10 mil məsafəyə qaçış üzrə dünya rekordunun sahibi – keniyalı Benard Kibet antidopinq qaydalarını pozduğuna görə 4 illiyə diskvalifikasiya olunub. Müstəqil yüngül atletika orqanı olan “Athletics Integrity Unit”in mətbuat xidməti bu məlumatı yayıb.
"Football-plus.az" xəbər verir ki, idmançının cəzası yarışlardan müvəqqəti uzaqlaşdırıldığı tarixdən – ötən il iyunun 10-dan hesablanır. Hesabatda yazılıb ki, Kibet, çox güman, qan dopinqinə əl atıb.
Bu yöndə ilk şübhələr 2024-cü ilin yayında - idmançının qan analizlərində əvvəlki nəticələrdən açıq-aşkar sapmalar aşkar ediləndə ortaya çıxıb. İdmançının qan parametrlərindən ibarət bioloji profili Paris Olimpiadası zamanı əhəmiyyətli dəyişikliklər göstərib. Nəticədə keniyalı atletin 10000 metr məsafəyə qaçışda 5-ci yeri tutduğu Olimpiada nəticəsi ləğv olunub.
Qan dopinqi idman nəticələrini yaxşılaşdırmağa xidmət edən qan parametrlərinin manipulyasiyasıdı, məsələn, qan köçürmək yolu ilə. Bu, oksigen daşınmasını yaxşılaşdırır və uzun məsafəyə qaçışda işə yarayır. Kibet qan dopinqindən istifadə etdiyini boynuna almayıb və qan parametrlərindəki dəyişikliklərin koronavirus, dəmir əlavələri qəbul etməsi və yüksək hündürlükdə məşqlər səbəbindən yarandığını bildirib. Lakin antidopinq qurumunun ekspertləri mövcud dəlillər işığında bu izahatları inandırıcı saymayıb.
Kibetin 26 yaşı var. Keniyalı 10 mil (16 km) məsafəyə qaçış üzrə dünya rekorduna sahibdi - 44 dəqiqə 4 saniyə. O, bu nəticəni 2022-ci ildə Yaponiyada keçirilən turnirdə göstərib.