EN

Xocalı Soyqırımı: Tarix, qəhrəmanlıq və bərpa prosesləri



1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımızın yaddaşına ən faciəli və qanlı hadisələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımı baş vermişdir. Həmin gecə Ermənistan silahlı birləşmələri beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə silahlı hücum həyata keçirmişdir.

Şəhər mühasirəyə alınmış, dinc və silahsız əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirilmiş, mülki şəxslər xüsusi amansızlıqla qətlə yetirilmişdir. Xocalını tərk etməyə çalışan əhali pusquya düşmüş, Naxçıvanlı və Pircamal kəndləri istiqamətində hərəkət edən insanlar atəşə tutulmuş, bir qismi qətlə yetirilmiş, digərləri isə əsir götürülmüşdür. Şəhərdə qalan təxminən 2.500 nəfər, əsasən qadın və uşaqlardan ibarət sakinlər, azərbaycanlıların nəzarətində olan əraziyə çatmağa çalışmış, lakin ağır qış şəraiti və təqib nəticəsində bir qismi donvurma səbəbindən həyatını itirmişdir.

Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilmişdir ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl şəxslər olmuşdur. Faciənin sosial-demoqrafik nəticələri aşağıdakı kimi olmuşdur:
• 8 ailə bütövlükdə məhv edilmişdir;
• 56 nəfər xüsusi amansızlıqla – diri-diri yandırılmaq, baş dərisinin soyulması, başın kəsilməsi, gözlərin çıxarılması, hamilə qadınların isə süngü zərbəsi ilə qətlə yetirilməsi kimi vəhşiliklərlə öldürülmüşdür;
• 27 ailədən yalnız bir nəfər sağ qalmışdır;
• 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir;
• 230 ailə başçısız qalmışdır;
• 487 nəfər əlil olmuşdur, onlardan 76 nəfəri yetkinlik yaşına çatmamışdır;
• 1.275 nəfər əsir götürülmüş, 1.165 nəfər sonradan azad edilmiş, 150 nəfərin taleyi isə naməlum olaraq qalmışdır.

İşğal nəticəsində Xocalı şəhəri tamamilə dağıdılmış, 105 sosial-məişət obyekti, 3.200 fərdi yaşayış evi, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və 1 tarix-diyarşünaslıq muzeyi yerlə-yeksan edilmişdir. XIV–XV əsrə aid türbələr, günbəzlər və qədim məzarlar dağıdılmış, qəbiristanlıq vandallara xas üsullarla təhqir edilmişdir.

“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – fikrini səsləndirən Heydər Əliyev Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm təşəbbüslə çıxış etmişdir. Onun təşəbbüsü əsasında 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etmiş, 26 fevral tarixi rəsmi şəkildə Xocalı soyqırımı günü elan edilmişdir.

Xocalı soyqırımı ilə bağlı həqiqətlər beynəlxalq aləmdə də tanınmışdır. 18 ölkənin (Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstan, Bolqarıstan) qanunverici orqanları və ABŞ-ın 24 ştatı tərəfindən müvafiq qətnamələr qəbul edilmişdir. 20 noyabr 2012-ci ildə Cibutidə keçirilmiş Islamic Cooperation Organization Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalı cinayətləri soyqırımı kimi tanınmış, 2013-cü il Qahirə İslam Zirvə Konfransında isə üzv dövlətlər Xocalının tanınması üçün zəruri tədbirlər görməyə çağırılmışdır.

2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında qalmış torpaqları azad etmiş, “dəmir yumruq” strategiyası ilə Xocalı faciəsi qurbanlarının da qisasını almışdır. 2023-cü il sentyabrın 19–20-də Xocalı separatçılardan təmizlənmiş, oktyabrın 15-də isə Prezident İlham Əliyev şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq ərazi bütövlüyünü təsdiqləmişdir.

Azərbaycan xalqına qarşı törədilmiş soyqırımın xatirəsini əbədiləşdirmək və beynəlxalq miqyasda tanıtmaq məqsədilə Xocalı Soyqırımı Memorial Kompleksi yaradılmışdır. 2025-ci il fevralın 25-də Prezident İlham Əliyev “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzalamış, 2024-cü il fevralın 26-da isə kompleksin təməlqoyma mərasimi keçirilmişdir.

Xocalı–Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən inşa edilən Memorial Kompleks bir neçə bölmədən ibarət olacaq, burada faciənin xronologiyası, Xocalının tarixi və coğrafi mövqeyi, mülki əhaliyə qarşı törədilən cinayətlər, ziyarətçilər üçün rayonun maketi, şahidlərin hekayələri və sənədli filmlər nümayiş olunacaqdır. Kompleks həmçinin işğaldan azad olunmuş şəhərin bərpası və cinayətkarların məsuliyyətə cəlb olunması barədə məlumatları təqdim edəcəkdir.

2026-cı il yanvarın 19-dək Xocalı şəhəri və rayonun kəndlərinə 881 ailə, yəni 3.602 nəfər köçürülmüşdür:
• Xocalı şəhəri – 114 ailə, 502 nəfər
• Ballıca kəndi – 239 ailə, 1.058 nəfər
• Xanyurdu kəndi – 123 ailə, 431 nəfər
• Təzəbinə kəndi – 139 ailə, 609 nəfər
• Şuşakənd kəndi – 114 ailə, 428 nəfər
• Badara kəndi – 58 ailə, 220 nəfər
• Seyidbəyli kəndi – 59 ailə, 216 nəfər
• Daşbulaq kəndi – 35 ailə, 138 nəfər

Bu göstəricilər Xocalının tədricən bərpası, sakinlərin geri dönməsi və regionun sosial-iqtisadi inkişafı istiqamətində atılan mühüm addımların göstəricisidir.

İsa Səttarov,
Nəsimi rayon gənci,Azərbaycan Texniki Universitetinin I kurs magistr tələbəsi,Yeni Azərbaycan Partiyasının üzvü.



Chosen
15
aia.az

1Sources