EN

İçki məclisinin sonu məhkəmədə bitdi Nəslimi kökümü söydü, bıçaqladım

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakının Xəzər rayonunda 1994-cü il təvəllüdlü Nağı Quliyev qonşusu olan 2005-ci il təvəllüdlü Əlisakit Məmmədovu öldürməyə cəhd edib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin iyunun 2-də rayonun Şağan qəsəbəsi, Qazmaçılar küçəsində baş verib. Nağı həmin gün saat 19:00-da küçədə olarkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əlbəyaxa olduqdan sonra öldürmək niyyəti ilə yaşadığı evdən götürdüyü bıçaqla Əlisakitə zərbələr vurub. Əlisakit hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Nağının barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən Nağı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Əlisakit onunla qonşudur, on ildir ki, tanıyır: “Əlisakitlə münasibətlərimiz hər zaman yaxşı olub. 2024-cü ilin iyunun 2-i həftənin bazar günü olduğundan işə getməmişdim. Bütün gün evdə olmuşam. Həmin gün saat 16:00-da həyət darvazasından çölə, məhəlləyə çıxdım. Qapının yanında olan dükanın yaxınlığında dayandım. Bu zaman uzaqdan Əlisakitin də gəldiyini gördüm. Darvazadan içəri keçərək göyərçinlərə baş çəkmək istədim ki, pişiklər göyərçinləri aparmasın. Bu vaxt Əlisakit arxamca gələrək darvazadan içəri keçdi, mənimlə salamlaşdı. Bundan sonra o, mənə yeyib-içmək istədiyini bildirdi. Mən pulumun olmadığını bildirsəm də, Əlisakit 10 manat pulunun olduğunu dedi. Onunla razılaşdım və birlikdə gedərək məhəllədəki dükandan spirtli içki olan araq aldıq. Daha sonra birlikdə evə gəldik və həyətdə qoyulmuş stolda süfrəni hazırladıq, Əlisakitlə süfrə arxasına keçərək yemək yedik, spirtli içki içməyə başladıq. Araq qurtardıqdan sonra Əlisakit yenə spirtli içki içmək istədiyini, mən də “yaxşı, gedib nisyə dükandan yenə araq götürərəm” dedim. Tək gedərək dükandan nisyə araqdan aldıq. Yeyib-içmək qurtardıqdan sonra Əlisakitlə birlikdə həyət darvazasından məhəlləyə çıxdıq. Məhəlləyə çıxdıqdan sonra transformator qoyulan tərəfə getdik. Mən siqaret yandırdım və gəzişərkən Əlisakit məndən bir az irəlidə getdi. Bu zaman saat təxminən 19:00 olardı. Evdən çıxanda stolun üzərimdəki bıçağı da özüm ilə götürdüm ki, çöldə hasarın dibində olan otları təmizləyim”. Təqsirləndirilən şəxs qeyd edib ki, bu vaxt Əlisakit fit çalaraq qışqırıb: “Mən də Əlisakitə məhəllədə fit çalaraq qışqırmamasını, məhəllədə qız-gəlinin, ailələrin olduğunu, insanlara narahatçılıq verməməsini dedim, ona irad tutdum. Bu zaman Əlisakit qışqıra-qışqıra mənə qarşı nalayiq ifadələr işlətdi. Həmin vaxt Əlisakitin qolundan tutdum, çiynindən kənara itələdim və “ağzını yığışdırmasını” tələb etdim. Əlisakit qabağa getdi, yenidən arxaya qayıtdı və üzbəüz gələrək köynəyimdən tutdu, məni dartışdırdı. Bu zaman köynəyim cırıldı. Mən arxaya səndələdim və ayağım çuxura girdi. Həmin vaxt bıçaq əlimdən yerə düşdü. Əlisakit məni itələyən zaman da təhqirlərimə davam etdim. Bıçaq əlimdən düşdüyünü gördükdən sonra əyilərək bıçağı götürdü. Mən Əlisakitin dayanmadığını və əksinə mənə qarşı daha ağır söyüşlər söydüyünü görərək qəzəbləndim. Əlisakit mənim nəslim, köküm, var-yoxum haqqında söyüşlər söyməsini eşitdim. Özümdən çıxdım və onun üzərinə getdim. Əlisakitin fikrinin yayındığını gördüm və əlim ilə əlinə zərbə vurum. Zərbə nəticəsində Əlisakitin əlində olan, mənim evdən götürdüyüm bıçaq yerə düşdü. Cəld bıçağı götürərək onun üzərinə getdim, bıçaqla ona iki dəfə zərbə vurdum. Hadisə ani olaraq baş verdiyindən və sərxoş vəziyyətdə olduğundan zərbələrindən birinin onun ürəyinə dəyməsini anlamadım. Bu barədə polis idarəsində olarkən xəbər tutmuşam. Əlisakitin yerə yıxıldığını və daha sonra evlərinə tərəf getdiyini görüdüm. Mən də öz evimə getdim. Daha sonra köynəyimi dəyişdim və yenidən məhəlləyə çıxdım. Əlisakitin evinə tərəf getdim. Həmin vaxt polis işçilərinin məhəllədə olduğunu gördüm və onlara yaxınlaşdım, baş vermiş hadisəni danışaraq təslim oldum”.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nağının əməli Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən həmin məcəllənin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib və 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinməsini, cəzasının ağırlaşdırılmasını istəyib.Həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən də apellyasiya şikayəti verilib. Müdafiə tərəfi daha yüngül cəzanın təyin olunmasını istəyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs və onun müdafəçisi tərəfindən verilən şikayət təmin olunmayıb. Amma dövlət ittihamçısının protesti təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Yeni hökmə əsasən, təqsirlədirilən şəxsin cəzası 7 il 10 ay 15 gün müddətinə qədər artırılıb. 

Bu qərardan məhkumun vəkili kasasiya şikayəti verib. Vəkil müvəkkilinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin tətbiq edilməsini, onun cəzasının yüngülləşdirilməsini tələb edib. 

Ali Məhkəmənin qərarı ilə müdafiə tərəfinin kasasiya şikayəti qismən təmin edilib. Məhkumun əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilib və onun cəzası 4 ilə endirilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
demokrat.az

1Sources