EN

Milli Biznesin İnkişafı Forumunda “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi müzakirə olunub

“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun on ikinci xüsusi sessiyası keçirilib.

“İki sahil” xəbər verir ki, “Sağlamlaşdırma və müflisləşmə haqqında qanun layihəsi” mövzusuna həsr olunmuş sessiyada ədliyyə nazirinin müavini Abiddin Hüseynov fəxri qonaq qismində iştirak edib.

Açılış nitqi ilə çıxış edən Abiddin Hüseynov müasir dövrdə müflisləşmə prosesinin bir çox hallarda biznesin sonu deyil, əksinə, onun yenidən strukturlaşdırılması və sağlam əsaslar üzərində qurulması üçün imkan yaradan mərhələ olduğunu bildirib. Onun sözlərinə görə, beynəlxalq təcrübə düzgün və balanslı tətbiq olunan müflisləşmə mexanizmlərinin investisiya mühitinə müsbət təsir göstərdiyini, daxili və xarici sərmayədarlar üçün etibarlı və proqnozlaşdırıla bilən biznes mühitini formalaşdırdığını göstərir.

Nazir müavini qeyd edib ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Dünya Bankının “Əlverişli Biznes Mühiti” (Business Ready) layihəsi çərçivəsində Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” işçi qrupu tərəfindən yeni və daha təkmil hüquqi tənzimləmə mexanizmlərini nəzərdə tutan “Sağlamlaşdırma və müflisləşmə haqqında” qanun layihəsi hazırlanıb, hazırda layihə üzrə müvafiq müzakirələr aparılır.

Layihədə əmlak inzibatçısına dair tələblərin, onların hüquq və vəzifələrinin daha dəqiq müəyyən olunması, həmçinin sağlamlaşdırma prosesinin mərhələli və sistemli şəkildə həyata keçirilməsi planlaşdırılır. Yeni qanun layihəsində qüvvədə olan qanunvericilikdən fərqli olaraq sağlamlaşdırma prosesinin təkcə borclulara münasibətdə deyil, kreditorların da maraqlarının təmin edilməsinə münasibətdə tətbiqi nəzərdə tutulur.

Vurğulanıb ki, yeni qanun layihəsi borc öhdəliklərinin strukturlaşdırılması üçün vahid mexanizm yaradır, iflas prosesi ilə üzləşən şirkətlər üçün aydın fəaliyyət planı təqdim edir və bu yanaşma, xüsusilə xarici investorlar üçün mühüm əhəmiyyət daşıyır.

“Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev ötən il ərzində Ədliyyə Nazirliyinin rəhbər heyəti ilə “Caspian Energy Club” üzvləri arasında forumun xüsusi sessiyaları və işçi qruplar çərçivəsində səmərəli müzakirələr aparıldığını bildirib, bu görüşlərin sahibkarların hüquqlarının qorunması və maarifləndirilməsinə töhfə verdiyini qeyd edib.

Nazirliyin İcra xidməti, Qanunvericilik baş idarəsi, Notariat, qeydiyyat, reyestr baş idarəsi və Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsinin əməkdaşlarının da iştirak etdiyi müzakirə sessiyasında beynəlxalq təcrübə, hüquqi mexanizmlər və təqdim olunan qanun layihəsinin biznes mühitinə mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Xüsusi sessiyanın sonunda Abiddin Hüseynova “Caspian Energy Club”ın fəxri üzvlüyünə dair sertifikat təqdim olunub.

Chosen
35
3
ikisahil.az

3Sources