EN

Bu gün Anatoli Banişevskinin anadan olmasının 80 illiyi tamam olur

Fevralın 23-də sovet və Azərbaycan futbolçusu Anatoli Banişevskinin anadan olmasının 80 illiyi tamam olacaq. Hücumçu bütün karyerasını Bakının "Neftçi" klubunda keçirib və Azərbaycan futbolu tarixində ən əhəmiyyətli oyunçulardan biridir.

Oxuməni.az xəbər verir ki, A.Banişevski 1946-cı ildə Bakıda anadan olub. Artıq 16 yaşında "Neftçi"də debüt edib və tez bir zamanda komandanın əsas heyətində möhkəmlənib. Gənc oyunçu dərhal mütəxəssislərin və azarkeşlərin diqqətini cəlb edib.

A.Banişevski bütün ömrünü Bakıda yaşayıb, 1963-1973-cü və 1975-1978-ci illərdə "Neftçi"də çıxış edib. Bu müddət ərzində 318 oyun keçirib və 136 qol vurub. 1966-cı ildə komanda SSRİ çempionatının bürünc medallarını qazanıb ki, bu da klubun sovet dövründə ən yüksək nailiyyəti olub.

Rusiya və Ukrayna klublarından dəfələrlə təkliflər almasına baxmayaraq, Anatoli Bakını tərk etmək istəməyib. "Neftçi"dəki parlaq çıxışı nəticəsində o, 4 iyul 1965-ci ildə Braziliya yığması ilə yoldaşlıq oyununda SSRİ yığmasının heyətində debüt edib. Məşhur hücumçu Sovet İttifaqı yığması ilə 1972-ci ildə Belçikada keçirilən Avropa çempionatının gümüş medalını qazanıb. 1965-1972-ci illərdə SSRİ yığmasının heyətində 50 oyun keçirib və 20 qol vurub.

A.Banişevskinin oyunçu karyerasını başa vurduqdan sonra məşqçilik yolu çətin olub. Moskvada Ali Məşqçilər Məktəbini bitirdikdən sonra doğma "Neftçi"də və Mingəçevirin "Avtomobilçi" regional klubunda işləyib. Bioqrafiyasının xüsusi səhifəsi 1980-ci illərin sonunda Afrikaya ezamiyyət olub: A.Banişevski Burkina-Fasoya gedərək ölkənin gənclər yığmasına rəhbərlik edib. Bu dövr təkcə peşəkar çətinliklərlə deyil, həm də onun sağlamlığına mənfi təsir göstərən ağır məişət şəraiti ilə yadda qalıb. Qayıtdıqdan və Gəncənin "Kəpəz"ində qısa müddət işlədikdən sonra diabetin ağırlaşmaları səbəbindən onun aktiv məşqçilik fəaliyyətini davam etdirmək imkanını əlindən alıb.

1996-cı ildə Prezident Heydər Əliyevin fərmanı ilə A.Banişevski Azərbaycanın ən yüksək mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilib.

O, 10 dekabr 1997-ci ildə Bakıda 51 yaşında vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn edilib.

Neftçi klubunun mətbuat xidmətindən verilən məlumata görə, bu gün Azərbaycan futbolunun əfsanəsinin xatirəsini əbədiləçdirmək məqsədi ilə "Neftçi"nin ev oyunlarını keçirdiyi "Palms Sports Arena"nın ən böyük “Cənub” tribunasına Anatoli Banişevskinin adı verililib.

Almaz Həsənli

Chosen
16
oxumeni.az

1Sources