Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, bu gün Ağdərə rayonunun dörd yaşayış məntəqəsinə, ümumilikdə 293 nəfərdən ibarət 63 ailə qayıdıb. Bu mərhələdə Çıldıran kəndinə 46 nəfər (10 ailə), Çapar kəndinə 22 nəfər (7 ailə), Aşağı Oratağ kəndinə 141 nəfər (29 ailə), Heyvalı kəndinə isə 84 nəfər (17 ailə) köçürülüb.
Ağdərədə mənzillərin açarlarının təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, rayon ərazisində genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir. Fərdi yaşayış evləri əsaslı şəkildə bərpa olunur, yeni sosial obyektlər inşa edilir, təhsil və səhiyyə müəssisələri yenidən qurulur, kəndlərdə müasir kommunal infrastruktur yaradılır. S.Qəhrəmanov onu da vurğulayıb ki, sosial infrastrukturun tam yenilənməsi sakinlərin rahat, təhlükəsiz və layiqli yaşayışının təmin olunmasına xidmət edir. Eyni zamanda, doğma torpaqlarına qayıdan vətəndaşların məşğulluq məsələləri də daim diqqət mərkəzində saxlanılır, ehtiyacı olan ailələrin dövlət və özəl sektor üzrə işlə təminatı istiqamətində müvafiq tədbirlər görülür.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Bildirilib ki, bu gün Ağdərədə başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
AzVision.az