EN

Selcan Mahsudova: Finala yüksəlsəm də, çıxışımdan tam razı qalmadım

Bakı, 21 fevral, AZƏRTAC

Fərdi təsnifat mərhələsi mənim üçün olduqca çətin keçdi. Düşünürəm ki, bundan da yaxşı çıxış edə bilərdim. Bu baxımdan performansımdan tam razı qalmadım. Amma əsas odur ki, finala yüksələ bildim.

AZƏRTAC xəbər verir ki, bu sözləri batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kuboku, AGF Trophy barədə danışarkən deyib.

O, batut gimnastikasında müəyyən qaydaların dəyişdiyini xatırladıb: “Hər Olimpiya Oyunlarından sonra qaydalarda dəyişiklik yaranır. Dünya Gimnastikası hansı qaydaları təklif edirsə, biz də onu tətbiq edirik. Məsələn, əvvəllər əsas və fərdi hərəkətlər var idisə, indi isə hər iki çıxışımız sərbəst hərəkətlər adlanır. İstədiyimiz hərəkəti iki dəfə icra edə bilərik, amma ikisindən ən yaxşı olanı hesaba alınır”.

İdmançı növbəti hədəflərindən də danışıb: “Parisdə iştirak etdiyim ilk Olimpiadada həyəcanlı idim. Qarşıma məqsəd qoymuşam ki, ilk növbədə 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanım. Çünki bu, batut gimnastikamız üçün çox vacibdir. Paris Olimpiadasına da vəsiqə əldə edəndə bu, ölkə idmanı üçün tarixi nəticə oldu. Təbii ki, əsas hədəfim Olimpiya medalına sahib çıxmaqdır”.

Qeyd edək ki, bu gün start götürən turnirə fevralın 22-də yekun vurulacaq.

Chosen
14
3
azertag.az

4Sources