Rusiya Prezidenti Vladimir Putin beynəlxalq ictimaiyyəti Ukraynanın məğlubiyyətinin qaçılmaz olduğuna inandırmaq üçün ciddi səylər göstərir. Lakin bu iddialar reallığı əks etdirmir.
KONKRET.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) Rusiya üzrə qrup rəhbəri Corc Barros Foreign Policy nəşrində dərc olunan məqaləsində yazıb.
Barrosun qiymətləndirməsinə görə, Kreml ən böyük uğurlarını döyüş meydanında deyil, informasiya məkanında əldə edib. Onun sözlərinə görə, Rusiyanın qaçılmaz qələbəsi ilə bağlı formalaşdırılan narrativ bir sıra yanlış iddialara əsaslanır:
— Ukrayna cəbhə xəttinin guya dağılmaq üzrə olması;
— Rusiyanın iddia etdiyi bütün əraziləri ələ keçirmək imkanına malik olması;
— Moskvanın müharibəni davam etdirmək üçün qeyri-məhdud insan və maddi resurslara sahib olması;
— Ukraynanın Rusiya ordusu üzərində qələbə qazanmasının mümkünsüzlüyü.
Məqalə müəllifi qeyd edir ki, Kreml İkinci Dünya müharibəsində Qızıl Ordunun nasist Almaniyası üzərində qələbəsinə istinad edərək müasir Rusiya ordusunu “qarşısıalınmaz güc” kimi təqdim etməyə çalışır.
Barros vurğulayır ki, söhbət sadəcə təbliğatdan getmir.
Onun fikrincə, bu, Qərb liderlərinin düşüncəsinə və qərar qəbul etmə prosesinə təsir göstərməyə yönəlmiş sistemli koqnitiv müharibə strategiyasıdır. Məqsəd beynəlxalq auditoriyanı münaqişənin yeganə rasional həllinin Rusiyanın şərtləri ilə razılaşmaq olduğuna inandırmaqdır.
Müşviq Tofiqoğlu
KONKRET.az