Məlumdur ki, son zamanlar valyuta bazarında müəyyən dəyişikliklər baş verir.
Belə ki, dolların bazarda bolluğu və tələbin nisbətən zəif qalması milli valyutanın möhkəmlənməsinə səbəb olub. Hətta bu yaxınlarda Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov qeyd edib ki, ötən il keçirilən valyuta hərraclarında dollar təklifi tələbi üstələyib. Onun sözlərinə görə, cari ilin yanvar ayında əhalinin dollar alışları son 3-4 ilin ən aşağı həddinə düşüb.
Maraqlıdır, indiki şəraitdə əhalinin dollara marağının azalmasına hansı amillər daha çox təsir göstərir?
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, əhalinin faktiki real gəliri azalıb, xərcləri isə artıb:

"Əhalinin pul ehtiyatı əsasən dollarladır. Pula ehtiyac artır, gəlir səviyyəsi isə əvvəlki vəziyyətdə deyil. Ölkədə iqtisadi böhran var. Belə olan halda insanlar əllərində olan dolları manata dəyişir".
Ekspert onu da əlavə edib ki, artıq uzun illərdir ölkədə dollar alışı ilə bağlı məhdudiyyət var:
"Yəni 20 min manat ekvalentində dollar almaq olar. Lakin bundan artıq olanda şəxs gəlirini sübut etməlidir. Həmçinin, son 1 ildə dolların dəyəri 10 faiz düşüb. Dolların özü digər valyutalara nisbətən devalvasiyaya məruz qalıb. Bu səbəbdən də bir qisim insanlar dolları yox, digər valyutalara üstünlük verir. Məlum vəziyyətin nə dərəcədə davam edəcəyi bəlli deyil, ancaq hər kəsə bəllidir ki, bu hal ABŞ Prezidenti Donald Trampın siyasəti ilə bağlıdır".
Günel