Ağ Evdə İrana qarşı hərbi əməliyyatların başlanmasına vahid dəstək yoxdur, ekspertlər bunun aralıq seçkilərə mənfi təsir göstərə biləcəyini deyirlər...
ABŞ-də Ağ Ev daxilində İrana qarşı hərbi əməliyyatların başlanması ideyasına hələ də yekdil dəstək formalaşmayıb.
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ prezidenti Donald Trampın sərt və hərbi ritorikasına baxmayaraq, administrasiya daxilində bu məsələyə münasibət birmənalı deyil.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, dövlət başçısının İrana qarşı mümkün hərbi addımlarla bağlı mövqeyi noyabr ayında keçiriləcək aralıq seçkilərin nəticələrinə mənfi təsir göstərə bilər. Ekspertlər hesab edirlər ki, uzunmüddətli münaqişə prezidentin reytinqlərinə zərbə vurmaqla yanaşı, onun “əbədi müharibələr” dövrünə son qoyacağı barədə əvvəlki vədləri ilə ziddiyyət təşkil edir.
Məlumata görə, prezidentin köməkçiləri onu diqqətini ölkədaxili iqtisadi problemlərə yönəltməyə çağırırlar. Respublikaçılar Partiyasının seçki qərargahının nümayəndələri də Donald Trampın xarici siyasət mövzularından daha çox sosial və iqtisadi məsələlərə üstünlük verməsini istəyirlər. Reuters yazır ki, bu həftə Donald Trampın iştirakı olmadan keçirilən qapalı brifinqdə nazirlər iqtisadi çətinlikləri seçki kampaniyasının əsas mövzusu kimi qiymətləndiriblər.
Ekspertlərin fikrincə, seçicilərin əksəriyyəti, o cümlədən tərəddüd edən elektorat daha çox inflyasiya və yaşayış xərclərinin artımından narahatdır, xaricdəki münaqişələr isə onlar üçün prioritet sayılmır. Agentlik qeyd edir ki, aralıq seçkilərdə xarici siyasət məsələləri nadir hallarda həlledici amilə çevrilir.
Donald Tramp daha əvvəl dəfələrlə bəyan edib ki, İran hakimiyyəti nüvə sazişinə razılaşmasa, ölkəyə zərbə endirilə bilər. ABŞ ilə İran arasında danışıqların yeni raundu fevralın 26-da Cenevrədə keçiriləcək. Tərəflər arasında əvvəlki görüş fevralın 17-də Oman vasitəçiliyi ilə baş tutub. ABŞ prezidenti Tehrana razılaşmanın əldə olunması üçün 10–15 gün vaxt verdiyini açıqlayıb.
Poliqon.info