EN

Hüquqşünas Müşfiq Abbasov inzibati qaydada həbs olunub

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məsuliyyətə cəlb edilənlərdən biri də hüquqşünas, Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasovdur.

APA xəbər verir ki, onunla bağlı Baş Prokurorluğun təqdimatına bu gün Yasamal rayon məhkəməsində baxılıb.

Məhkəmə Müşfiq Abbasovun 15 gün müddətinə inzibati qaydada həbs olunması barədə qərar verib.

Məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, Baş Prokurorluğun bu gün yaydığı məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi; əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi; insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi ciddi inzibati məsuliyyət yaradır.

Məlumata görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən həyata keçirilən hüquqi tədbirləri çərçivəsində, sözügedən maddənin tələblərini pozaraq mənəviyyatı təhqir edən hərəkətlərə yol vermiş 6 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Aparılan hüquqi icraatın nəticəsi olaraq, aidiyyəti məhkəmələr tərəfindən onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq olunub:

"Göstərilənləri nəzərə alaraq Baş Prokurorluq vətəndaşlarımıza müraciət edərək bir daha bildirir ki, virtual məkan hüquqdan kənar və ya nəzarətsiz bir zona deyildir. Ona görə də vətəndaşlarımızı, xüsusilə sosial şəbəkə istifadəçilərini bu kimi neqativ davranışlardan uzaq durmağa, internet resurslarından istifadə zamanı etik normalara və qanunvericiliyin tələblərinə ciddi riayət etməyə səsləyirik. Unutmayın ki, hər bir kəs rəqəmsal mühitdə etdiyi çağırış və paylaşdığı məzmuna görə qanunla məsuliyyət daşıyır. Milli mənəviyyatımızı hədəf alan hər bir qanunazidd əmələ qarşı bundan sonra da ciddi tədbirlər görüləcək".

Chosen
3
3
apa.az

6Sources