EN

"Gecələr qapını bağlamırdıq ki, bəlkə gələr" - 32 ilin sevinc və kədəri bir arada...

Bəzən bir insanın taleyi təkcə öz ailəsinin deyil, bütöv bir elin yaddaşına yazılır. Babayev Vüqar Səlim oğlunun həyatı da belə bir ömürdür – mərdliklə başlayan, Vətən sevgisi ilə davam edən və 32 illik həsrətlə tamamlanan bir ömür.

Vüqar orta məktəbə 1979-cu ildə qədəm qoymuşdu. Təhsilinə Göyçay rayonunun Qarabaqqal məktəbində başlamış, 8 il burada oxumuşdu. Hələ uşaqlıqdan haqsızlığa dözməyən, sözü düz deyən, mərd xarakterli bir oğul idi.

1988-ci ildə səkkizinci sinfi bitirib Bakıya yollandı. Bir nömrəli fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil aldı, 1989–1990-cı tədris ilinin 25 mayında oranı bitirdi. Elmə marağı, zəhmətkeşliyi ilə seçildi. Sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun qiyabi şöbəsinə daxil oldu. Onun arzuları vardı – gələcək qurmaq, ailə sahibi olmaq, valideynlərini sevindirmək.

Ailədə evin kiçik oğlu idi. Bacısının sözləri ilə desək, o, həm qardaş, həm dost, həm sirdaş idi. Həyət-baca işlərini birlikdə görər, zarafatlaşar, gülərdilər. Çox zarafatcıl idi, amma sözünün də arxasında duran mərd bir gənc idi.

Hərbi xidmətini sovet ordusunda çəkmişdi. Vətən dar gündə olanda tərəddüd etmədi. Hərbi komissarlığa gedərək könüllü yazıldı. Ona “qoy anan üzünü doyunca görsün” desələr də, bir müddət sonra yenidən çağırıldı və döyüşə yollandı. İlk illər Gədəbəy istiqamətində vuruşdu, daha sonra müxtəlif bölgələrdə döyüşlərdə iştirak etdi. Son döyüş yolu Kəlbəcər rayonuna, Murovdağ zirvələrinə uzandı.

Gedərkən anasının və bacısının gözlərindən öpdü. Anası çox ağlamışdı. Sanki hər ikisinin ürəyinə nəsə dammışdı. Vüqar demişdi:

“Ya şəhid olub qayıdacağam, ya da ermənini oradan çıxarıb gələcəyəm”/

Anasının nazik, qaşsız nişan üzüyünü həmişə barmağında gəzdirərdi. Müharibəyə gedərkən üzüyü çıxarıb anasına vermişdi:

“Bunu saxla, evlənəndə həyat yoldaşıma verərsən…”

Bu, yarımçıq qalan arzuların sükutlu vəsiyyəti idi.

Sonra isə uzun, çox uzun itkinlik illəri başladı… 32 il.

O illəri bir Allah, bir də ailəsi bilir. Hər gün evdə ümid vardı. Qapı heç vaxt bağlanmazdı – birdən xəbər gələr, birdən kimsə qapını döyər, “Vüqar tapılıb” deyər… Atası hər dəfə başqa şəhərlərə gedən şəhid nəşlərinə baxardı. Gəncəyə, başqa yerlərə aparılan cənazələrə baxar, bəlkə bir işarə taparam deyə ümid edərdi. O dövrdə çox adsız, nişansız itkinlər vardı.

Bir dəfə yaralı bir muzdlu komandirlə bağlı xəbər gəlmişdi. Atası onunla danışmışdı. Deyilənə görə, Vüqar əsir düşməmək üçün özünə qumbara sıxmışdı. Amma ailə yenə inanmadı. Ümid 20 ilə yaxın yaşadı – bəlkə əsirdir, bəlkə sağdır, bəlkə bir gün səsi çıxar…

Atası bu həsrətə dözmədi. Köçdü dünyadan. Anası isə 32 il yol gözlədi. Hər gün “birdən ölərəm, Vüqarı görmərəm” deyə yaşayırdı. Son illərdə itkin şəhidlərin tapılması xəbərləri ilə ümid yenidən dirçəldi. Gözlər televizorda qaldı – bəlkə növbəti xəbər onların Vüqarından olar.

Nəhayət, uzun illərdən sonra nəşi tapıldı.

O hissi ailəsi sözlə ifadə edə bilmir. Sevinc idi – çünki tapılmışdı. Kədər idi – çünki artıq qayıtmayacaqdı. Kədərli bir sevinc… Anasına ilk günlər deməyə belə ürək etmədilər. Amma artıq bir həqiqət vardı – Vüqarın məzarı olacaq.

Şəhid ailəsi üçün təsəlli budur:

Artıq onun adı bir məzar daşında yazılacaq. Artıq qardaşının qəbrini qucaqlaya biləcəklər. 32 ilin həsrəti torpaq üstündə bir nişanə ilə tamamlanacaq.

22 yaşında haqqa qovuşan Vüqar 54 yaşında hüzura qovuşacaq...

Allah rəhmət eləsin!

Aminə ŞAHSUVARQIZI

Chosen
44
redaktor.az

1Sources