EN

“Amnesty İnternational” və Vardanyanın pul kisəsi...

Azərbaycan əleyhinə böhtan kampaniyasının fəal iştirakçılarından biri də “Amnesty İnternational” adlanan beynəlxalq qurumdur. Təşkilat yenə də Azərbaycanın daxili işlərinə qarışmağa başlayıb. Bu yaramaz təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers Azərbaycan tərəfindən layiqli şəkildə, hüquqla cəzalandırılan Ermənistan separatçılarının və milyarder Ruben Vardanyanın məhkəmə proseslərini “saxta” adlandırıb. “Amnesty İnternational” beynəlxalq səviyyədə hüquq müdafiəsi təşkilatı kimi tanınsa da, uzun illərdir münaqişələrdə obyektiv mövqe göstərmədiyinin ən çox şahidi Azərbaycan olub. Ölkəmizə qarşı əks mövqe tutan təşkilat əlinə fürsət düşdükcə işğalçıya çətir tutub, onu müdafiə edib.

2020-ci ilin II Qarabağ savaşına qədər və ondan sonrakı dövrdə susan qurum erməni terrorçularına və cinayətkar milyarderə hökm oxunan kimi insan hüquqları adı altında həyasızlığa başlayıb. Ancaq başabəla hüquqçular böhtanlarını əsaslandıra bilməyərək nala-mıxa döyəcləyirlər. Cinayətkarların 15-i barədə hökm oxunanda səsini çıxarmayan xanım Strazers niyə indi bəyanat verir? Səbəb çox sadədir. O, Qarabağdakı keçmiş separatçı rejimdə qondarma “dövlət naziri” postunu tutmuş rusiyalı erməni əsilli iş adamı Ruben Vardanyanın pul kisəsindən pay alıb. Əvəzində hay-küy salaraq onun mühakimə olunmasını mübahisə predmetinə çevirməyə cəhd edib.

Bundan sonra Mari Strazers deyib ki, 16 müttəhimin məhkum olunması və bunun kulminasiyası kimi Ruben Vardanyan barəsində çıxarılmış hökm guya, ədalətsizdir. O, ədalətsizliyi harada və nədə görür? Təbii ki, bu suala cavab vermir, ortaya konkret faktlar qoymur. Çünki əks arqument gətirilməsi qətiyyən mümkün deyil. Göründüyü kimi, “Amnesty International” təmsilçisinin açıqlamasında cəfəngiyyat motivləri var. Sızan məlumatlara görə burada bir məqsəd var ki, o da Vardanyandan çox pul qoparmaq olub. Amma bu, hələ son deyil. Xanım Strazers onu da bildirib ki, olduqca ağır cinayətlərdə ittiham olunan Ruben Vardanyan və digər müttəhimlərlə bağlı məhkəmə prosesləri faktiki olaraq qapalı keçirilib, iclaslar onların anlamadığı və adekvat şəkildə tərcümə edilməmiş dildə təqdim edilən sübutlara əsaslanıb. Halbuki, məsələ heç də belə deyil və ağ yalandır. İstintaq ermənilərin başa düşdükləri dildə aparılıb, istədikləri vəkil onları müdafiə edib və məhkəmə iclaslarında onlarla insan iştirak edib. Yəni Strazersin şər-böhtanı heç cür “yerimir”.

Əgər “Amnesty İnternational” təşkilatı insan hüquqlarının müdafiəsinə ədalətli yanaşırsa, onda ilk növbədə bu suala cavab verməlidir ki, Ruben Vardanyan icazə almadan Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazisində nə gəzirdi? Rusiyadakı biznesini atıb Qarabağa niyə soxulmuşdu? Çünki Vardanyan nə Ermənistanda, nə də başqa bir ölkənin ərazisində həbs edilməyib, məhz Qarabağda tutulub. Məgər bilmirlər ki, Ruben Qarabağdan arvad paltarı geyinib qaçıb? Bu sualın izahı nədir, bəlkə buna cavab verələr. Əlbəttə, birtərəfli münasibət göz önündədir.

Bundan başqa, Ruben Vardanyan və onun maliyyələşdirdiyi terrorçu-separatçılar yüzlərlə azərbaycanlını qətlə yetirib. Bu faktlar təsdiqini tapıb. Lakin beynəlxalq təşkilatlar, o cümlədən “Amnesty İnternational” həmin şəxslərin hüquqları haqqında nəinki heç bir tədbir görmür, heç bu haqda danışmır. Bu, artıq ikili deyil, tam birtərəfli və qərəzli yanaşmadır. Qoy bu təşkilatın “hüquqçuları ” ədalətli mühakiməni gəlib Azərbaycan hüquqşünaslarından öyrənsinlər.

Təəssüf ki, “Amnesty İnternational” kimi təşkilatlar o qədər özbaşına olublar ki, öz eyiblərini görmək istəmirlər. Axı, yüzlərlə insanın qətlində iştirakı sübut edilən, separatçıya cəza verən məhkəmə prosesini necə qanunsuz adlandırmaq olar? Onda desinlər: Özgəsinin əzəli ərazilərini vəhşicəsinə talayıb işğal etmək, minlərlə əhalisini qırıb-çatmaq qanunidirmi? Bu faktlara niyə kar və kor olublar?

“Amnesty İnternational” beynəlxalq qeyri-hökumət təşkilatını qərəzli və selektiv yanaşmadan imtina etməli, hüquqi proseslərə siyasi çalar verməməli və insan hüquqlarının müdafiəsinə həqiqətən obyektiv, balanslı və peşəkar prinsiplər əsasında xidmət etməlidir. Əgər etmirsə sözünün heç bir mənası və təsir gücü olmayacaq.

Vəli İlyasov, “İki sahil”

Chosen
33
ikisahil.az

1Sources