EN

“ABŞ və İran arasında strateji qarşıdurma kritik həddə çatıb” Ramiz Yunus

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

"2026-cı ilin əvvəlində İran ətrafında formalaşan vəziyyət qlobal nəticələr doğura biləcək mürəkkəb geosiyasi labirinti xatırladır".

"AzPolitika" xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Ramiz Yunus bildirib.

Politoloq qeyd edib ki, Cenevrədə ABŞ və İran arasında aparılan danışıqlar və regionda artan gərginlik fonunda tərəflər birbaşa toqquşmadan yayınmağa çalışsalar da, strateji qarşıdurma artıq kritik həddə çatıb.

Onun sözlərinə görə, rəsmi bəyanatlardan görünür ki, həm Vaşinqton, həm də Tehran danışıqların nəticələri ilə bağlı ehtiyatlı mövqe sərgiləyir. Əsas fikir ayrılıqları – İranın nüvə proqramı, ballistik raketlərlə bağlı məhdudiyyətlər və təhlükəsizlik məsələləri hələ də ciddi problem olaraq qalır.

R.Yunus vurğulayıb ki, ABŞ regiondakı hərbi gücünü təzyiq aləti kimi istifadə edir, İran isə dialoqa hazır olduğunu nümayiş etdirməklə vaxt qazanmağa çalışır. Bununla belə, onun fikrincə, Tehranın mövqeyi hazırda olduqca zəifdir və yaxın günlərdə vəziyyət müəyyən məcraya yönəlməlidir.

Politoloq xüsusi olaraq Hörmüz boğazının strateji əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, dünya üzrə dəniz yolu ilə ixrac olunan neftin təxminən 25 faizi, neft məhsulları da daxil olmaqla isə 40 faizə qədəri bu boğazdan keçir. Burada gəmiçiliyin pozulması qlobal bazarlara və neft qiymətlərinə dərhal təsir göstərir.

Ekspert qeyd edib ki, İran və Rusiyanın bölgədə keçirdiyi hərbi təlimlər təkcə taktiki deyil, həm də siyasi mesaj xarakteri daşıyır. Bu, Qərbə ünvanlanan siqnaldır ki, Tehran və tərəfdaşları öz mövqelərini qorumağa hazırdırlar.

R.Yunus ABŞ-ın taktikasının aydın olduğunu və müəyyən mənada Venesuela ssenarisini xatırlatdığını bildirib – blokadanın gücləndirilməsi, hərbi güc nümayişi və təzyiqin artırılması. Onun sözlərinə görə, regionda artıq müxtəlif istiqamətlərdən aviadaşıyıcı qruplar və hərbi gəmilər cəmləşdirilib.

Politoloq vurğulayıb ki, ABŞ Prezidenti Donald Trump İrana sərt ultimatum verib: yaxın 10–15 gün ərzində razılaşma əldə olunmasa, “çox ciddi nəticələr” qaçılmaz olacaq. Bununla yanaşı, o əlavə edib ki, ABŞ-da payızda Konqres seçkilərinin keçirilməsi və belə əməliyyatların yüksək maliyyət tələb etməsi Vaşinqtonun addımlarını daha da hesablanmış edir.

R.Yunusun fikrincə, İran Venesuela deyil. Ölkənin iqtisadi, sosial və siyasi zəifliyi onu daha həssas vəziyyətə salır. Güc yolu ilə həll cəhdi regionda genişmiqyaslı sabitsizlik, neft qiymətlərinin artımı və tərəflərin müttəfiqlərinin daha geniş qarşıdurmaya cəlb olunması ilə nəticələnə bilər.

Ekspert hesab edir ki, danışıqlar prosesi hazırda hərbi eskalasiyanın qarşısını almaq və ya onu təxirə salmaq üçün əsas alət rolunu oynayır.

Politoloq əlavə edib ki, 1979-cu ildən bəri İran heç vaxt indiki qədər həssas mövqedə olmayıb. Onun sözlərinə görə, ABŞ və İsrail bu məqamdan istifadə etməyə çalışır və İranla bağlı qəbul olunmuş strateji qərarların taktiki mərhələdə icrası prosesi gedir. Təzyiq isə siyasi, iqtisadi və hərbi müstəvidə sistemli şəkildə artırılır.

Sonda R.Yunus vurğulayıb ki, yaxın günlərdə danışıqların kompromislə nəticələnib-nəticələnməyəcəyi və ya böhranın daha sərt fazaya keçəcəyi aydınlaşacaq. Onun fikrincə, İranın taleyi bütün region üçün lakmus kağızına çevrilib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
55
50
azpolitika.info

10Sources