EN

“Onun bir qotur eşşəyi də yoxdur” – Hacı Qalib elə şeylər danışdı ki...

Xəbər verdiyimiz kimi Bilgəh qəsəbəsində Hacı Qalib Salahzadəyə məxsus olan və  uzun illərdir fəaliyyət göstərən ticarət obyektinin fəaliyyəti ilə bağlı mübahisəli vəziyyət yaranıb. Ötən gün isə sökülmüş obyektlə bağlı Hacı Qalibin bir işçisi saxlanılıb.

Hacı Qalib Musavat.com-a deyib ki, onunla bağlı hüquq-mühafizə orqanlarına anonim şikayətlər daxil olub və bundan sonra işçisi İlham saxlanılıb: “İlham günə 5 manata işləyən adamdır. Onun obyekti haradan ola bilər? Onun bir qotur eşşəyi də yoxdur. Obyekt mənimdir, oranı mən tikmişəm, tutmaq istəyirlərsə, gəlib məni tutsunlar. Möhtərəm cənab Prezidentimiz fərman verir, sərəncam verir ki, ölkədə sahibkarlıq inkişaf eləsin. Prezidentin bu işlərdən xəbəri yoxdur, bilsə ki, sahibkarların başına nə oyun açırlar, yəqin ki, biləcək də, onda biləcəklər ki, özbaşınalıq eləmək nədir. Obyekti sökdülər, orada işləyənlərdən biri də türk idi. Dedi ki, abi, mən belə işləyə bilmirəm, yığışdı, çıxdı getdi. Onun işçilərinə indi maaşı kim verəcək? Belə işlərlə sahibkarları ölkədən uzaqlaşdırırlar”.

Hacı Qalib deyir ki, sökülən obyekt təxminən 20-25 ildir fəaliyyət göstərir və illərdir burada heç bir ciddi problem yaşanmayıb. Onun sözlərinə görə, son 3-4 ildə müəyyən şəxslər tərəfindən təzyiqlər artıb.

“Deyirlər ki, anonim şikayətçi var. Amma həmin şikayətçinin kim olduğu bilinmir. Adı da, atasının adı da məlum deyil. 37-ci ildir ki, anonim şikayətlə adam tutular?” – deyə Hacı Qalib narazılığını ifadə edib.

“Mən Almaniyada olanda nəzarəti ona tapşırmışdım”

Hacı Qalib qeyd edib ki, bir müddət Almaniyada müalicədə olarkən işlərin nəzarətini İlhama həvalə edib. Onun sözlərinə görə, kommunal ödənişlərin və digər xərclərin vaxtında ödənilməsi ona tapşırıb:

“Oranı mən tikmişəm, obyekt rəhmətlik anamın adına rəsmiləşdirilib və uzun illərdir burada bir neçə ailə dolanışığını təmin edir. İndi də deyirlər ki, qanunsuz tikili deyirlər. Əgər qanunsuzdursa, 25 ildir necə fəaliyyət göstərir? Bu illər ərzində niyə heç kim demədi? İndi birdən-birə məsələ qaldırılır?"

Xatırladaq ki, Hacı Qalib Salahzadənin obyekti fevralın 2-də sökülüb. O,  Musavat.com-a əvvəlki açıqlamasında demişdi ki, əraziyə 30-a yaxın şəxs gəlib, obyektin bir hissəsini sökərək ərazini tərk edib. Onun sözlərinə əsasən, Bilgəhdə ona məxsus tikililərin ümumi sahəsi 1200 kvadratmetrdən artıqdır və ona digər obyektləri özü sökməsi ilə bağlı da xəbərdarlıq edilib. Hacı Qalib Salahzadə isə buna razı olmadığını deyir.

Bu, Hacı Qalib Salahzadənin Bilgəhdəki obyektləri ilə bağlı ilk insident deyil. Xatırladaq ki, 2024-cü ilin may ayında da Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri Bilgəh qəsəbəsində, Xəzər sahilində yerləşən və Salahzadəyə məxsus olduğu deyilən bağ torpaq sahəsindəki tikililəri sökmüş, ərazinin giriş qapısını daşla hörmüşdülər. Həmin vaxt Salahzadə bildirmişdi ki, vaxtilə 500 min manata aldığı bağ sahəsini əhatələyən hasar dağıdılıb. Keçmiş deputatın sözlərinə görə, söküntüdən öncə icra başçısı Adil Vəliyev şəxsən əraziyə gələrək tikililərin dərhal söküləcəyini bildirib. Salahzadə iddia edir ki, icra başçısı Prezident Administrasiyasında çalışan yüksək rütbəli məmurların adlarını çəkərək söküntünün onların göstərişi ilə aparıldığını deyib, eyni zamanda ona qarşı hədələyici ifadələr səsləndirib. O, bu davranışların özünü provokasiyaya çəkmək məqsədi daşıdığını iddia edir. Hacı Qalib Salahzadə bildirir ki, sökülən bağ sahəsində üç yaşayış evi olub və onun əlində həmin torpağa dair bələdiyyə sənədləri mövcuddur. Onun sözlərinə görə, bu torpaq sahəsini vaxtilə nardaranlı Ağaismayıl və Fərhad adlı şəxslərdən 500 min manata alıb və həmin şəxslər hazırda sağdır.

O zaman Musavat.com məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də mövqeyini öyrənmişdi. İcra başçısı demişdi ki, söküntü zəbt edilmiş dövlət torpağının qanunsuz tikililərdən təmizlənməsi məqsədilə aparılıb. Adil Vəliyevin sözlərinə görə, sözügedən ərazi çimərlik zonasıdır və heç vaxt bələdiyyə torpağı olmayıb. O iddia edib ki, Hacı Qalib Salahzadə Bilgəhdə onlarla hektar ərazini müxtəlif üsullarla zəbt edib və bu torpaqlarla bağlı məhkəmə çəkişmələri davam edir. İcra başçısı həmçinin bildirmişdi ki, Hacı Qalib Salahzadə bələdiyyə sənədlərindən sui-istifadə edib və həmin sənədləri öz adına rəsmiləşdirib. Onun sözlərinə görə, ərazi dövlət torpağıdır və Dövlət Proqramına əsasən abadlaşdırılması nəzərdə tutulur. Adil Vəliyev vurğulamışdı ki, söküntü ilə bağlı Prezident Administrasiyasından heç bir göstəriş almayıb və bu addımı öz təşəbbüsü ilə atıb. Əlavə etmişdi ki, əgər Hacı Qalib Salahzadənin sözügedən torpaq sahəsinə dair dövlət qeydiyyatından keçmiş çıxarışı olsaydı, icra hakimiyyəti onun mülkiyyətinə toxunmazdı. O, həmçinin bildirib ki, sahilyanı zolaq “Amburan”dan Nardarana qədər xalqın istifadəsində olan çimərlik ərazisidir və bu ərazilərin zəbt edilməsinə yol verilməyəcək. İcra başçısının iddiasına görə, Hacı Qalib Salahzadə onlarla vətəndaşa hüquqi əsası olmayan bələdiyyə sənədləri verib və bu da İcra Hakimiyyətini vətəndaşlarla üz-üzə qoyur. Onun sözlərinə görə, “Şəbəkə” adlı çimərlik də daxil olmaqla 2 hektar 80 sot ərazi məhz bu cür sənədlərlə mənimsənilib.

Adil Vəliyev bildirib ki, əgər qarşı tərəf rəsmi çıxarış təqdim edə bilsə, o zaman söküntünün dayandırılması və hətta üzr istənilməsi də mümkün ola bilər.

Chosen
5
2
moderator.az

4Sources