da aparır, adları da unutdurur. Amma söz həqiqətdən doğulubsa, bir misra ürəkdən gəlibsə, zaman ona toxuna bilmir, söz qalib gəlir.
– Deyirlər, şeir çəkilən ağrı yükünün, həm də yaşanan sevincin susmayan sədasıdır. Bu fikirlə razılaşırsınızmı?
– Bəli, mən öz misralarımda da bunu təsdiq etmişəm. İllər öncə yazmışam ki, “Mənim bu aləmdə öz aləmim var, sənlə sevincim var, sənsiz qəmim var”. Yəni kağız üzərində yazılan misranın arxasında yaşanmış bir ömür dayanmasa, zaman onu çox tez aparır. Yaşanmış ağrı, həqiqi sevgi, içdən gələn etiraf sözə çevriləndə artıq zamanın hökmü zəifləyir. Çünki o söz kağızdan əvvəl qəlbə yazılıb. Mən heç vaxt masa arxasında “şeir yazmağa” oturmamışam. Şeir məni tapıb: ya bir ağrının içində, ya bir sevincin zirvəsində, ya da gecənin səssizliyində.
– Sovet dövründən müstəqilliyə qədər keçdiyiniz sənət yolu yaradıcılığınıza hansı dəyişiklikləri gətirib?
– Zaman, mühit insanı da, sözü də dəyişir. Sovet dövründə biz başqa bir ideoloji mühitdə yaşayırdıq. Sözün sərhədi, deyə biləcəyin və deyə bilməyəcəyin məqamlar vardı. O illərdə şair daha çox məcazla, işarə ilə, bəzən sükutla danışırdı. Müstəqillik dövrü isə mənəvi baxımdan tamam başqa bir mərhələ oldu. Azadlıq həm böyük nemətdir, həm də məsuliyyət. Çünki artıq sözün qarşısında süni baryerlər yox idi. İndi vicdanla üz-üzə qalırdın. Yazdıqlarının arxasında dayanmaq daha ciddi məsuliyyət tələb edirdi. Sovet dövrü mənə dözümlülük və ehtiyatlılıq öyrətdi, müstəqillik isə daxili azadlıq verdi. Amma bir həqiqət dəyişmədi: şair hər dövrdə həqiqətin tərəfində olmalıdır. Sadəcə, o həqiqətin ifadə forması zamanla dəyişir.
– Vətən mövzulu şeirlərinizdə alovlu bir yanğı, daxili göynərti açıq-aydın duyulur...
– Uşaqlıqdan eşitdiyin laylalar, torpağın qoxusu, doğma el-oba, böyüyüb boya-başa çatdığın kəndin təbiəti- bütün bunlar səni formalaşdırır. Sonra anlayırsan ki, sən təkcə öz ömrünü yaşamırsan, bir xalqın yaddaşını da daşıyırsan. Vətən mövzusu mənim üçün həmişə daxili ağrı olub. Çünki vətən seviləndə də ağrıdır, itiriləndə də. Bu torpağın sevinci də, faciəsi də şairin ürəyindən keçir. Əgər o ağrı içindən keçmirsə, yazılan söz sadəcə ritorika olur. Məncə, bu məsuliyyət hissi sevgidən doğur. Sevdiyin şeyi qorumaq istəyirsən. Şairin silahı isə sözdür. Mən vətənə borcumu yalnız sözlə qaytara bilərəm və bu söz səmimi olmalıdır.
– Qarabağ zəfərindən sonra yazarlarımızın qarşısında hansı missiyalar dayanır?
– Qarabağ zəfəri yalnız hərbi qələbə deyil, illərlə içimizdə daşıdığımız nisgilin, həsrətin, ağrının yerini qürur, sevinc tutub. Möhtəşəm zəfərimiz ədəbiyyatın da qarşısında yeni vəzifələr qoyur. İndi quruculuqdan, dirçəlişdən, Böyük Qayıdışdan yazmalı, qalibiyyətimizi bütün dünyaya ədəbi nümunələrlə də çatdırmalıyıq. Amma bu, sadəcə qələbə pafosu olmamalıdır. Ədəbiyyat hadisəni yox, onun insan taleyində yaratdığı dəyişimi göstərməlidir. Yeni missiya yaddaşı qorumaqdır. Biz ağrını unutmalıyıq, amma ağrıdan güc, o zəfərdən isə mənəvi məsuliyyət doğmalıdır. Çünki torpaq azad olunubsa, ruh da ucalmalıdır. Məncə, ədəbiyyat indi daha dərin olmalıdır. Qələbəni tarix yazır, amma onun mənasını söz açır. Mən də Zəfərin verdiyi bu mənəvi güclə böyük həqiqəti misralara köçürdüm:
Qoca tarix, daha susma, millət qalxıb ayağa,And içibdi uluların yaşadığı torpağa.Mən yazıram bu günləri, sinəmdəki varağa,Daha “qaçqın”, daha “köçkün” olmayacaq, ey Vətən!
– Sizcə, milli kimlik məsələsində ədəbiyyatın rolu nədən ibarətdir? Sözün məfkurəvi təsiri zəifləməyib ki?
– Hesab etmirəm ki, ədəbiyyatın rolu zəifləyib. Sadəcə, ifadə formaları dəyişib. Milli kimliyi qoruyan xalqın dili, yaddaşı, ədəbiyyatıdır. Ədəbiyyat millətin özünüdərkidir. Şair xalqın ruhunu yazıya köçürür. Bəli, indi informasiya dövrüdür. Amma buna baxmayaraq, insan yenə də öz kökünə, soyuna qayıtmaq ehtiyacı duyur. O qayıdışın yolu ədəbiyyatdan keçir. Çünki ədəbiyyat millətin daxili səsidir. Məncə, ədəbiyyatın rolu zəifləməyib, sadəcə məsuliyyəti artıb. İndi yazılan hər söz daha böyük məkanda səslənir. Ona görə də milli kimliyi qoruyan söz həm səmimi, həm də dərin olmalıdır. Kimliyini itirən xalqın gələcəyi də sual altına düşər. Ədəbiyyat isə bu kimliyin yaddaşıdır.
– Uzun və məhsuldar yaradıcılıq yoluna nəzər salanda “qırılma nöqtəsi” hesab etdiyiniz anlar oldumu?
– Belə anlar az olmayıb. Məsələn, gənclik illərində sözün yükünü tam anlamadan yazdığım şeirlər vardı. Sonra anladım ki, sözün yükünü daşımaq üçün hər şeydən əvvəl məsuliyyət lazımdır. Daha sonra sovet illəri, müstəqillik, Qarabağ həsrəti və zəfəri – mənim yaradıcılığımda yeni mərhələlər açdı. Hər mərhələ öz sınağı, öz qırılma anını gətirdi. İndi qəlbimdə sönməz sənət atəşini bu misralarla ifadə edirəm:
Yaşım gör illərin harasındadır,İllər məhvərimdən qoparır məni.Ürəyim əvvəlki sevdasındadır,Dünya qayğılara aparır məni.
– Yazılmamış – macal tapıb ipə-sapa düzmədiyiniz şeirləriniz varmı?
– Bəli, ürəyimdə saysız-hesabsız yazılmamış şeirlər var. O şeirlər qəlbimdə yaşayır, susur, amma yox olmur. Mən onları unutmuram, onlar isə məni tərk etmir. Yazılmamış şeir həm bir yükdür, həm də bir nemət. Bəzən düşünürəm ki, şairin ən səmimi şeiri – yazılmayanıdır, çünki o şeir sənin öz daxili səsindir.
– Əgər həyatınızı bir şeirlə ifadə etməli olsaydınız, o hansı şeiriniz olardı?
– Nəriman Həsənzadə adım, soyadım,
Əski əlifbada yazılacaqdı xalqın həyatı, mənim həyatım.Məni yetmiş milyon oxuyacaqdı,Mən ölməyəcəyəm, bu arzum haqdır,Sən də görəcəksən, demə uzaqdır.
– Nəriman müəllim, maraqlı müsahibəyə görə sizə təşəkkür edirik. Müdriklik zirvəsi olan növbəti yubileyinizi oxucularımız və kollektivimiz adından təbrik edirik. Sizə daha uzun və sağlam ömür arzulayırıq.
Müsahibəni apardı:Mehparə ƏLİYEVAXQ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.