EN

Zelenski: Ukraynaya “Patriot” sistemlərinin istehsalı üçün lisenziya verilmir

Volodimir Zelenski Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlərin istehsalı məqsədilə lisenziya verilmədiyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Prezident bu barədə BBC-yə müsahibəsində danışıb. Onun sözlərinə görə, hazırda hava hücumundan müdafiə məsələsi ölkə üçün ən mürəkkəb istiqamətlərdən biridir.

“Ən azı raketlərin istehsalı üçün lisenziyaya ehtiyacımız var. Təəssüf ki, indiyədək bu istiqamətdə nəticə əldə edə bilməmişik”, – deyə Zelenski bildirib.

Dövlət başçısı vurğulayıb ki, Ukraynanın müharibədə daha güclü mövqedə olması üçün hava məkanının etibarlı şəkildə qorunması vacibdir. Onun sözlərinə görə, mülki əhalinin təhlükəsizliyi təmin olunarsa, iqtisadi fəaliyyət bərpa edilər, məktəblər işləyər və bu da ordunun maliyyələşdirilməsinə əlavə imkan yaradar.

Zelenski qeyd edib ki, Avropa hazırda Ukraynaya maliyyə dəstəyi göstərir. O bildirib ki, ABŞ-dən hava hücumundan müdafiə sistemlərinin alınmasını nəzərdə tutan proqramlardan biri Avropa tərəfindən maliyyələşdirilir və Kiyev bu dəstəyi yüksək qiymətləndirir.

Bununla yanaşı, prezident vurğulayıb ki, beynəlxalq yardım hələ də kifayət deyil. Onun sözlərinə görə, bəzi ölkələr Ukraynaya yetərincə dəstək verir, digərləri isə ya çox az yardım göstərir, ya da prosesə mane olur.

“Ümumilikdə kifayət qədər maliyyə varmı? Xeyr. Avropa Ukraynanın tərəfindədir və kömək edir. Lakin bizə daha çox dəstək lazımdır, çünki silah baxımından Rusiya Federasiyası ilə müqayisədə imkanlarımız məhduddur”, – deyə Zelenski bildirib.

Prezident həmçinin müqavilə əsaslı ordu modelinə keçid məsələsinə toxunub. Onun sözlərinə görə, əgər Ukrayna səfərbərlik modelindən müqaviləli xidmətə keçərsə, bu, əlavə maliyyə resursları tələb edəcək.

Zelenski bildirib ki, Rusiya müqaviləli hərbçilərə ödəniş edir və Ukrayna da oxşar sistem qurmaq istəyir, lakin bunun üçün kifayət qədər vəsait yoxdur. Onun fikrincə, bu istiqamətdə Avropa maliyyə dəstəyi göstərə bilər.

Eyni müsahibədə Zelenski ABŞ prezidenti Donald Trump ilə təmaslarına da toxunub və bəzi məsələlərdə onunla daha çox əlaqə saxladığını qeyd edib.

Prezident əlavə edib ki, həm ABŞ, həm də Rusiya tərəfi Kiyevə müharibənin tezliklə başa çatması üçün Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxmasının vacibliyini bildirir. Bununla belə, rəsmi Kiyevin mövqeyi dəyişməz olaraq qalır.

Chosen
3
veteninfo.az

1Sources