Hər bir
xalqın dünyada mövcudluğunu təsdiq edən əsas amillərdən biri onun doğma
dilidir. Dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda bir millətin tarixi
yaddaşı, milli kimliyi, mənəvi sərvəti və varlıq rəmzidir. Xalqın keçdiyi
tarixi yol, yaşadığı ictimai-siyasi proseslər, yaratdığı mədəniyyəti və mənəvi
dəyərləri ilk növbədə ana dilində formalaşır və nəsildən-nəslə məhz bu dildə
ötürülür. Bu baxımdan, dil millətin yaddaşı, ruhu və mənəvi pasportu kimi çıxış
edir.
Ana dilini
mükəmməl bilmək insanın dünyagörüşünün formalaşmasında, təhsil səviyyəsinin
yüksəlməsində, milli mənsubiyyət hissinin möhkəmlənməsində mühüm rol oynayır.
Doğma dilinə yiyələnmiş insan həm öz xalqı ilə daha sıx ünsiyyət qurur, həm də
digər xalqların mədəni irsi ilə tərcümə vasitəsilə tanış olmaq imkanı əldə
edir. Dil bir tərəfdən milli özünəməxsusluğu qoruyur, digər tərəfdən, xalqlar
arasında mədəni körpü rolunu oynayır.
Xalqımız
üçün ana dili milli-mənəvi dəyərlər sisteminin ən qiymətli sərvətlərindən
biridir. Təsadüfi deyildir ki, tarix boyu görkəmli şəxsiyyətlərimiz ana dilini
mənəvi Vətən adlandırmış, onu torpaq qədər müqəddəs hesab etmişlər. Dilimiz
xalqımızın keçmişini bu günü ilə birləşdirmiş, milli kimliyimizin qorunmasında
həlledici rol oynamışdır. Zamanın ağır sınaqları, işğallar və siyasi təzyiqlər
qarşısında belə xalqımız öz dilini yaşatmağı bacarmışdır.
Ana dilinin
qorunması yalnız dilçilik məsələsi deyil, həm də milli təhlükəsizlik, milli
özünüdərk və milli davamlılıq məsələsidir. Dilini itirən xalq zamanla öz mədəni
simasını, tarixi yaddaşını və milli kimliyini də itirmək təhlükəsi ilə üzləşir.
Bu səbəbdən ana dilinin saflığının qorunması, yad təsirlərdən uzaqlaşması və gələcək
nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur.
Ana dilinin
qorunmasının qlobal əhəmiyyətini nəzərə alaraq dünya ictimaiyyəti bu məsələni
beynəlxalq səviyyədə diqqət mərkəzinə çıxarmışdır. Hər il 21 fevral tarixində
qeyd olunan Beynəlxalq Ana Dili Günü də məhz bu məqsədə xidmət edir. Bu günün
yaranma tarixi XX əsrin ortalarına - 1952-ci ilə təsadüf edir.
Həmin ilin
fevral ayında Pakistanda benqal dilinin rəsmi istifadəsinin qadağan edilməsinə
etiraz olaraq keçirilən kütləvi aksiyalar zamanı polis müdaxiləsi nəticəsində
bir neçə nəfər həyatını itirmişdir. Bu hadisə dil uğrunda mübarizənin nə qədər
ağır və faciəli nəticələrə səbəb ola biləcəyini bütün dünyaya nümayiş
etdirmişdir. Sonradan Banqladeş nümayəndələri bu hadisənin xatirəsinə ehtiram əlaməti
olaraq 21 fevral tarixinin Ana Dili Günü kimi qeyd olunması təşəbbüsü ilə çıxış
etmişlər.
Bu təşəbbüs
UNESCO tərəfindən dəstəklənmiş və 1999-cu ilin noyabrında qəbul olunan qərara əsasən,
2000-ci ildən etibarən 21 Fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmağa
başlanmışdır. Bu günün əsas məqsədi dünyada məhv olmaq təhlükəsi ilə üzləşən
dillərə diqqət çəkmək, dil və mədəniyyət müxtəlifliyini qorumaq, hər bir insana
öz ana dilində danışmaq, düşünmək və yaratmaq hüququnun vacibliyini
xatırlatmaqdır.
UNESCO-ya
üzv olan dövlətlərə tövsiyə edilmişdir ki, bu gün münasibətilə təhsil müəssisələrində,
mədəniyyət ocaqlarında və kitabxanalarda ana dilinin əhəmiyyətinə həsr olunmuş
tədbirlər, seminarlar, konfranslar və maarifləndirici proqramlar təşkil
edilsin. Məqsəd gənc nəslə ana dili sevgisi aşılamaq, onu qorumağın milli borc
olduğunu anlatmaqdır.
Bu
kontekstdə Azərbaycanda da Beynəlxalq Ana Dili Günü hər il geniş şəkildə qeyd
olunur. Kitabxanalarda, məktəblərdə, mədəniyyət müəssisələrində ana dilinin
qorunması və sevilməsi mövzusunda müxtəlif tədbirlər, sərgilər təşkil olunur, ədəbi-bədii
gecələr və müsabiqələr həyata keçirilir. Bütün bunlar ana dilinin yalnız ünsiyyət
vasitəsi deyil, milli varlığımızın əsas dayağı olduğunu bir daha nümayiş
etdirir.
Azərbaycan
dilinin tarixi inkişaf yolu xalqımızın formalaşma tarixi ilə sıx bağlıdır.
Dilin təşəkkülü və inkişafı heç vaxt təsadüfi proses olmamış, müxtəlif tarixi,
siyasi və mədəni mərhələlərdən keçərək bugünkü kamil səviyyəsinə çatmışdır. Dil
xalqın yaşadığı coğrafiya, məruz qaldığı təsirlər, qurduğu dövlətlər və
yaratdığı mədəni irs ilə paralel şəkildə formalaşmışdır.
Tarixi mənbələr
göstərir ki, Azərbaycan dilinin kökləri eramızdan əvvəl IV əsrə qədər gedib
çıxır. Həmin dövrlərdə indiki Azərbaycan ərazisində Qafqaz Albaniyası, cənub
hissəsində isə Atropatena dövləti mövcud olmuşdur. Şimal və cənub ərazilərində
yaşayan əhali uzun müddət bir-biri ilə sıx əlaqədə olmuş, bu da ümumi etnik və
dil birliyinin formalaşmasına zəmin yaratmışdır. Məhz bu proseslər nəticəsində
Azərbaycan xalqı və ümumxalq Azərbaycan dili təşəkkül tapmışdır.
Dilimizin
ümumxalq dili kimi formalaşması əsasən eramızın V əsrinə təsadüf edir. VI-VIII əsrlərdə
isə Azərbaycan dilində şifahi ədəbi dil inkişaf etməyə başlamışdır. Bu dövrün ən
möhtəşəm nümunəsi "Kitabi-Dədə Qorqud" dastanıdır. Bu abidə təkcə
folklor nümunəsi deyil, eyni zamanda dilimizin qədimliyini, zənginliyini və bədii
imkanlarını nümayiş etdirən nadir yazılı mənbədir. "Kitabi-Dədə
Qorqud"un dili sübut edir ki, Azərbaycan dili hələ o dövrlərdə yüksək ifadə
imkanlarına malik olmuşdur.
IX-XI əsrlərdə
Azərbaycan dilinin yazılı forması daha da inkişaf etmiş, ədəbi dilin əsasları
möhkəmlənmişdir. Birinci minilliyin ortalarından etibarən dilimizin yazısı və əlifbası
artıq mövcud olmuşdur. Həmin dövrdə yaranan yazılı abidələr dilimizin təsadüfi
deyil, davamlı inkişaf yolu keçdiyini təsdiqləyir. XIII əsrdən etibarən isə Azərbaycan
dilində yazılmış bədii və didaktik əsərlərin sayı artmağa başlamışdır (4,s.36).
Dilimizin
tarixində mühüm mərhələlərdən biri onun adlandırılması ilə bağlıdır. Müxtəlif
tarixi dövrlərdə Azərbaycan dili "türk dili", "türki",
"azəri", "Azərbaycan türkcəsi" kimi adlandırılmışdır.
"Türk" adının kökləri qədim Turukki tayfalarına gedib çıxır. Tarixi mənbələrdə
göstərilir ki, turukki sözü "güclü", "qüvvətli", "törəyən"
mənalarını ifadə edir və zamanla "türk" formasını almışdır. Bu ad V əsrdən
etibarən geniş şəkildə işlədilməyə başlamışdır.
"Azəri"
anlayışı isə Azərbaycan adının qısaldılmış forması kimi formalaşmışdır. Ərəblərin
Atropatena sözünü öz fonetik xüsusiyyətlərinə uyğun şəkildə tələffüz etməsi nəticəsində
"Azərbaycan" adı yaranmış, bu ərazidə danışılan dil isə "əl-azəriyə",
yəni azəri dili adlandırılmışdır. Bu termin tayfa adı deyil, məhz coğrafi və
dil adı kimi meydana gəlmişdir. Beləliklə, "türk" və "azəri"
anlayışları tarix boyu paralel şəkildə işlədilmişdir.
Azərbaycan
dilinin tarixi inkişafında XIII-XVI əsrlər xüsusi yer tutur. Bu dövr dilimizin
çiçəklənmə mərhələsi hesab olunur. Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli
kimi dahilər məhz Azərbaycan dilində yazaraq bu dili yüksək ədəbi səviyyəyə
qaldırmışlar. Onların əsərləri sübut etmişdir ki, Azərbaycan dili dərin fəlsəfi
fikirləri, incə duyğuları və mürəkkəb ideyaları ifadə etmək gücünə malikdir.
Tarixi
proseslər göstərir ki, dilin inkişafı təkcə xalqın fəaliyyəti ilə deyil, eyni
zamanda dövlətçiliklə də sıx bağlıdır. Dövlətlərin süqutu və ya işğalı zamanı
dilin mövqeyi zəifləyir, onun işlənmə arealı daralır. Əksinə, güclü dövlətçilik
dövrlərində dil inkişaf edir, rəsmi status qazanır və geniş yayılır. Azərbaycan
dili də bu baxımdan müxtəlif sınaqlardan keçmişdir.
Səfəvilər
dövründə Şah İsmayıl Xətainin fəaliyyəti ana dilimizin tarixində dönüş nöqtəsi
olmuşdur. Bu dövrə qədər rəsmi sənədlər əsasən ərəb və fars dillərində
yazıldığı halda, Azərbaycan dili ilk dəfə dövlət idarəçiliyində geniş istifadə
olunmağa başlamışdır. Bu, ana dilimizin ictimai-siyasi statusunun yüksəlməsinə
səbəb olmuşdur.
Azərbaycan
dili mənşəcə müasir türk dillərinə aiddir və oğuz yarımqrupuna daxildir.
Dilimizin sabit qrammatik sistemi, zəngin lüğət tərkibi və ahəngdar fonetik
quruluşu onu dünyanın ən inkişaf etmiş milli dillərindən birinə çevirir. Azərbaycan
dilində elmi, siyasi, fəlsəfi və bədii fikirləri eyni dərəcədə ifadə etmək
mümkündür.
Bu gün Azərbaycan
dili təkcə respublikamızda deyil, dünyanın onlarla ölkəsində yaşayan
soydaşlarımız tərəfindən istifadə olunur. Milyonlarla insan üçün ana dili olan
Azərbaycan dili, eyni zamanda bir çox azsaylı xalqlar üçün ikinci ana dili
funksiyasını daşıyır. Bu fakt dilimizin ünsiyyət imkanlarının genişliyini və
sosial əhəmiyyətini bir daha təsdiqləyir.
Azərbaycan
dilinin inkişaf tarixində onun dövlət dili statusu qazanması xüsusi əhəmiyyət
daşıyır. Çünki dilin qorunması və inkişafı təkcə mədəni proses deyil, eyni
zamanda siyasi iradə və dövlətçilik təfəkkürü tələb edən məsələdir. Tarixi təcrübə
göstərir ki, dil yalnız dövlət himayəsi altında olduqda cəmiyyətin bütün sahələrində
tam funksional mövqe tuta bilir.
XX əsrin əvvəllərində
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ana dilimizin tarixində mühüm mərhələ
olmuşdur. Həmin dövrdə parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan edilmiş,
rəsmi sənədlər ana dilində tərtib olunmuşdur. Bu, qısa müddət davam etsə də,
milli dövlətçilik tarixində dil məsələsinə verilən yüksək dəyərin göstəricisi
idi. Hətta parlamentdə qeyri-millət nümayəndələrinin çıxışlarının rus dilində
olmasına müvəqqəti icazə verilsə də, dövlət dili kimi Azərbaycan dilinin
mövqeyi qorunmuşdur.
Sovet
dövründə dil siyasəti ziddiyyətli xarakter daşımışdır. Bir tərəfdən Azərbaycan
dili məişət və ədəbi sahədə yaşamağa davam etmiş, digər tərəfdən rəsmi idarəçilikdə
rus dilinin üstün mövqeyi ana dilimizin imkanlarını məhdudlaşdırmışdır. Buna
baxmayaraq, xalqımız dilini qorumağı bacarmış, ədəbi dilin inkişafı
dayanmamışdır. Məhz bu mürəkkəb tarixi şəraitdə ana dilinin dövlət səviyyəsində
qorunması məsələsi daha da aktuallaşmışdır.
Bu istiqamətdə
dönüş nöqtəsi Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Onun dil
siyasəti hələ 1970-ci illərdən formalaşmağa başlamışdır. Ulu Öndərin Bakı Dövlət
Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış etməsi həmin dövr
üçün cəsarətli və prinsipial addım idi. Bu hadisə ana dilinin rəsmi və ictimai
müstəvidə işlədilməsinə güclü stimul verdi.
1978-ci ildə
Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit
olunması milli dil tarixində mühüm nailiyyət idi. Bu addım ana dilinin hüquqi
statusunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Həmin
dövrdə dil məsələsinin dövlət səviyyəsində həll olunması xalqın milli özünüdərk
hissini gücləndirmişdir.
Müstəqillik
əldə edildikdən sonra Azərbaycan dili yeni mərhələyə qədəm qoydu. 1995-ci ildə
qəbul edilən ilk milli Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit
olunması tarixi və siyasi baxımdan son dərəcə mühüm hadisə idi. Bu qərar
dilimizin hüquqi statusunu tam şəkildə bərpa edərək onun inkişafı üçün geniş
imkanlar yaratdı.
Ümummilli
Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dil siyasəti sistemli və
ardıcıl xarakter daşıyırdı. 2001-ci ildə imzalanan "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında" fərman ana dilinin istifadəsi və
qorunması sahəsində yeni mərhələnin əsasını qoydu. Bu fərmanla Azərbaycan
Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Bu qurumun əsas məqsədi
dövlət dilinin tətbiqinə nəzarət etmək, dilin saflığını qorumaq və onun
inkişafını təmin etmək idi.
Ana dilinin
qorunması siyasətinin mühüm istiqamətlərindən biri də əlifba məsələsi olmuşdur.
Azərbaycan tarixində əlifba dəyişiklikləri həmişə mürəkkəb və ağrılı proses
kimi yadda qalmışdır. Lakin latın qrafikasına keçid milli maraqlara uyğun
strateji qərar idi. Bu proses 1990-cı illərin əvvəllərindən başlayaraq, 2001-ci
ildə tam şəkildə yekunlaşdı. İlk olaraq məktəblər, daha sonra dövlət müəssisələri
və nəhayət, mətbuat latın qrafikasına keçdi.
2001-ci il
avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi ana
dilinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir. Bu gün təkcə əlifba dəyişikliyinin
deyil, eyni zamanda milli dil siyasətinin təntənəsi kimi qiymətləndirilir.
2002-ci ildə
qəbul edilən "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun
dilimizin hüquqi bazasını daha da möhkəmləndirdi. Bu qanun dövlət dilinin işlədilməsi,
qorunması və inkişaf etdirilməsi ilə bağlı əsas prinsipləri müəyyən etdi. Həmin
sənəd eyni zamanda dünya azərbaycanlılarının dil və milli-mədəni özünümüdafiə
ehtiyaclarının ödənilməsini də nəzərdə tutur.
Ümummilli
Lider Heydər Əliyevin "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi
köklərə malikdir" fikri onun ana dilinə olan münasibətinin ideoloji əsasını
əks etdirir. O, ana dilini milli dəyər səviyyəsinə yüksəltməyi bacaran nadir
liderlərdən biri olmuşdur. Türk dünyasında dil məsələsini dövlət siyasəti səviyyəsinə
qaldıran lider kimi Heydər Əliyevin rolu əvəzsizdir.
Bu siyasət
bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlət başçısının imzaladığı sərəncamlar ana dilimizin qloballaşma şəraitində
qorunmasına və inkişafına xidmət edir. Latın qrafikasında kütləvi nəşrlərin həyata
keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, dilin elektron məkanda
istifadəsinin genişləndirilməsi bu siyasətin konkret nəticələridir.
Müasir
dövrdə Azərbaycan dili təkcə dövlət idarəçiliyinin deyil, həm də elmin, təhsilin,
mədəniyyətin və informasiya mühitinin aparıcı vasitəsinə çevrilmişdir.
Dilimizin saflığının qorunması, terminoloji sistemin zənginləşdirilməsi və gənc
nəslə ana dilinə sevgi aşılanması dövlət siyasətinin prioritet istiqamətlərindən
biri olaraq qalır (5, s.42).
Azərbaycan
dili bu gün yalnız bir dövlətin rəsmi dili olmaqla kifayətlənmir, eyni zamanda
geniş coğrafiyada milyonlarla insanın milli kimliyini birləşdirən əsas amilə
çevrilmişdir. Hazırda Azərbaycan dili dünyanın onlarla ölkəsində yaşayan soydaşlarımız
tərəfindən ana dili kimi istifadə olunur. Tarixi köçlər, siyasi proseslər və
miqrasiya nəticəsində Azərbaycan dili Rusiya Federasiyasında, xüsusilə
Dağıstanda, Gürcüstanda, İranda, İraqda, Türkiyədə, Suriyada, Ukraynada, ABŞ-də,
Böyük Britaniyada, Almaniyada, eləcə də Orta Asiya respublikalarında geniş
yayılmışdır. Ümumilikdə, Azərbaycan dilində danışanların sayı 45-50 milyondan
artıqdır. Bu fakt dilimizin beynəlxalq miqyasda nə qədər geniş areala malik
olduğunu göstərir.
Azərbaycan
dili respublikamız ərazisində yaşayan bir sıra azsaylı xalqlar - talışlar,
tatlar, lahıclar, qrızlar, saxurlar və başqaları tərəfindən ikinci ana dili
kimi istifadə olunur. Bu isə dilimizin inteqrasiyaedici və birləşdirici rolunu
açıq şəkildə nümayiş etdirir. Azərbaycan dili müxtəlif etnik qruplar arasında
qarşılıqlı anlaşmanı təmin edən ümumi ünsiyyət platforması rolunu oynayır.
Beləliklə,
Azərbaycan dili xalqımızın milli kimliyinin, tarixi yaddaşının və mənəvi
varlığının əsas sütunudur. Onun keçdiyi tarixi yol, qazandığı dövlət statusu və
müasir dövrdəki funksional imkanları sübut edir ki, bu dil yalnız keçmişin
yadigarı deyil, eyni zamanda gələcəyin də əsas təminatıdır. Ana dilinə sahib
çıxmaq, onu sevmək və qorumaq hər bir azərbaycanlının mənəvi məsuliyyətidir.
Aytən
ƏLİYEVA,
AMEA Mərkəzi
Elmi Kitabxananın Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə
doktoru