EN

Uşaq ölümü peyvənd narahatlığını gündəmə gətirdi

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Son illər peyvəndlərlə bağlı valideynlər arasında tərəddüdlərin artdığı müşahidə olunur.

Sosial şəbəkələrdə peyvəndlə bağlı yayılan müxtəlif iddialar cəmiyyətdə narahatlıq yaradıb.

Həkimlər peyvəndlərin yoluxucu xəstəliklərin qarşısının alınmasında mühüm rol oynadığını vurğulasalar da, bəzi valideynlər qərar verməkdə çətinlik çəkir.

Goranboy rayonunun Yuxarı Ballıqaya kəndində baş verən hadisə narahatlığı daha da artırıb.Fevralın 20-də kənd tibb məntəqəsində 2025-ci il təvəllüdlü azyaşlıya yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. Səhəri gün – fevralın 21-də isə körpənin vəfat etdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri hazırda araşdırılır.

Bu hadisə valideynlər arasında onsuz da mövcud olan çaşqılıqları daha da dərinləşdirib və peyvəndlərlə bağlı inam məsələsini yenidən gündəmə gətirir. 

Bəs peyvənd hansı hallarda ölümə səbəb ola bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında pediatr Şəlalə Poluxova bildirib ki, peyvənd mövzusu cəmiyyətdə birmənalı qarşılanmayan, daim müzakirə olunan məsələlərdəndir:

“Hər hansı ölüm hadisəsi baş verdikdə səbəbini yalnız rəsmi tibbi ekspertiza və araşdırmanın nəticəsi əsasında müəyyən edilə biləcəyini unutmamalıyıq. İlkin məlumatlara baxaraq və onlara əsaslanaraq peyvəndin birbaşa səbəb olduğunu demək tibbi baxımdan düzgün deyil.

Peyvəndlər uzun illərdir ki, dünya praktikasında tətbiq olunur və onların təhlükəsizliyi Ümumdünya Səhiyyə Təşkilatı kimi beynəlxalq qurumlar tərəfindən mütəmadi monitorinq edilir. 

Ciddi allergik reaksiyalar, o cümlədən anafilaktik şok kimi hallar çox nadir hallarda baş verə bilər. Belə reaksiyalar adətən peyvənddən sonrakı ilk bir neçə dəqiqə və ya bir neçə saat ərzində özünü göstərir.

Buna görə də peyvəndlər tibb məntəqələrində ciddi müşahidə altında aparılır. Qeyd etmək lazımdır ki, uşaqlar peyvənd olunmazdan əvvəl pediatr tərəfindən ümumi sağlamlıq vəziyyəti qiymətləndirilməlidir.

Allergik reaksiya, ağır allergiya ilə bağlı problem, ümumi sistem xəstəlikləri olub-olmaması dəqiqləşdirilməlidir. Ciddi immun zəifliyi olan xəstələrdə bu məqam xüsusi nəzərə alınır”.

Onun sözlərinə görə, bəzi hallarda orta və ya ağır kəskin xəstəlik zamanı peyvənd müvəqqəti olaraq təxirə salına bilər:

“Lakin yüngül respirator infeksiyalar, burun axması və ya simptomsuz hallar əksər hallarda peyvənd üçün maneə sayılmır. Ümumilikdə peyvənd üçün əks göstərişlər çox azdır.

Əsl tibbi əks göstərişlərdən biri əvvəlki dozaya qarşı ciddi allergik reaksiya  nəfəsalmada çətinlik, şiddətli səpkilər və s. müşahidə olunmasıdır. Belə hal daha əvvəl baş veribsə, vaksini təkrar vurmaq təhlükəli ola bilər.

Digər vacib məqam çox ağır immun çatışmazlığı olan xəstələrdə bəzi zəiflədilmiş vaksinlərin tətbiqi ilə bağlıdır. Belə hallarda peyvənd ya ləğv edilir, ya da dəyişdirilmiş planla aparılır.

Bununla yanaşı, qısa müddətli və ciddi olmayan bəzi hallarda peyvənd tam qadağan edilmir, sadəcə müvəqqəti təxirə salınır. Uşaqda qızdırma və ya ümumi vəziyyət pozğunluğu varsa, sağlamlıq yaxşılaşana qədər gözləmək tövsiyə olunur.

Əvvəlki dozada yüngül reaksiya baş veribsə, həkim yenidən qiymətləndirmə apararaq növbəti dozanın vaxtını planlaşdıra bilər”.

Pediatr qeyd edib ki, peyvənddən əvvəl bəzi suallara mütləq cavab tapılmalıdır:

“Uşağın aktiv xəstəliyi varsa, əvvəlcə müalicə olunmalı, sonra vaksinasiya aparılmalıdır. Ailədə və ya uşağın özündə allergik reaksiya halları olubsa, bu məqam diqqətlə araşdırılmalıdır.

Bəzi ciddi xəstəliklər zamanı immunosupressiv müalicə alan uşaqlarda peyvənd məsələsi ayrıca qiymətləndirilməlidir. Peyvəndin başlanma yaşı, doza intervalı və tətbiq qaydası mütləq şəkildə mövcud standartlara və peyvənd cədvəlinə uyğun aparılmalıdır.

Valideynlərə tövsiyə olunur ki, yalnız rəsmi tibbi məlumatlara əsaslansınlar və fərdi halları ümumiləşdirərək peyvənddən imtina qərarı verməsinlər”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

peyvənd Şəlalə Poluxova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
cebheinfo.az

2Sources