EN

"Zelenskiyə müharibənin dayanması elə də sərf etmir" - Politoloqdan ŞƏRH

"Cenevrə danışıqları çox ağır tərzdə gedir. Çünki faktiki olaraq onlar antaqonizm, yəni barışmaz rəqiblər səviyyəsində aparılan danışıqları xatırladır. Antaqonizm o deməkdir ki, tərəflər hələ də barışığa hazır deyillər. Bəli, tərəflərin istəkləri, demək olar ki, bəllidir. Ukrayna ərazi məsələlərində Rusiyanın qoşunlarının öz hüdudlarından çıxarılmasını tələb edir. Rusiya isə bütövlükdə Donetsk vilayətindən, onların “respublika” adlandırdıqları ərazilərdən Ukrayna qoşunlarının çıxarılmasını tələb edir. Nəhayət, tərəflər gələcəkdə sülh sazişinin əldə olunması ilə bağlı məsləhətləşmələr aparırlar".

Bu fikirləri politoloq Tofiq Abbasov Cenevrədə keçirilən ABŞ, Rusiya və Ukrayna nümayəndələrindən ibarət üçtərəfli görüş haqqında Redaktor.az-a danışarkən bildirdi. Onun sözlərinə görə, köklü surətdə mürəkkəbləşdirən amil ondan ibarətdir ki, Qərbdə, xüsusilə də Avropa Birliyində və ümumilikdə Avropa qitəsində Rusiya üçün sülh istəməyən qüvvələr var:

"Faktiki olaraq görürük ki, Almaniyanın kansleri Merz, Böyük Britaniyanın Baş naziri Starmer, eləcə də Fransa Prezidenti Makron çox sərt mövqedən çıxış edirlər. Onlar bildirirlər ki, Ukrayna xalqının hüquqları tapdanıb və bununla barışmaq olmaz. Ona görə də müharibə davam etməlidir ki, son nəticədə Rusiya məğlub olsun. Ancaq Rusiyanın məğlubiyyəti hələlik görünmür. Digər tərəfdən, Rusiyanın hücumu da özünü tam doğrultmur. Rusiya qoşunlarının müəyyən irəliləyişləri olsa da, bunlar cüzidir. Qarşıdurma xətti üzrə, səhv etmirəmsə, doqquza yaxın qaynar nöqtə mövcuddur və onların hamısında mövqe döyüşləri gedir. Bir gün bir tərəf irəliləyir, növbəti gün isə digər tərəf əks-hücuma keçir. Görünən odur ki, müharibə ssenarisi müəyyən mənada dalana dirənib və gözlənilən nəticəni vermir.

Belə bir şəraitdə bəzən gözlənilməz bir addım müvəqqəti sülh üçün imkan yarada bilər. Ancaq burada başqa bir problem ortaya çıxır. Mən mətbuatda da yazmışam ki, faktiki olaraq Rusiya ilə Qərbin müharibəsi Ukrayna meydanında aparılır və bu, həqiqətən də belədir. Münhen Təhlükəsizlik Konfransında çıxışlardan da gördük ki, Qərbdə bəzi militarist qüvvələr hətta Rusiya ilə birbaşa müharibənin başlaya biləcəyini ehtimal edirlər. NATO-nun baş katibi Rutte də sanki bu ssenariyə rəvac verir və bildirir ki, Rusiya Qərb üçün təhdiddir, Ukraynadan sonra Suvalki keçidinə cəhd göstərə bilər və bunun qarşısını almaq üçün qabaqlayıcı addımlar atılmalıdır".

Müsahibimiz əlavə etdi ki, bu danışıqlara təsadüf edən ümumi ab-hava və atmosfer o qədər də sağlam və konstruktiv deyil:

"Ona görə də mən bu danışıqların uğurlu olacağına inanmıram. Hesab edirəm ki, onların nəticəsiz qalması müəyyən mənada Volodimir Zelenskini də xarakterizə edir. O, bu danışıqlardan daha çox öz mövqeyini möhkəmləndirmək üçün istifadə edir. Ona müharibənin dayanması elə də sərf etmir. O, göstərməyə çalışır ki, işğalçı Rusiya ilə barışmaz mövqe tutur və heç bir sövdələşməyə getməyəcək. Bəli, danışıqlardan qaçmır, amma onun üçün maraqlı və cəlbedici təkliflər irəli sürülməlidir. Belə ağır şəraitdə aparılan danışıqlardan hər hansı müsbət irəliləyiş və ya çıxış yolu gözləmək bir qədər sadəlövhlükdür. Təki mən yanılım. Çünki müharibənin uzanması insanlara ağır faciələr yaşadır. İtkilər artır, insanlar həlak olur, infrastruktur dağıdılır. Müharibə bitdikdən sonra isə bütün bu dağıntıları bərpa etmək lazım gələcək. Artıq “BlackRock” şirkəti Ukraynanın bərpası üçün 800 milyard dollarlıq paket təklif edib. Lakin bu vəsait ianə deyil, investisiya formasında nəzərdə tutulur. Bu isə o deməkdir ki, sərmayə qoyan tərəf sonradan qazanc əldə etmək istəyəcək. Beləliklə, insanların ölümü, böyük itkilər və dağıntılar fonunda işgüzar dairələr və onlarla əlaqəli siyasi qüvvələr öz planlarını başqa müstəvidə qurur və onların həyata keçirilməsi üçün şərait formalaşdırırlar. Bu reallıq fonunda danışıqlarla bağlı nikbin fikir söyləmək həqiqətən də çətindir".

Nuriyyə NATİQQIZI

Chosen
71
1
redaktor.az

2Sources