Təşkilatçıların yaydığı məlumata görə, aksiya iştirakçıları əvvəlcə Vere parkı ərazisində toplaşacaq, daha sonra yürüş edərək Gürcüstan Parlamentinin binasına doğru hərəkət edəcəklər.
Bəyanatda xatırladılır ki, 25 fevral 1921-ci ildə "Tbilisi üzərində qırmızı bayraq dalğalanır" məzmunlu teleqram Moskvaya göndərilib. Həmin gün Gürcüstan müstəqilliyini itirsə də, azadlıq iradəsini itirməyib. Qeyd olunur ki, 100 ildən artıq vaxt keçməsinə baxmayaraq, 1921-ci ildə Kodjori və Tabaxmelada başlanan mübarizə hələ də başa çatmayıb.
Təşkilatçılar bildirirlər ki, "işğal xətti" bu gün də ölkə ərazisindən keçir və tarixi ədalətsizliyə son qoymaq cəmiyyətin borcudur. Onların sözlərinə görə, 25 fevral aksiyası paytaxtı son gülləyədək müdafiə edənlərin xatirəsini anmaq, işğalın müvəqqəti olduğunu və müqavimətin davam etdiyini nümayiş etdirmək məqsədi daşıyır.